Gürcüstanda iki nəfərin prezidentliyə namizədliyi rəsmən qeydə alınıb
20 Avqust 2013 14:25 SiyasətGürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçiriləcək prezident seçkisi üzrə iki nəfərin namizədliyini rəsmən təsdiqləyib. Bunlar Leyborist Partiyasının lideri Şalva Natelaşvili və namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Mixail Saluaşvilidir.
"Media forum" saytı xəbər verir ki, namizədlərinin qeydə alınması üçün MSK-ya müraciət edən seçici subyektlərinin sayı 30-dan çoxdur. Onlardan 3-ü rədd cavabı alıb, 25 qrup isə təşəbbüs qrupu kimi qeydiyyatdan keçib. 4 partiya MSK-dan cavab gözləyir.
Əsas partiyalardan Demokratik Gürcüstan Partiyası Georgi Marqvelaşvilinin, Vahid Milli Hərəkat Partiyası David Bakradzenin, Ədalətli Gürcüstan Uğrunda Partiyası Serqo Cavaxidzenin, Xristian Demokrat Hərəkatı Partiyası Georgi Tarqamadzenin namizədliyini irəli sürüb.
Prezidentliyə namizədlərin irəli sürülməsi prosesi sentyabrın 7-dək davam edəcək.