“Dim-dik” durmaq, yoxsa ki “dimdik”?

Avqustun 18-də müxaliflərin əsas işi mitinqə gəlmək idi. Gəlmişdilər, 20-ci sahədə keçirildi. Bayraqdar Elman Türkoğlu əlində tutduğu Azərbaycan, Türkiyə və Cənubi Kipr Respublikasının bayraqları ilə mitinqin təşkil olunduğu meydana daxil oldu. Türkoğlunun arxasında ənənəvi müxalifət liderlərindən yalnız KXCP sədri Mirmahmud Mirəlioğlunun kölgəsi nəzərə çarpırdı. Əli Kərimli, Eldar Namazov, İsa Qəmbər və Sülhəddin Əkbər isə hələ gəlməmişdilər. Ona qədər ən maraqlısı isə meydanda Kipr və Türkiyənin bayraqlarının dalğalandırılması idi... Bu milçək haradan gəldi, bir sən çatmırdın. Çox pis məxluqlardır, yerini heç bilmirlər. Bununla kimisə təhqir etmək kimi bir niyyətim yoxdur. Hər kim olursa olsun, insan ləyaqətini alçaldan fikirlərdən tamamilə uzağam. Həqiqətən də mitinq başlayandan arxamca düşən milçək məni rahat buraxmırdı... Bildiyimə görə, Azərbaycan müxalifəti həmin dövlətlərdə o qədər də populyar deyil. Böyük ehtimalla bu gediş seçkiqabağı müxalifətin Kipr və Türkiyədən siyasi dvident qazanmasına xidmət edirdi.  Mirəlioğlu isə meydanda görünməyən digər müxalifət liderlərinin yoxluğunun fonunda şən görünürdü. Danışırdı, gülürdü, hətta arada yanındakı dostunun uzadılmış əlinə şapalaq vurmağı da yadından çıxarmırdı. Tribunanın qarşısında Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun iri fonda portreti asılıb. Şəklin altında bu məzmunda şüar yazılıb: "Hər kəsin haqqını özünə qaytaracaq!". Qeyd edək ki, sədri olduğu Kinematoqrafçılar İttifaqına qarşı vergi qaçaqçılığına görə açılan cinayət işindən sonra R.İbrahimbəyov müxalifət tərəfinə keçərək hakimiyyətə gəlmək iddiasına düşdü. Şüar isə gözəl qadınla yatmaq eşqi ürəyində puç olan və əlacsızlıqdan çirkin qadının gözəlliyini mədh edən şairin şeiri kimi yalan boxçasıdır. Müxalifətçilərin pərakəndə yığıncağında hərəkət etmək və dostunun uzaqdan səni səsləməsini eşitmək çox asan məsələ idi. Gərək heç gəlməzdim, yola xərclədiyim 40 qəpiyə Məşədidən bir qutu "Viceroy" ala bilərdim, 10 qəpik də borc yazdırardım. Yaxşı insandır, konturdan başqa nə istəsən nisyə verir. Müsavat Partiyası rayon təşkilatlarının plakatları çoxluq təşkil etsə də AXCP haqqında bunu demək çətindi. "EL" və "NİDA" Hərəkatlarından az sayda tərəfdar vardı. İştirakçıların çoxusu 20-ci sahənin sakinləri idilər, maraq üçün gəlmişdilər. Çoxluq kölgəlikdə dayanıb sakit şəkildə səhnəyə baxan tamaşaçılar kimi ssenarinin ən maraqlı yerini gözləyirdi. Bir kənara çəkilib quru bulkaları "Kola"da isladıb kövşəyən cavanlar isə meydanda nələrin baş verdiyindən tamamilə xəbərsizdilər. Görünür müxaliflərin qışqır-bağırı onların pıçapıçlarından daha maraqsızdı. Nəhayət Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı göründü. Gələn kimi asta səslə belə göstəriş verdi: "Elə edin ki, tribuna kameralara yaxşı düşsün". Mitinqi işıqlandıran 5-6 kamera vardı, onun da 4-ü partiya üzvlərinin həvəskar operatorlarının əlindəydi. İki qız isə "Bu nə yerdi e, qıjı-qıjı adamlar var" deyib birbaşa avtobus dayanacağına getdi. İtalyan "Bella çav" sosialist marşı səslənir, müxaliflər əl vururlar. Məclisin bu yeri "O olmasın, bu olsun" filmində Məşədi İbadın öz-özünə "Heç hənanın yeridir" deməsinə daha çox oxşayırdı. Təşkilatçının bir-bir adını çəkməklə partiyaların ünvanına "Eşq olsun!" deməsindən sonra Müsavat, AXCP və KXCP tərəfdarlarından beş-on nəfər əl çırpan olsa da ACP-dən ümumiyyətlə səs çıxmadı. Toy havası çalındı, ətrafda alqış sədaları altında "Elçibəy! Elçibəy" şüarları eşidildi. Bildiyimə görə Əbülfəz Elçibəy vəfat edib. Meydanın sol tərəfi tamamilə boşdu, meydanda olan az sayda nümayişçi sağ tərəfə qısılmışdı. Sıxlıqdan kənarda antropotoloji quruluşu amerikalı