Moskvada azərbaycanlılara qarşı təzyiqlər azalıb

Sevinə Xanızadə: “Artıq əksəriyyət rus üçün Azərbaycan Sovetin köhnə qalığı yox, Avropanın inkişaf edən dövlətləri sırasındadır”

Moskvada yaşayan soydaşımız Sevinə Xanızadə "OLAYLAR"a açıqlamasında bildirib ki, paytaxtda azərbaycanlılara qarşı edilən təzyiqlərin sayı azalıb. S.Xanızadə hesab edir ki, Prezident Vladimir Putinin Azərbaycan səfərinin məsələdə müəyyən rolu var. Son zamanlarda xüsusilə də millətçi qruplaşmaların soydaşlarımıza qarşı təzyiqlərin azaldığını deyən S.Xanızadə qeyd edib ki, rusların da azərbaycanlılara baxış tərzində yumşalma müşahidə edilir: "Mətbuat və televiziyalarda da Azərbaycanla bağlı neqativ xəbərlərə o qədər də yer vermirlər. Lakin müəyyən dairələrin Azərbaycana qarşı qərəzi hələ də hiss olunmaqdadır". S.Xanızadə onu da qeyd edib ki, ermənilərlə müqayisədə ruslar azərbaycanlılara qarşı aqressiv münasibət bəsləmirlər. Soydaşımız bildirdi ki, Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsindən sonra Rusiyada Azərbaycana qarşı müsbət dəyişikliklər hiss olunur. "Artıq əksəriyyət rus üçün Azərbaycan Sovetin köhnə qalığı yox, Avropanın inkişaf edən dövlətləri sırasındadır" - Sevinə Xanızadə deyib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00