“Yaxın Şərqdə Türkiyə əleyhinə olan qüvvələr güclənir” - Əli Orucludan açıqlama
“Yaxın Şərqdə baş verən proseslər tamamilə ABŞ və Qərbin lehinə dəyişdiyindən Türkiyə hadisələrə sakit şəkildə oturub tamaşa edə bilmir”
21 Avqust 2013 13:32 Siyasət"Türkiyə-Misir əlaqələrinin qısılma nöqtəsinə çatmasının səbəbi "Müsəlman Qardaşları"nın həbsdə olan lideri, prezident Məhəmməd Mursinin devrilməsidir". AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu Misir-Türkiyə əlaqələrində yaranmış soyuq çalarlara münasibət bildirərkən belə deyib. Əli Oruclu hesab edir ki, Mursi və Ərdoğanın siyasi baxışlarında oxşarlıq var idi. Hər iki lider memorial İslam xəttini dəstəkləyirdi. AMİP rəsmisi qeyd etdi ki, Türkiyədə də Taksim meydanında hökumət əleyhinə müəyyən gərginliklər yaşandı. Bundan sonra Misirdə baş verən hadisələr Ərdoğanı əməlli-başlı narahat etdi: "Ərdoğan fikirləşir ki, Mursinin başına gələn hadisələr nə vaxtsa onun da hakimiyyətinə qarşı ola bilər. Baş nazir hələ də təkidlə Mursinin həbsdən azad olunmasını istəyir və "Müsəlman Qardaşları"na dəstək verməyə çalışır. Ankaranın bu səyləri Misirin müvəqqəti hökumətinin maraqlarını əks etdirmədiyindən Türkiyəni dövlətin daxili işlərinə qarışmaqda ittiham edir. Yaxın Şərqdə baş verən proseslər tamamilə ABŞ və Qərbin lehinə dəyişdiyindən Türkiyə hadisələrə sakit şəkildə oturub tamaşa edə bilmir. Məsələdə əsas mövzu Türkiyənin nüfuzuna zərbə vuracaq qüvvələrin artıq Yaxın Şərqdə möhkəmlənməsidir". ("OLAYLAR İA")