“Milli Şuradan tarixi əhvalat kimi danışmaq olar”
Zərdüşt Əlizadə: “Rüstəm İbrahimbəyovun geri qayıtmaması qurumda əsəbləri gərginləşdirir”
22 Avqust 2013 15:22 Siyasət"Milli Şuranın davam edən sessiyalarında müsbət nəticələrin əldə olunmaması müəyyən qüvvələrin pozuculuq işindən qaynaqlanır. Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmaması məsələsi də həmin strukturların maraqlarına uyğun gəlir". Politoloq Zərdüşt Əlizadə "OLAYLAR"a açıqlamasında belə deyib. Z.Əlizadə hesab edir ki, ikili vətəndaşlıq probleminin həll olunmaması da onlar üçün sevindirici haldır. R.İbrahimbəyovun geri qayıtmaması Milli Şurada əsəbləri gərginləşdirir: "Rejissorun ölkəyə qayıtmasının qarşısındakı əngəllərə görə Azərbaycana qayıda bilməməsi qurumun fəaliyyətinə mənfi təsir göstərir. Artıq MŞ dağılmaq mərhələsinə qədəm qoyub. Hesab edirəm ki, Milli Şura tarixi əhvalata çevrilmək üzrədir". ALP, KXCP, ACP və "EL" Hərəkatının Milli Şuranın keçirilən sessiyalarında toplantıları tərk etməsi məsələsinə münasibət bildirən Z.Əlizadə qeyd etdi ki, qurumun fəaliyyətini izləmədiyindən məsələyə şərh verə bilməyəcək. Politoloq Müsavat və AXCP arasında baş verən gərginlikləri də şərh etdi. Z.Əlizadə bildirdi ki, bu iki partiya arasında həmişə gərgin münasibətlər olub: "Həmin münasibətlər bu gün "Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasına da sirayət edib. İki qəzet tez-tez biri-birinin əleyhinə yazılar çap edirlər. Bu da partiyalar arasında olan soyuq münasibətlərin irəli gəlir". ("OLAYLAR İA")