Müxalifət seçkilərə pərakəndə gedir - MÜNASİBƏT
21 Avqust 2013 13:27 Siyasət"Milli Şuranı təşkil edən siyasi qurumlar özlərini avanqard partiyalar kimi qələmə verirlər. Əsasən də Müsavat və AXCP bu mövqedən çıxış edir. Böyük ehtimalla Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmayacağı təqdirdə Milli Şura daxilindəki partiyalar seçkilərə pərakəndə şəkildə gedəcəklər". Politoloq Elşən Manafov "OLAYLAR"a açıqlamasında belə deyib. E.Manafov hesab edir ki, Müsavat Partiyası İsa Qəmbər, ALP Lalə Şövkətlə gedəcək. ACP-nin seçkilərdə Sülhəddin Əkbərin namizədliyilə iştirak edəcəyi istisnadır. AXCP sədri Əli Kərimli isə hələlik R.İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı halda seçkiləri boykot etməyi düşünür. Əli Kərimlinin mövqeyi bundan ibarətdir ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsi üçün münbit demokratik şərait yoxdur. Politoloqun sözlərinə görə, AXCP sədrinin fikirləri sağlam məntiqə zidd olan mövqedir. Əgər yoxdursa, AXCP niyə məhz müxalifətin R.İbrahimbəyovun namizədliyilə seçkilərə getməsini dəstəkləyir? Görünən məsələ ondan ibarətdir ki, rejissorun namizədliyi qeydə alınmayacağı təqdirdə AXCP və Müsavat arasında baş verən gərginlik yüksələn xətt üzrə inkişaf edəcək. 18 avqust mitinqi göstərdi ki, müxalifətin ciddi sosial bazası yoxdur. Bununla da müxalifətin növbəti dəfə məğlub olacağı heç kəsdə şübhə doğurmur. Müxalifət nəyəsə nail olmaq istəyirsə, ilk növbədə simasını tamamilə dəyişməlidir, yeni nəfəs gəlməlidir". ("OLAYLAR İA")