"Qərb Misirdə dünyəvi hökumətin qurulmasında maraqlıdır” - POLİTOLOQ FİKRİ
21 Avqust 2013 17:16 SiyasətMisirdə baş verən son olaylara Qərb nədənsə susqun mövqe nümayiş etdirir. Hadisələrin arxa fonunda Qərbin hansı siyasəti dayana bilər? Bu və digər suallara cavab tapmaq üçün politoloq Elxan Şahinoğlunun münasibətini öyrəndik
-Son zamanlar digər ərəb ölkələrində baş verən olaylarla müqayisədə Misir hadisələrinə Qərb bir o qədər də aktiv reaksiya vermir. Bu nə ilə əlaqədar ola bilər?
-Mursinin devrilməsinə Qərbin susqun mövqe nümayiş etdirməsi çox müəmmalıdır. Dünyanın bir başqa ölkəsində bu hadisələr tüğyan etsəydi Qərb dövlətləri çox kəskin münasibət bildirərək hərbi çevrilişi pisləyərdilər. Mursiyə Qərbdən heç bir dəstək gəlməməsinin bir səbəbi də onun islam yönlü siyasəti ilə də əlaqədardı. Lakin baş verən olaylara Qərbin susqun mövqe nümayiş etdirməsi hadisələrin arxasında onların dayandığını deməyə əsas vermir. Amma vəziyyətin belə olması da müəyyən mənada Qərbin marağına cavab verir. Düzdür, bəzi Qərb dövlətləri daha çox gözləmə mövqeyi nümqayiş etdirir. Amma son zamanlar bu istiqamətdə düşünürəm ki vəziyyət dəyişib, bəzi dövlətlərdə aktivlik gözə çarpır. Ordunun həyata keçirtdiyi "təmizlik" işləri Avropa Birliyində də narazılıq doğurur. Avropa Birliyinin baş verən dəhşətli hadisələrlə əlaqədar Misirə maliyyə yardımı verməyi dayandırıb. Birlik bu addımla xalqa divan tutan Misir hökumətinə mesaj yollayaraq qətliama ara verilməzsə lazım olan köməkliklərdən məhrum ediləcəyini bildirir. Maaliyyə yardımı olmadan ayaqda durmaq isə Misir hökuməti üçün böyük fəlakətdir.
-Mursinin devrilməsi Qərb üçün əsasən hansı maraqlara xidmət edir?
-Onun davamlı olaraq hakimiyyətdə qalması Qərbi narahat edəcəkdi. Mursinin dövründə ölkə tamamilə islamlaşdırıla bilərdi. Bu da Misirin ənənəsinə uyğun deyildi. Hüsnü Mübarək nə qədər avtoritar rejim qursa da ölkədə dünyəvilik qorunur, din dövlətdən ayrı idi. Qərb Misirdə dünyəvi hökumətin qurulmasında maraqlıdır. Ölkəni hazırki durumdan xilas etmək üçün yeni qurulan dünyəvi hökumətə maliyyə dəstəyi vermək niyyətindədir. Əks halda səfil vəziyyətə düşən ölkədə iqtisadi porblemləri həll etmək mümkünsüz olacaq. Qərb yeni seçkilərin keçirilməsini, bu yolla müsəlman qardaşların yox, digər liberal qüvvələrin qələbə qazanmasını istəyir. Misirdə vəziyyəti bərqərar etdikdən sonra Qərb bu ölkəni digər ərəb dövlətlərinə nümunə kimi təqdim etmək niyyətindədir.Qərblə yanaşı müsəlman ölkələri də Mursinin devrilməsində maraqlıdır. Türkiyədən başqa bu gün Mursiyə ciddi dəstək verən yoxdur. Ərəb ölkələri də Mursiyə dəstək vermir. Səudiyyə Ərəbistan da yeni hökumətin yaradılmasının tərəfdarıdır.
-Misirdə ikinci çevrilişin olması digər müsəlman ölkələrinə də pis örnək ola bilər.
-Misirdəki bu toqquşmalar ərəb ölkələri üçün pis örnək ola bilər. Güman edilirdi ki Misirdə yeni hakimiyyətin qurulması ilə vəziyyət yaxşılaşacaq və bu durum digər ölkələrə də nümunə olacaq. Hələ ki əksər müsəlman ölkələrində oxşar hadisələr tüğyan edir. Ərəb baharının ilk olaraq başladığı Tunisdə də xalq hökumətin dəyişilməsini tələb edir. Liviyada da məsələlər tam olaraq aydınlaşmayıb. Suriyada isə vətəndaş müharibəsi gedir.
-Bu ölkədə hansı ölkənin ənənəsi formalaşa bilər?
-Misirdə Əlcəzair variantı - təkrarlana bilər. Vaxtı ilə bu ölkədə "Müsəlaman qardaşları" qələbə qazanmışdı. Daha sonra ordu onları hakimiyyətdən devirdi. "Müsəlman qardaşları" hakimiyyətdə olduqları müddətdə terror hadisələri törədərək 10 minlərlə insanı öldürmüşdü. Eyni vəziyyətin Misirdə də təkrarlanma ehtimalı var. "Müsəlman qardaşları"ndan ayrılan radikal qruplaşmalar silaha və terrora əl ata bilər. Amma bu ölkədə Suriyada baş verən olayların təkrarlanacağını düşünmürəm. Buna Qərb də imkan verməz.
-Ümumiyyətlə, oxşar hadisələrin daha çox müsəlman ölkələrində tüğyan etməsinin arxasında hansı siyasət dayanır? Bunu nə ilə əlaqələndirmək olar...
-Bu müsəlman ölkələrində avtoritar rejimin hökmranlıq etməsi ilə də əlaqədardı. Hüsnü Mübarək devrildikdən sonra ölkənin demokratiya yolunda addımlayacağı proqnoz edildi. 2000 ildir ki demokratiya ənənəsini formalaşdıra bilməyən ölkədə bunu asanlıqla bərqərar etmək çətin olacaq. Düşünürəm ki yaxın 10-15 il ərzində bu cür toqquşmalar davam edəcək. Ərəb dünyasında demokratiyanın bərqərar olunması üçün zaman tələb olunur. Türkiyə ötən əsrin ortalarından etibarən çoxpartiyalı sistemə keçdi. Bu yolu keçmək üçün Türkiyəyə 40-50 il lazım oldu. Görünür, bəzi ərəb ölkələrindən də bu müddət tələb olunur.
-Misir hadisələrinin gedişatını necə proqnozalşdırmaq olar?
-Ərəb dünyası üçün demokratik rejim o qədər də maraqlı deyil. Onlar möhkəm struktur yaradaraq təhlükəsizliyini təmin etmək niyyətindədirlər. Düşünürəm ki, bundan sonra da Misirdə nizam-intizamın yaradılması çətin olacaq. Yeni prezident hakimiyyətə gəldikdən sonra da oxşar hadisələr təkrarlanacaq.