Milli Şuranın 18 avqust fiaskosu

Son aksiya cəmiyyətin müxalifətə dəstək vermədiyini bir daha təsdiqlədi

 

Adını Milli Şura qoyub, ancaq millilikdən tamamilə uzaq olan məlum qurum uzun müddət üzərində işlədiyi "möhtəşəm" mitinqini nəhayət ki, keçirdi. Əvvəlcədən də razılaşdırıldığı kimi Səbail rayonu, 20-ci sahə ərazisində yerləşən Sürücülük Məktəbinin həyətində baş tutan aksiya təşkilatçıların ağız dolusu qeyd etdiyi elektorat çoxluğu ilə seçilmədi. Aksiya yerindən çəkilən foto və videolardan da aydın görünür ki, mitinqdə iştirak edənlər Milli Şura adlanan qurumda təmsil olunan müxalifət partiyalarının liderləri və onların yaxın ətrafı, eləcə də aksiya keçirilən əraziyə yaxın yerdə yaşayan vətəndaşlar olub. Hansı ki, həmin vətəndaşlar da boş zamanlarını keçirmək üçün yer axtaranlardır. Təşkilatçıların bir qismi xalqın gözünün içərisinə baxıb yalan danışaraq Milli Şuranın 18 avqust aksiyasında on minlərlə vətəndaşın iştirak etdiyini bildirsələr də, lakin MŞ-nın nisbətən obyektiv mövqedən çıxış edən üzvləri özləri də bunun şişirdilmiş rəqəm olduğu etirafında bulunurlar. Elə Milli Şuranın üzvü Rauf Arifoğlunun sosial şəbəkədə mitinq barədə bildirdiyi rəydən aydın olur ki, aksiya gözlənilən effekti verməyib. O, bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat 18 avqust aksiyasında Milli Şuranı vəziyyətdən çıxara bilib. Eləcə də digər cəbhəçilər və müsavatçılar öz rəylərində Milli Şuranın 18 avqust aksiyasının o qədər də uğurlu olmadığını etiraf edirlər. Başqa bir məqam ondan ibarətdir ki, mitinqdə daha çox AXCP-nin bayraqları görünüb. Müsavat Partiyasının bayraqları isə çox az nəzərə çarpıb. Hətta Müsavat Partiyası üzvlərinin azlığı mitinq iştirakçılarının da narazılığına səbəb olub. Onlar Müsavatı zəiflikdə, İsa Qəmbəri isə mitinqi sabotaj etməkdə günahlandırıblar. Mitinqin aparıcısı İbrahim İbrahimlinin AXCP sədri Əli Kərimlini uzun-uzadı vəsf etməsi isə müsavatçıların narazılığına səbəb olub.
Milli Şuranın 18 avqust mitinqi əvvəlki aksiyalar kimi müxalifətin hələ də bazar, çayxana mübarizəsi ilə getdiyini bir daha təsdiqləyib. Belə ki, mitinq zamanı müxalifətçilər tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış şüarlar səsləndiriblər. Bəzi çıxışçılar isə küçə ifadələri işlətməklə Milli Şuranın səviyyəsizliyini, orada əxlaqsız, tərbiyəsiz insanların cəmləşdiyini açıq nümayiş etdiriblər. Onlar tərbiyəsiz şüarlarla hüquq-mühafizə orqanlarını təxribata çəkmək, mitinqin baş tutmamasının məsuliyyətini hakimiyyətin üzərinə yıxmağa cəhd göstəriblər. Bəs görəsən Milli Şuranın 18 avqust aksiyası qurumdan kənarda fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar və müxalifət partiyaları tərəfindən necə qarşılanıb?
