Seçkilərin ilkin mərhələsi normal məcrada gedir - FİKİR
Rufiz Qonaqov: “Bizim müşahidələrimizə görə, bu proses çox normal bir vəziyyətdə davam edir”
20 Avqust 2013 13:24 SiyasətArtıq ölkədə prezident seçkilərinə rəsmi start verilib. Bu günə qədər ondan artıq şəxs öz namizədliyini irəli sürərək Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Bəzi namizədlər isə hətta imzatoplama kampaniyasını da başa vurmaq üzrədir. İlkin müşahidələr ölkədə seçkiqabağı mühitin normal olduğu, bütün namizədlər üçün bərabər imkanların yaradıldığı təəssüratını yaradır. Bəs görəsən bilavasitə seçkiöncəsi vəziyyəti dəyərləndirən və bu prosesin monitorinqini həyata keçirən qeyri-hökumət təşkilatlarının qənaəti necədir? Bununla bağlı Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqova müraciət etdik. Avqustun 9-dan seçki prosesinə rəsmi start verildiyini deyən Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov bildirib ki, bu proses inkişaf edən templə davam edir: "Bu gün artıq prezidentliyə namizədlərin irəli sürülməsi prosesi gedir. Bizim müşahidələrimizə görə, bu proses çox normal bir vəziyyətdə davam edir. Çünki həm müstəqil, həm də siyasi partiyaları təmsil edən şəxslər sərbəst şəkildə prezidentliyə namizədliklərini irəli sürə bilirlər. Bizdə olan məlumata görə, ondan artıq prezidentliyə namizəd öz sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Təqribən bir o qədər də namizədin sənədləri MSK tərəfindən təsdiq olunub. İndiyə qədər hər hansı bir namizədin hansısa problemlə üzləşməsi barədə fakt qeydə alınmayıb. Ümumiyyətlə, hər hansı bir namizəd belə bir halın olması barədə mətbuata açıqlama verməyib. Bütün bunlar isə onu deməyə əsas verir ki, prezident seçkilərinin ilkin mərhələsi çox normal məcrada gedir". Alyans həmsədrinin sözlərinə görə, bundan sonra da seçki prosesinin namizədlərin qeydə alınması mərhələsində hər hansı problem meydana çıxmayacaq: "Əgər prezidentliyə namizədliyini irəli sürən şəxsin sənədləri qaydasındadırsa və imzalar zamanında təqdim olunarsa hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası heç bir namizədə maneə yaratmayacaq və həmin şəxslər prezidentliyə namizəd kimi qeydə alınacaqlar" .Rufiz Qonaqov bildirib ki, təmsil etdiyi qurum bundan sonra da seçki prosesinin monitorinqlərini həyata keçirəcək: "Ümumiyyətlə, Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı olaraq biz növbəti monitərinqlərə başlamışıq. Belə ki, avqustun 20-dən etibarən Alyans olaraq respublikanın Gəncəbasar bölgəsində səfərdəyik və monitorinqlərimiz başlayıb. Bu proses seçki müddətində ümumilikdə ölkənin 85 rayonunu əhatə edəcək. Mütəmadi şəkildə hər bölgədə apardığımız monitorinqlərin nəticələrini ictimaiyyətə və kütləvi informasiya vasitələrinə açıqlayacağıq". Alyans həmsədri deyib ki, bu dəfəki monitorinqlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir: "QHT Əməkdaşlıq Alyansı bütün Azərbaycan üzrə ümumilikdə prezident seçkilərinin monitorinqini həyata keçirir. Çox güman ki, seçki günü biz "exit-poll"da həyata keçirəcəyik". Rufiz Qonaqov Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının apardığı monitorinqlər barədə qurumun əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara da məlumat verildiyini diqqətə çatdırıb və qeyd edib ki, həmin təşkilatlar da öz növbəsində bunu müsbət qarşılayırlar: "Ümumiyyətlə, biz QHT Əməkdaşlıq Alyansı olaraq bütün beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bütün ölkələrin səfirlikləri ilə əməkdaşlıq edirik. Ona görə də Alyans olaraq prezident seçkilərinin gedişi haqqında apardığımız monitorinqlərin nəticələrini ictimaiyyət, kütləvi informasiya vasitələri və beynəlxalq təşkilatlara göndərəcəyik. Biz bütün kütləvi informasiya vasitələrinə də müraciət edirik ki, bizim monitorinqlərdə iştirak etsinlər". Rufiz Qonaqov onu da bildirib ki, avqustun 21-də Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı Gəncə şəhərində prezident seçkilərinə həsr olunmuş geniş toplantı keçirəcək: "Toplantı regional xarakter daşıyacaq və Gəncə-Qazax zonasının bütün ictimai fəalları orada toplanacaq"
Süleyman İsmayılbəyli