Ehhhhh!!!

"Milli Şuranın növbəti sessiyasında vahid namizəd məsələsi həllini tapa bilər. Qurum partiyaya vahid ehtiyat namizəd kələfini çözməyə hazırdır. Bu dəfəki sessiya digərilərindən konstruktivliyi ilə fərqlənəcək. Yəni uzun-uzadı müzakirələr, gərgin mübahisələrə lüzum qalmayacaq. Belə ki, ehtimala görə, partiyalar sessiyaya qədər əsas mübahisə doğuran məsələləri həll edərək, toplantıya qatılacaqlar. Ehtiyat namizədin kimliyi də böyük ölçüdə dəqiqləşib. Bu, "El" hərəkatının sədr müavini Cəmil Həsənlidir". Müxalifət mətbuatı belə yazır.

***

Məsələyə münasibətə peşəkar cavab almaq üçün siyasətçilərə müraciət etmək olardı. Gecə saatları olduğu üçün günün bu vaxtında kimisə narahat etmək də etik qaydalara sığmırdı. Maraqlıdır, danışmaq imkanı olsaydı, görəsən müraciət etdiyim siyasət adamları məsələni necə şərh edərdilər? Çox güman ki, həmişə müxalifət barədə sensasion məlumatlarla dolu olan politoloq Cümşüd Nuriyev belə deyərdi: "Milli Şuranın Rusiyanın layihəsi olduğu əvvəlcədən məlum idi. Rüstəm İbrahimbəyov Rusiyanın təhlükəsizlik orqanlarına işləyir". Maraqlı adamdır. Vay vay! Həmişə harasa tələsən millət vəkili Rasim Musabəyov: "Ay səni, yenə qapıda tutdun məni. Tez ol, beş-on dəqiqə vaxtım var". Qeyd edim ki, nədənsə hörmətli millət vəkilinə zəng edəndə harasa getdiyini deyir, yəni ki, bir dəfə də olsun Rasim müəllimi rahat şəkildə danışdıra bilməmişəm. İkinci sualda isə həmişə əsəbləşir. Xülasə! Söylədiyi fikirlərin jurnalist tərəfindən dəyişdirilməsindən ehtiyat edən politoloq Aydın Ağayev: "Nəyi deyirəmsə, onu yaz. Mənə sənin fikirlərin lazım deyil". Hər halda digər sahələrdən fərqli olaraq siyasət daha təhlükəli sahədir. Ona görə el arasında kobud danışan adama "siyasi səhv buraxma" sözünü də əbəs yerə demirlər. Əlqərəz! Hələ də Azərbaycan dilində danışmaqda çətinlik çəkən müsavatçı politoloq Hikmət Hacızadə: "Bilirsiniz, bəzi qüvvələrin şəxsi mövqeləri pis günə qoyub Milli Şuranı. Uje, yaxşı bir şey yoxdur". Qısa danışır, hər dəfə iki cümlə ilə kifayətlənir. Mabədi, AXCP sədri Əli Kərimlinin bir nömrəli düşməni Elman Türkoğlu: "Milli Şurada nə baş verirsə, hamısının arxasında Əli Kərimov və adamları dayanır. Əbülfəz Elçibəyi də o öldürdü. Mən ona Əli Kərimov deyirəm". Dəqiqdir ki, Türkoğlu danışanda hesab edirsən ki, Qəddafini də Əli Kərimli devirib. Bəli!

Şəkillərində zəhmli görünür, sanki danışdıranda dəstəyin içindən çıxan yumruğunu qulağının dibindən bu dəqiqə ilişəcəyini hiss edirsən. Söhbət AVP sədri Fəzail Ağamalıdan gedir. Hörmətli millət vəkili: "Mən məsələyə münasibət bildirə bilmərəm. Yalnız açıqlama verə bilərəm". Heç vaxt Fəzail bəyin bu sözlərini başa düşməmişəm. Nə məsələdirsə... Verdiyi açıqlama ilə jurnalistin çörək pulu qazanmasını hamıdan çox istəyən AXCP sədrinin müavini Nurəddin Məmmədli: "Mən müxalifətin arasına nifaq salan məsələlərə münasibət bildirmirəm". Olmadı ki. Heç üstündən bir dəqiqə də keçmədi. Heyhat! Müxalifətin xarizmatik lideri - Müsavat başqanı İsa Qəmbər: "Sağ olun". Siz də... Xarici ölkələrdə, xüsusilə də Amerikada olmağı hamıdan çox istəyən AXCP sədri Əli Kərimli: "Qonaqlarım var". Xoş qədəm! "Səni axtarıram" Xoşqədəm yox, yəni qədəmləri xoş olsun. Soyadı eyni olan üç prezidentliyə namizəddən biri - politoloq Ərəstun Oruclu: "Mənə Milli Şura ilə bağlı suallar vermə". Əşşi! Məşhur "Rusiya dağılacaq" şüarının müəllifi - politoloq Vəfa Quluzadə: "Rusiya başa düşdü ki, Amerika kimi güclü dövlətə hərbə-zorba gəlmək olmaz. Milli Şura da...". Ehhhh! Müxalifət daxilində İsveçrə kimi neytral köşədə sakitcə dayanan AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu: "Məsələ şübhəlidir". Daşdan səs çıxar ondan yox, Müsavatın Divan üzvü Vurğun Eyyub: "Nooolsun!". O, olub ki, seçkilərə az qalıb. Aha! Telefonda səsi zəif eşidilən politoloq Zərdüşt Əlizadə: "Rüstəm bəy gəlməyəcək, Milli Şura dağılacaq". Düz deyir. Ay ay ay! Verdiyi açıqlama ilə jurnalisti çaşbaş salan AMİP sədrinin beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev: "Milli Şura Rüstəm bəyin gəlməsindən sonra, hə, onu deyirəm də bəzi qüvvələrin səyləri, məsələn keçmiş Sovetlər Birliyində". Zəhmət çəkdiniz, təşəkkür edirəm. Offfff! Saakaşvilidən yerdən göyədək razı qalan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli: "Məsələn qonşu Gürcüstanda Saakaşvili hakimiyyətə gələndə müxalifət...". Bəsdi!!!

***

Bəs, yazı müəllifi?. Məncə, Milli Şuranı təşkil edən partiyalar Qalileyin sözü olmasın, hələ də öz oxları ətrafında fırlanırlar. Sessiyalar 2018-ci ilədək davam edəcək. Gedib yatım.

Ömər Zamin 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00