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Milli Şuranın 18 avqust mitinqi özünü ana müxalifət adlandıran qüvvələrin, xüsusilə MŞ-nın iflası, fiaskosu oldu. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin Milli Şuranın son aksiyasına dəstək verməməsi bunu bir daha təsdiqləyir: "Azərbaycan xalqı müxalifətin nəyə qadir olduğunu bilir və buna görə də artıq öz qərarını verib. Cəmiyyət müxalifəti bir qüvvə kimi qəbul etmədiyinə görə bu düşərgənin ətrafında toplaşmağa da cəhd etmir. Düzü, müxalifətin o qədər tərəfdarı da yoxdur. Ən həlledici an, prezident seçkiləri dönəmində müxalifət öz ətrafına kütlə toplaya bilmirsə həmin qüvvələrin hakimiyyətə gəlməyindən də söhbət gedə bilməz". Seymur Orucovun sözlərinə görə, artıq müxalifətin fiaskoya uğradığı 18 avqust mitinqində bir daha təsdiqini tapdı: "Əgər Milli Şurada təmsil olunan müxalifət partiyaları aksiyaya kifayət qədər kütlə çıxara bilmirlərsə, deməli onlara olan etimad sıfır dərəcəsindədir. Artıq onların ətrafında olan kiçik bir kütlə də dağılacaq. Əgər müxalifət siyasi birliyi, fəaliyyəti olmayan Rüstəm İbrahimbəyov kimi birini özünə lider seçirsə bu həmin qüvvələrin fəaliyyətinin səmərəsizliyindən xəbər verir"
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, Milli Şuranın avqustun 18-də keçirdiyi mitinqin əhəmiyyətini nə şişirtmək lazım deyil, nə də onu heçə endirməyin heç bir əsası yoxdur: "Bu aksiya keçirilməklə hansısa məsələ həll edilmədi, yaxud da cəmiyyətdə yeni problem yaradılmadı. Sadəcə olaraq bir qrup insan öz Konstitusion hüququndan istifadə edərək sərbəst toplaşmaq azadlığını reallaşdırdı". Mütəllim Rəhimli qeyd edib ki, mitinqin keçirilməsi həm onun təşkilatçıları, həm də iqtidar üçün maraqlı idi: "Hakimiyyət bununla bütün dünyaya göstərdi ki, Azərbaycanda müxalifətin kütləvi aksiya keçirmək hüququ tanınır. Aksiyanı təşkil edən Milli Şura isə tərəfdarlarının mövcud olduğunu beynəlxalq aləmə nümayiş etdirməyə çalışdı".
Millət vəkili Etibar Hüseynov isə bildirib ki, Milli Şuranın 18 avqust aksiyası gözlənilən nəticəni vermədi və cəmiyyət həmişəki kimi bu dəfə də müxalifətin aksiyasını dəstəkləmədi: "Təqribən 20 müxalifət partiya və ya təşkilat birləşərək təxminən 20 ildən sonra özlərinin ilk "vahid" mitinqlərini etdilər. Özlərinin statistikasına əsasən mitinqdə 1500-3000 arası adam iştirak edib. Ancaq reallıqda isə daha az olub". Millət vəkili deyib ki, adam sayını təşkilatların sayına bölsək bu hər təşkilat üçün 75-150 adam edir. Yenə deyirəm reallıqda say daha az olub". Etibar Hüseynovun sözlərinə görə, hər təşkilatda təmsil olunan insanların ən azından yaxın qohum-əqrabalarə mitinqə gəlsəydi belə bundan daha çox adam edərdi: "Insana ən birinci gərək yaxın ətrafi inana. Əger onlar belə sizin ardınızca gəlmirsə demək problem sizdədir. Məncə sizin də dediyiniz kimi vaxt catıb. Amma siyasətdən getmək vaxtı".

Azadliq Partiyasinin sədri Əhməd Oruc isə hesab edir ki, 18 avqust aksiyası kimlərdənsə alınan pula hesabat vermək naminə keçirildi. Partiya sədri aksiyada kifayət qədər az insanın iştirak etdiyini də söyləyib: "131 Milli Şura üzvlərinin hamısı heç olmazsa öz ailəsini mitinqə cəlb edə bilsəydi aksiyaya bundan çox adam çıxmalı idi. Onların çoxunun yaşə 60-ı keçib. Oğul, uşaq, qardaş bacı, nəvə-nəticə üst-üstə hərəsinin bir 20 nəfər tərəfdarı aksiyaya gəlseydi yığılandan xeyli çox olardı".
 

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00