Milli Şuranın “Yol əhvalatı” - SİYASİ ŞƏRH
20 Avqust 2013 13:54 SiyasətMilli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında qurumun 18 avqustda keçirdiyi ilk mitinqini müsbət qiymətləndirib: "Mitinq yüksək səviyyədə keçdi, müxalif liderlərinin çıxışı xoşuma gəldi. İnsanların əhval-ruhiyyəsi də yaxşı idi və məndə müsbət təəssürat yaratdı". Mitinq adı verilən aksiyada vur-tut 800-900 nəfər adam iştirak etdi. Siyasi nümayişlərdən başı çıxmayan R.İbrahimbəyov üçün 900 yüksək rəqəm hesab olunmalıdır. Ömrünün çox hissəsini çəkiliş meydançalarında keçirən 74 yaşlı rejissor bir dəfə də olsun, heç olmazsa televiziya vasitəsilə Misir, Türkiyə və vətəndaşı olduğu Rusiyada baş verən mitinqlərə göz gəzdirməyib. Siyasətə atılan bir adam ən azından Yaxın Şərqdə baş verən proseslərdən xəbərdar olmalı idi ki, insanları müxalifətin ətrafında birləşdirmək nə deməkdir. Mitinqdən sonra R.İbrahimbəyov özünün yox, Eldar Namazovun sözlərini təkrarladı. İsa Qəmbər və Əli Kərimli də mitinqin izdihamlı keçdiyi barədə rejissoru aldatdılar. Çünki mitinqdə bir dəfə də olsun Milli Şuranı təşkil edən siyasi qurumlar (Müsavat, AXCP, Müsavat, KXCP, ACP, ALP, "EL" Hərəkatı və NİDA) qurumun mövqeyini əks etdirən şüar səsləndirmədilər. Birliklər imkan daxilində rəhbərliyin siyasi məqsədlərini ortaya qoymağa çalışdılar. "R.İbrahimbəyov kartı" ilə xidmət etdiyi qüvvələrin maraqlarının təmin olunmasına çalışan E.Namazov rejissora göstəriş verdi, İbrahimbəyov da həmin sözləri təkrarladı. Təkcə İsa Qəmbər mətbuat və tribuna vasitəsilə "EL" sədrinə fil qulağında yatmadığını dedi və yalnız R.İbrahimbəyovu Azərbaycana qayıdana kimi dəstəkləyəcəyini qətiyyətlə bildirdi. İsa Qəmbərin sözlərindən küsən E.Namazov mitinqin qurtarmasına xeyli qalmış 20-ci sahəni tərk elədi. R.İbrahimbəyov bu azmış kimi müxalifət liderlərinin çıxışından razı qaldığını ifadə etdi. Əgər rejissor Əli Kərimli, İsa Qəmbər, Sülhəddin Əkbər və Eldar Namazovun çıxışlarına diqqətlə qulaq assaydı, onların tribunadan şəxsi ambisiyalarına sadiq qaldığını görməmiş olmazdı. Siyasi proseslərdə hələ də yetkinlik yaşında olmayan R.İbrahimbəyovu aldadan məsələ müxalifət liderlərinin tez-tez onun adını çəkməsi idi. Bax, gözünün qabağında baş verən hadisələrdən başı çıxmayan və hər şeyə kor-koranə inanan R.İbrahimbəyov həqiqətən də siyasətçi deyil. Bildiyimə görə, mədəniyyət xadimləri və sözlə işləyən bütün insanların qəlbi kövrək və saf olur. Hər şeyə tez inanırlar.
***
Müsavat Partiyasının qərargahında Milli Şurasının növbəti sessiyası keçirildi. Toplantıda Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin sonadək dəstəklənməsi qəbul edilib. Eyni zamanda seçki prosesinə qatılan Milli Şura üzvləri bir sıra öhdəlikləri də qəbul ediblər. Məsələn, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınacağı təqdirdə öz namizədliyini geri götürmək, seçki kampansiyasında Milli Şuranın 7 iyul 2013-cü il tarixində qəbul etdiyi Təsis Bəyannaməsində və digər sənədlərdə ifadə olunmuş müddəaları əsas platforma kimi qəbul etmək, səsvermə gününə az müddət qalmış, qanunun tələbləri nəzərə alınmaqla irəli sürülən digər namizədlər və Milli Şura ilə razılaşmalar arasında 2 iyul 2013-cü il tarixli memorandumda əks olunmuş öhdəliklərlə razılaşan ən şanslı namizədin xeyrinə öz namidəliyini geri götürmək. Bununla faktiki olaraq vahid namizədlə bağlı qurumda təmsil olunanların mövqeyi haçalandı. Çünki Milli Şuraya üzv olan AXCP yeni namizədin müəyyən edilməsinə tərəfdardır, Müsavat və KXCP seçkilərdə öz namizədilə iştirak etməyə hazırlaşır, "EL" Hərəkatı və ACP isə Rüstəm İbrahimbəyovun dəstəklənməsində təkid edir. Siyasi partiyaların Milli Şura qarşısında üzərinə götürdüyü öhdəliklərdən sonra deməyə tam əsas verir ki, şura seçkiyə birlik şəklində gedə bilməyəcək.
***
Milli Şuranın ictimai əlaqələr komissiyasının sədri Mehman Əliyev isə mətbuata açıqlamasında bildirib ki, qurumun vahid namizədi olmaq istəmir. Hesab etmək olar ki, kimsə Milli Şura daxilində M.Əliyevlə zarafat etmək həvəsinə düşərək ona namizədliyini irəli verməsi təklifini irəli sürüb. Məsələni birlik daxilində qloballaşdırmaq üçün tez-tez qurumun təşkil etdiyi toplantılarda adını hallandırıb. Ümumiyyətlə M.Əliyevin namizədliyinin gündəmə gətirilməsi tragi-komik hadisədir. Tutaq ki, R.İbrahimbəyovun tez-tez mediada adının hallandırılmasından sonra müəyyən qisim tərəfindən tanındı. Bəs, Mehman Əliyevi kim tanıyır? Maraqlıdır, bir namizəd məsələsini həll edə bilmirlər, sonra da bir qurum yaradıb adını da qoyurlar "Demokratik Qüvvələrin Milli Şurası". Milli Şura demişkən "Yol əhvalatı" filmində alverçi Qurbanın monoloqu yadıma düşdü. Yoldaşlarının "maşennik" olmasından narazı olan alverçi etirazını bu şəkildə bildirir: "Mənim sizi buraya yığmaqda məqsədim odur ki, sizinlə işləmək çox çətindir. Nə qədər bu Makentoşa demək olar ki, ayyy, ooo...ğğull, bu xırda-xuruş alverdən əl çək. Nə görmüsən, bu xırda xuruş cır-cındırda? Naski naskiderjatel, nə bilim qalutsuk, qalustukderjatel...ədə, nəyinə lazımdır, axı? Ədə, bu mənə fransuzski qalustukun yerinə ərəbski qalustuk itələyib. Evə gələndə qızım mənə deyir ki, papa, bu yarlıq bura əlnən tikilib ki? Akzvjtsa bu heç ərəbski də deyil".
Ömər Zamin