Xalq dağıdıcı müxalifəti dəstəkləmir
Son mitinq göstərdi ki, Milli Şura daxilində kəskin ziddiyyətlər var
19 Avqust 2013 16:20 Siyasət18 avqustdan qabaq müxaliflər mətbuat və sosial şəbəkələrdə mitinqdə 20 min nəfərin iştirak edəcəyini bildirirdilər. 20-ci Sahədə keçirilən mitinqdə isə gözlənilənlərin əksinə olaraq güclə 800-900 nəfər gələ bildi. Bununla Milli Şura sübut etdi ki, müxalifətin deyildiyi kimi nə sosial bazası nə də ki, elektoratı yoxdur. Mitinq göstərdi ki, "Milli Şura"da ailə müxalifəti təmsil olunur. Çünki mitinqlərdə iştirak edənlərin hamısı şuranı təmsil edən siyasi partiyaların üzvləri idi. Nümayişçilərin əksəriyyəti səsləndirdiyi şüarlarda öz partiyasının mövqeyindən çıxış edtilər. Ona qədər dağıdıcı və radikal müxalifət kimi təbliğ edilən Milli Şura əslində sabun köpüyü olduğunu bildirdi. Tribunadan şəxsi ambisiyalarını nümayiş etdirən müxalifət liderləri aralarında dərin uçurumun olduğunu çılpaqlığı ilə nümayiş etdirdilər. Xüsusilə də müxalifətin ana partiyaları hesab edilən AXCP və Müsavat bir hədəf vura bilmədiklərini İsa Qəmbər və Əli Kərimlinin simasında sərgilədilər. Partiyalar arasındakı konfliktlər əllərində təmsil etdikləri plakatları daşıyan tərəfdarlarına da yansımışdı. Cəbhəçilər Əli Kərimlini, müsavatçılar İsa Qəmbəri alqışlayır və çıxışların əks istiqamətində susurdular. 18 avqust aksiyası Milli Şuranın cəmiyyət tərəfindən dəstəklənmədiyinin aynası oldu. İnsanları ətrafına toplaya bilməyən Milli Şura 20 ildən sonra - 2013-cü ilin seçkilərində də müxalifətin Azərbaycan iqtidarına alternativ ola bilməyəcəyini nümayiş etdirdi. Xalq Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kursu dəstəkləyir və ona sadiqliyini göstərir. 18 avqust mitinqi isə "Milli Şura" ideyasının, bu qurumun, orada cəmləşən dağıdıcı müxalifətin tam iflası, fiaskosu oldu.
***
Mitinq başlayandan sonadək nümayişin təhlükəsizliyini təmin edən hüquq mühafizə orqanları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər və hadisələrin gedişatına heç bir müdaxilə etmədilər. Media nümayəndələri sərbəst şəkildə informasiya toplamaq və yaymaq imkanlarından yararlandılar. İştirakçıların az olması isə Milli Şura liderlərini məyus etdi. İsa Qəmbərin zorən nikbin çıxış belə bu bədbinliyi aradan qaldıra bilmədi. Mitinqin sonunda Əli Kərimli boş meydana üz tutaraq tələsik nitqini yekunlaşdırmaq məcburiyyətində qaldı. Ona qədər çıxış edən partiya rəhbərləri pərakəndə şəkildə toplaşmış, avqust Günəşinin yandırıcı qaynarlığında daldanacaq axtaran insanlara xitab edərək danışmışdılar. Mitinqdə Rüstəm İbrahimbəyovun şəkli əks olunmuş plakatın altında "Hər kəsin haqqı özünə qaytarılacaq" şüarı yazılmışdı. Maraqlıdır ki, Rüstəm İbrahimbəyov sırf sədri olduğu Kinematoqrafiya İttifaqına qarşı açılan cinayət işinə görə Azərbaycana gəlməkdən boyun qaçırır. Milli Şuranın dediyi haqqı qaytarmaq üçün əvvəlcə gəlmək lazımdır. Milli Şuranın mitinqində əsasən AXCP-nin bayraqları görünüb, Müsavatın bayraqları isə çox az nəzərə çarpıb. Müsavat üzvlərinin azlığı mitinq iştirakçılarının da narazılığına səbəb olub. Onlar Müsavatı zəiflikdə, İsa Qəmbəri isə mitinqi sabotaj etməkdə günahlandırıblar. Lakin müsavatçılar sosial şəbəkələrdə mitinqin 70%-nin partiya tərəfdarları olduğunu iddia edirlər. Mitinqdən sonra çoxluq üstündə partiyalar arasında qabaran soyuq münasibətlər müxalifətin 20 illik ənənəsini ortaya qoydu və bir daha bildirdi ki, müxaliflər üçün nəyin əsas olduğu o qədər də əhəmiyyətli deyil. Hətta, mitinqdə Müsavat funksioneri İbrahim İbrahimlinin AXCP sədri Ə.Kərimlini uzun-uzadı vəsf etməsi müsavatçıların narazılığına səbəb oldu. İ.Qəmbərin bununla əlaqədar İ.İbrahimliyə öz iradını bildirdiyi deyilir. Yəqin İ.İbrahimli aparıcı qonorarını Əli Kərimlidən alıb. Müxalifət qəzetlərinin və saytlarının mitinq haqqında xəbərlərini oxuyanda belə təsəvvür yaranır ki, AXCP ilə Müsavat ayrı-ayrı aksiyalarda iştirak ediblər.
***
Mitinqdə iştirak edənlərin sayı AXCP tərəfindən şişirdildi. Cəbhə funksionerləri nümayişçilərin sayının 20-nin olduğunu iddia etdilər. Müsavatçılar isə aksiyada vur-tut 3-5 min adamın olduğunu bildirdilər.
Görünən də o idi ki, meydanda cəmisi 800-900-dan artıq insan olmayıb. 10 il əvvəl onlar bəlkə də adi vətəndaşları aldada bilərdilər. İndi isə internet dövrüdür, istənilən saytda mitinqin yüzlərlə şəkillərini və video çəkilişləri izləmək mümkündür. Müxalifət hələ də rəqəmləri şişirtməklə gülünc göründüklərinin fərqində deyillər. Müsavat sədri İsa Qəmbər mitinqdəki çıxışında bildirib ki, xalq dəyişiklik, bu hakimiyyətin getməsini istəyir. Ona görə də mitinqə yüzlərlə adam gəlib. Əvvəllər belə hallarda "onminlərlə" deyirdilər. İndi gör bu mitinqdə vəziyyət nə qədər acınacaqlı olubsa, heç 3 sıfırı da şişirdə bilmədilər. İddiaların əksinə olaraq 20 min nəfər əvəzinə mitinqdə cəmi 800-900 adam olub. Əgər bunlar iddia etdiyi kimi "birləşmiş" müxalifətin "Milli Şura"sının mitinqinə 800-900 adam gəlirsə, görəsən bunlar hansı xalqdan və onun dəyişiklik istəyindən dəm vururlar. 18 avqust mitinqi ilə müxalifət 20 illik ənənəsini bu ildə pozmayacağına söz verdi. Ətrafında cəmisi 900 nəfəri toplaya bilən müxalifət isə hakimiyyətə gəlmək və ölkədə köklü dəyişiklik etmək ehtirasını boğa bilmir. Keçən illər ərzində müxaliflər cəmiyyətin çox az qismini özlərinə inandıra biliblər. Daxildəki şəxsi konfliktlərə görə insanları özlərindən diksindirən müxalifətin nəyisə dəyişdirməsi ehtimalı heç inandırıcı deyil.
Ömər Zamin