“Frantişek Mikloşko özünün ermənilərin siyasi alətinə çevrilməsinə rəvac verir” - vitse-spiker

"Qarabağ Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Kimlərinsə, bu torpağı xristanlığın məkanı kimi təqdim etməsi tamamilə yanlış hərəkətdir". "OLAYLAR"-ın xəbərinə görə,  bu sözləri yap.org.az saytına Milli Məclisin sədr müavini Bahar Muradova Slovakiya parlamentinin spikeri Frantişek Mikloşkonun fikirlərinə münasibət bildirərkən deyib. Vitse-spiker qeyd edib ki, bir ölkə rəsmisinin belə mövqe ortaya qoyması təəssüf doğurur: "Görünür, bu, Slovakiya rəsmisinin Azərbaycan tarixini bilməməsindən, sadəcə dini təmayüllərə üstünlük verərək dediyi sözlərdir. Qarabağı xristanlığın məkanı olması və digər bu kimi fikirlər səsləndirməklə Frantişek Mikloşko özünün ermənilərin siyasi alətinə çevrilməsinə rəvac verir". Bahar Muradova deyib ki, Slovakiya parlamentinin spikerinin belə fikirləri Qarabağın tarixi, bu günü və gələcəyi ilə bağlı hansısa dəyişiklik vəd etmir: "Frantişek Mikloşko çox yanlış və yerində deyilməmiş fikir söyləyib. Bu, nəinki problemin həllinə kömək etmir, əksinə, ərazi iddiaları, hərbi təcavüzlə müşayiət olunan münaqişəni dini istiqamətə yönəltmək cəhdidir ki, çox zərərlidir. Azərbaycan bütün dinlərin bir məkanda çox azad, səmimi münasibətdə yaşadığı tolerant ölkədir. Azərbaycanın tolerantlığı dünyaya nümunədir. Görünür, müəyyən dairələr bunu görmək istəmir, amma bütün hallarda bu kimi zərərli fikirlər özünə yer tapa bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00