Rüstəm İbrahimbəyov FTB-yə işləyir? - Cümşüd Nuriyevdən açıqlama
“Həmin adamların maliyyə məsələsi həll olundu və Milli Şura oyunu başa çatdı”
20 Avqust 2013 15:57 SiyasətMətbuatda yayılan məlumatlara görə, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün heç bir quruma ərizə ilə müraciət etməyib. Politoloq Cümşüd Nuriyev məsələyə belə şərh verdi: "İbrahimbəyovun belə bir ərizəni yazmaması inandırıcıdır. Milli Şura ideyasının Rusiyanın layihəsi olduğu əvvəlcədən məlum idi. Saakaşvili də bunu təsdiq edəndə müxalifət bir qədər də çətinə düşdü. İndiyədək İbrahimbəyov bütün görüşlərini Moskvada keçirib. Rejissorun Rusiya vətəndaşlığından imtina etmək istəməməsinin səbəbi odur ki, R.İbrahimbəyov Rusiyanın təhlükəsizlik orqanlarının xüsusi şəbəkəsinə aiddir. Bu adamın tez-tez ABŞ-a gedib gəlməsi, orada mənzilinin olması müəyyən şübhələri ortaya qoyur. Ola bilməz ki, Rusiya Kinematoqrafiya İttifaqının sədri, "Oskar" mükafatlı adama bu qədər sərbəstlik verilsin. Rusiyanın təhlükəsizlik orqanları dünyada üçüncü yerdədir. Milli Şura ideyası və "İbrahimbəyov kartı" Azərbaycan hakimiyyətinə təzyiq göstərmək üçün lazım idi. Bu Rusiyanın əsas iqtisadi layihələri idi. Kreml bunlardan istifadə edərək Azərbaycanı Avrasiya İttifaqı və Gömrük Birliyinə qoşmağa çalışır. Azərbaycan isə həmin təşkilatlara üzv olsa heç nə itirməyəcək. Çünki vaxtilə MDB-yə üzv oldu və heç nə baş vermədi. R.İbrahimbəyov da Kremlə həmin layihələr üçün lazım idi, o artıq öz vəzifəsini yerinə yetirib. Cəmiyyətə verilən mesajlardan da açıq şəkildə görünürdü ki, bu adam səmimi deyil. Rusiya İbrahimbəyov vasitəsilə müxalifəti tamamilə iflic elədi. Azərbaycan müxalifəti isə baş verən prosesləri dərk edə bilmədi. Çünki əvvəlcədən də xəbər verilmişdi ki, R.İbrahimbəyov gizli şəkildə Moskvada Putinlə görüşüb. Həmin görüşün də nəticəsi bu olmalı idi. Müxalifət Azərbaycanı pis vəziyyətə salaraq Avrasiya İttifaqı və Gömrük İttifaqına qoşulmaq təhlükəsilə üz-üzə qoydu. Məsələlərdən əsas qazanan şəxs Eldar Namazov oldu. Politoloq maliyyə məsələlərini tamamilə həll elədi. Yanındakılardan bir neçəsinin də probleminin həll edilməsinə kömək göstərdi. Şura üzvlərinin hamısı pul gözləyirdi. Bir müddət əvvəl "Azadlıq" qəzeti maliyyə böhranı ilə üzləşdiyini bildirirdi. Amma nəyə görəsə, son 1 ayda qəzetin yadından çıxıb ki, onun belə bir problemi var. R.İbrahimbəyov müxalifəti elə belə yerə hədələmirdi. Müxaliflərin də onun namizədliyini sonadək dəstəkləməkdə əsas məqsəd maliyyə qoparmaq idi. Həmin adamların maliyyə məsələsi həll olundu və Milli Şura oyunu başa çatdı. 18 avqust mitinqindən sonra bir sıra müxalifət liderinin də fatihəsi verildi. Bundan sonra Milli Şuranın dirildilməsi mümkün deyil". ("OLAYLAR" İA)