Hikmət Hacızadə: “Milli Şura qabağa verməyə namizəd tapa bilmir”

"Milli Şuranın davamlı şəkildə keçirilən sessiyalarında hər hansı müsbət qərarların qəbul edilə bilməməsi Rüstəm İbrahimbəyovun Azərbaycanda olmaması ilə bağlıdır. Qurum buna görə ehtiyat namizədini də müəyyənləşdirə bilmir". Müsavat Partiyasının Divan üzvü, politoloq Hikmət Hacızadə "OLAYLAR"a açıqlamasında belə deyib. H.Hacızadə hesab edir ki, qurumdakı bütün məsələləri R.İbrahimbəyov həll etməlidir. Şura sədri də Azərbaycana gəlmək istəmir. Ona görə də Milli Şurada məsələlər tamamilə dolaşıq düşüb. Politoloqun sözlərinə görə siyasi qurumlar ehtiyat namizəd üçün adam tapa bilmirlər: "Milli Şuranı elə şərtlər altında yaradıblar ki, siyasətçilərin böyük əksəriyyəti orada təmsil olunmaqdan boyun qaçırırlar. Nə Əli Kərimli, nə İsa Qəmbər, nə də ki, digəriləri Milli Şuranın şərtləri ilə razılaşmaq istəmirlər. Qurum başçıları ziyalıları qabağa vermək istəyirlər. Çoxusu çəkilib durub kənarda, qabağa verməyə adam tapmırlar. Ziyalılar isə qabaqda getməkdə maraqlı deyillər. Üzvlər Şuranın böhrana girməsinin əsl səbəbi budur". AXCP və Müsavat Partiyası arasında yaşanan soyuq münasibətlərə münasibət bildirən Hikmət Hacızadə qeyd etdi ki, iki partiya arasındakı gərgin proseslər uzun illərdir ki, davam edir: "Lakin bütün bu gərginliklər səthi xarakterə malikdir. Əsas odur ki, Əli Kərimli və İsa Qəmbər arasında razılaşma var. 20 ildir ki, AXCP və Müsavat arasında gedən müharibənin şahidiyik". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00