deməyə imkan verən üç əcnəbi hadisələri gülərək izləyirdi. Bir nəfər gördüm, Qənimət Zahidə oxşayırdı. Yox, o deyildi. Çünki, Qənimət Zahid heç vaxt mitinqə şortik geyinib gəlməzdi, inanılası da deyildi. Sonrası da o, Azərbaycanda deyil axı. Azyaşlı uşaqların əllərinə Müsavat və AXCP-in bayraqları verilmişdi. Yəqin ki, yaşının bu çağında insanı bir konfetlə aldadıb başına hər oyunu açmaq olar. Hava istidir, bir yandan da milçəklər lap adamın zəhləsini tökür. Əli Kərimli də gəldi. Maraqlıdır, Əli bəyin boyu mühafizəçilərinkindən daha uzundu. Sədr gülümsəyirdi, yəqin zənn etdi ki, Castin Bieberin fanatları üzərinə tökülən kimi partiyasının tərəfdarları da gur alqışlarla ona sarı töküləşəcəklər. Belə olmadı. Çünki o, tribunaya müsavatçıların cəm olduğu tərəfdən gəlmişdi. AXCP sədri tribunaya qalxandan sonra həzin səslə deyilən şeir eşidildi. Əlbəttə, zənn etmək olardı ki, onu Əli bəy deyir. Çünki, o, düşündüyü izdihamı görmədiyi üçün kövrələ bilərdi. Yenə toy havası, gur alqışlar və "Elçibəy! Elçibəy" şüarları... Mitinqdə Almaniyanın bayrağı əks olunmuş şlyapalı başlar da nəzərə çarpırdı. Meydanın sol tərəfində isə sarıbaşların (əcnəbilərin) sayı getdikdə artırdı. Xeyli küskün görünürdülər, çünki pərakəndə şəkildə meydana gələnlər eyni şəkildə də qayıdıb gedirdilər. "Kola" içirdilər, yəqin ki, mitinqdə azsaylı nümayişçini görəndən sonra zənnlərində tamamilə qətiləşdilər ki, bunu seçkilərdən sonra şampan şərabı ilə qeyd edə bilməyəcəklər. Mitinqin gur yerində "Ərəb baharı"ndan danışanlar da oldu. İsa Qəmbər də gəldi. Tribunaya qalxmaq üçün başqanın ayağının altında balaca tablet qoydular. Birinci cəhddə İsa bəy qalxa bilmədi, kömək etdilər, qalxdı. Dünya çox zalımdır, çünki o, başqanı qocaldıb. Tuta bilsəydim yəqin ki, onu öldürəcəkdim. Yazığım da gəldi. Adamın lap zəhləsini tökürlər, gah burnumdan uçub qulağıma, oradan da sürüşüb alnıma qonurdu. Bu milçəklər çox tərbiyəsiz məxluqlardır. Nə isə... Eldəniz Quliyev R.İbrahimbəyovun müraciətini oxuyurdu. İsa Qəmbər isə çıxışında dedi ki, o, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmasınadək şura sədrinin namizədliyini dəstəkləyəcək. "Gələnədək" dedi və bununla onu da Milli Şura üzvlərinə çatdırdı ki, ondan sonra qurumda baş verən dəyişikliklərdə olmayacaq. Eldar Namazov da bir daha bildirdi ki, müxalifət Milli Şura ətrafında sıx birləşib və Rüstəm İbrahimbəyov yolundan dönməyəcək. Demək ki, hələ də "EL" sədri başqanı zərəsizləşdirmək üçün Milli Şuraya sonuncu ümid foulu kimi baxır. ACP sədri Sülhəddin Əkbər həyəcanlı görünürdü. Yoxsa ki, uzun illərin siyasi təcrübəsi çıxışında müxaliflərə səslənişində onları "dim-dik" durması əvəzinə, "dimdik" olmağa çağırmazdı. Yox, o həyəcanlı olmasaydı, heç vaxt belə etməzdi. Sülhəddin bəy sadəcə vurğunun yerini səhv salmışdı.  Mirmahmud Mirəlioğlu: "Mitinqin 20-ci sahədə keçirilməsinin rəmzi mənası var. 20 ilin nəticəsidir ki, biz gəlib bu günə çatmışıq". Həqiqətən də avqustun 18-də yayın bəlkə də ən qaynar günü idi. Urrraaa! Mən onu öldürdüm. Milçək də öldü, hər şey çox maraqsız oldu: ənənəvi "İstefa!" şüarlarından tutmuş, müxalifət liderlərinin üzündə ehtiva olunan hakimiyyətə gəlmək ehtirasınadək hər şey.... Evə getmək daha cəlbedici gəldi. Avtobusa mindim, həmişəki qayda ilə qadınların Ərəbzəngi kimi başımın üstünü kəsdirib, gözlərilə "qalx oturum" əmrilə qarşılaşmamaq üçün keçib arxada əyləşdim. Bir qadın mindi, yarıçılpaq idi, yubkası çox gödəkdi. Deyəsən utandı, əgər belə olmasaydı, politlen paketə qoyduğu çörəklərə budunun çöldə qalmış hissəsini örtməzdi. Məncə, çörəyin əvəzinə 61 "razmer", yekə meşin üzlü papaq olsaydı daha yaxşı olardı. Yazıq milçək!

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00