“Minsk qrupu Dağlıq Qarabağa diplomatik səviyyədə yanaşır” - MÜSAHİBƏ

“Minsk qrupunun fəaliyyəti Rusiya-ABŞ münasibətlərindən asılı deyil”

Ankara Universitetinin doktorantı, keçmiş diplomat, politoloq Vurğun Həsənli Rusiya-ABŞ münasibətləri və bunun Minsk qrupunun fəaliyyətinə təsiri barədə fikirlərini "OLAYLAR" İA-ya bildirib.

- Vurğun bəy, Rusiya və ABŞ münasibətlərinin soyuqlaşmasının əsas səbəblərini nədə görürsünüz?

- Əslində ABŞ- Rusiya ikitərəfli münasibətləri uzun müddətdir ki, soyuqluğu ilə seçilir. Burada həm Rusiya-Suriya məsələsində, həm İran məsələsində, həm də Şimali Koreya problemində ABŞ ilə eyni mövqeyi paylaşmır. Son dövrlərdə də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snoudenlə bağlı qalmaqal rus-amerikan münasibətlərinin bu vəziyyətə gəlib çıxmasında son nöqtə olmuşdur. ABŞ Prezidenti Barak Obamanın sərt tonda çıxış etməsi isə yaxın gələcəkdə Rusiya-ABŞ münasibətlərindəki gərginliyin bir az da davam edəcəyini göstərir. Obamanın belə çıxışının əsas səbəblərindən biri ABŞ-ın strateji maraqlarından çıxış etməkdirsə də, digər və mənə görə əsas səbəbi isə ABŞ-ın daxili siyasəti ilə bağlıdır. Çünki son dövrlərdə ABŞ-da insanların Rusiyaya olan narazılıq və kini özünü açıqca büruzə verir. Obamanın bu tərzdə çıxış etməsi də ABŞ daxilindən gələcək güclü tənqid və təzyiqlərin qarşısının alınmasına yönəlmişdir. Yəni Rusiya-ABŞ münasibətləri milli çıxarlarla nə qədər bağlı olsa da, bu ölkədə ictimaiyyətin ABŞ-ın xarici siyasətinə sərgilədiyi mövqeyin də təsiri bir o qədər güclüdür.

- Sizin fikrinizcə, münasibətlərin bu istiqamətdə davam etməsi Minsk qrupunun fəaliyyətinə necə təsir edə bilər?

- Açığı Dağlıq Qarabağ məsələsində ATƏT-in Minsk qrupu əvvəlki kimi fəallıq nümayiş etdirmir ya da etdirə bilmir. Bunun həm Minsk qrupuna üzv ölkələrinin xarici siyasəti ilə bağlı olduğunu iddia edənlər də var, digər təsirlərin olduğunu düşünənlər də. Amma həqiqət ortadadır ki, Minsk qrupunun fəaliyyəti Rusiya-ABŞ ikitərəfli münasibətlərinin necə olmasına bağlı deyil. Burada hər iki dövlətin də indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi səyi ilə qarşılaşmamışıq. Heç olmasa bu dövlətlərdən biri səy göstərərsə, necə deyərlər digər dövlətin də "yola gətirilməsi" üçün addımlar atmaq olar. Amma Minsk qrupunun heç bir üzvünün real və ya konstruktiv təkliflər irəli sürdüyünün şahidi olmamışıq. Ancaq diplomatik cümlələr və axıb gedən zamanlar... Rusiya-ABŞ münasibətlərinin korlanmasının Dağlıq Qarabağa heç bir aidiyyətin ya da təsirinin olacağını düşünmürəm. Rusiya ilə ABŞ münasibətləri nə qədər korlansa da diplomatik səviyyədə əlaqələri davam edəcək. Onsuz da Minsk qrupu Dağlıq Qarabağa həmişə diplomatik səviyyədə yanaşmışdır.

                                                                                     Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00