Şahin Sultanovun İran səfəri texniki səbəblərə görə təxirə salınıb
20 Avqust 2013 16:31 Siyasət"Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İran səfəri ləğv edilməyib". İran XİN-in Mətbuat Xidmətinin rəhbəri Seyid Abbas Əraqçı avqustun 20-də Tehranda təşkil etdiyi mətbuat konfransında belə deyib. İran mətbuatının məlumatına görə, Əraqçı Şahin Sultanovun bazar gününə təyin edilmiş İran səfərinin baş tutmaması məsələsinə münasibət bildirərək qeyd edib ki, səfər texniki səbəblərə görə təxirə salınıb və İran tərəfi bunu səfərin tamamilə ləğv edilməsi hesab etmir: "Səfərin təxirə salınmasının əsas səbəbi İranda hökumət və nazirlər kabinetinin yenidən formalaşdırılmasının başa çatmamasıdır. Ümid edirik ki, səfər proseslər başa çatdıqdan sonra reallaşacaq". Əraqçının sözlərinə görə, İran-Azərbaycan əlaqələri hərtərəfli şəkildə inkişaf edir. XİN rəsmisi Azərbaycanı İranın ən yaxın qonşusu və dostu adlandırıb: "Zaman-zaman bu iki dövlət arasında müəyyən məsələlərdə fikir ayrılığı olub. Lakin bu heç vaxt ikitərəfli əlaqələrin soyuqlaşmasına səbəb olmayıb". ("OLAYLAR"İA)