AXCP Milli Şuraya dərs verdi
İbrahimbəyovun balanslaşdırma siyasəti Əli Kərimlini narazı salıb
20 Avqust 2013 12:48 SiyasətMilli Şuranın ilk aksiyası o qədər də uğurlu olmadı. Mitinqin aparıcısı İbrahim İbrahimli, AXCP funksionerləri sayı şişirtsələr də, obyektiv müşahidəçilər aksiyada bir neçə min adamın iştirak etdiyini bildirirlər. Aksiyada iştirakçıların sayı o qədər də önəmli deyil. Bu yazıda əsas vurğu aksiyanın təşkilatçılığındakı qüsurlar və səhlənkarlıqdır. "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu yazıb ki, aksiyaya ən çox adam çıxaran Müsavat olub. İkinci yerdə AXCP-dir. Amma cəbhəçilərin sayı az imiş. ACP 12, El hərəkatı isə 32 nəfərlə təmsil olunub. ACP və El hərəkatının gücü onsuz da zəifdi, bunu ictimaiyyət də bilir. Sual budur ki, AXCP niyə az adam çıxarıb? Axı Milli Şura AXCP-nin istəyi və israrı ilə yaradılmışdı. Ötən aylarda Milli Şuranın uğur qazanmasına daha çox AXCP canfəşanlıq edirdi. Məntiqlə AXCP 19 avqust aksiyasının daha güclü alınmasına çalışmalı idi. Amma bunun əksini etdi. Mitinqdən həmən sonra AXCP yetkililərindən birinin MŞ-ı dəstəkləməyən ADP-nin funksionerinə az qala sevincək "az adam çıxmışdı" söyləməsi, heç bir aksiyanı buraxmayan rayon cəbhəçilərindən çoxunun mitinqə gəlməmələri müəyyən şübhələrə yol açır. Belə görünür ki, AXCP bu aksiyanın zəif keçməsində maraqlı olub. Siyasi ekspertlərin fikrincə, AXCP bununla bir müddət öncə, "mən gəlməsəm, Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyə bilərik" bəyanatı ilə çıxış etmiş Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyova dərs vermək istəyib. Xatırladaq ki, İbrahimbəyov-Eldar Namazov duetinin AXCP-yə sıcaq yanaşması Müsavatda narazılıq yaratmış, birincilər bu səbəbdən siyasi açıqlamalarına korrektə etmək zorunda qalmışdılar. İbrahimbəyovun yuxarıda sözügedən bəyanatı da bu zərurətdən irəli gəlmişdi. Amma bu bəyanat da tərəzinin gözünü əyib. Bu dəfə AXCP narazı qalıb. Əslində AXCP-nin inciməyə haqqı da var. Çünki bu günə qədər Milli Şuranı də İbrahimbəyovu daha ardıcıl və prinsipial şəkildə AXCP müdafiə etmişdi, Müsavat isə gözdən salmağa çalışmışdı. Məntiqlə İbrahimbəyov AXCP-dən daha möhkəm yapışmalı, Müsavatı itirmək bahasına olsa belə, bu kursu aparmalı idi. AXCP-yə Milli Şura Müsavatı və İsa Qəmbəri sıxışdırmaq üçün lazım idi. Seçkidən sonra AXCP Milli Şuranın bazasında özünə blok yaradacaq və siyasətdə müvəqqəti olduğunu gizlətməyən İbrahimbəyovdan dəstək alacaqdı. MŞ sədrinin Namazovun diktəsi ilə balanslaşdırma siyasətinə başlaması AXCP-ni möhkəm incik salıb. Son aksiyaya adam çıxarmamaqla AXCP MŞ sədrinə "sənin elektoratın cəbhəçilərdi, biz olmasaq, kimsə səni dəstəkləməz" mesajını verdi. Keçən həftə AXCP Ali Məclisinin "Əli Kərimli prezidentliyə namizəd ola bilər" mesajı da təsadüfi deyildi.
Maraqlı nüanslardan biri də Müsavatın aksiyada fəallıq etməsi oldu. Görünür, müsavatçılar Milli Şuranın dağılma ərəfəsində olduğunu bilir, seçkiyə hazırlaşan İsa Qəmbərin seçki blokunu qurumun bazasında yaratmağı planlayır. Böyük ehtimalla, elə belə də olacaq. MŞ-ın vahid namizədi seçkiyə qatıla bilməyincə, qurum boykot qərarı çıxaracaq, Müsavat isə seçkilərə qatılacaq.
Ərhun Abbas