Moskva görüşü: Əliyevin ədalətli dəmir məntiqi və Paşinyanın çaşqın sayıqlamaları

Ekspertlər Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada həm Ali Avrasiya İqtisadi Şurasının toplantısı, həm də Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi çərçivəsində görüşlərinə böyük maraq göstərirlər. Onlar Azərbaycanın dövlət başçısının diplomatiyanın bütün parametrləri üzrə N.Paşinyanı məğlub etdiyini vurğulayırlar. Hətta bir sıra erməni ekspertləri varçapetin "deyindiyini" vurğulayırlar. Bu dəfə də N.Paşinyanı tam darmadağından Vladimir Putin xilas etdi. Bu dəfə o, N.Paşinyanın məntiq sahəsində məhvinə imkan vermədi. Azərbaycan Prezidenti isə təmkinli və səbirli olaraq öz dəmir və ədalətli diplomatik məntiqini bir daha nümayiş etdirdi.

Paşinyanın bəhanələri: diplomatik səriştəsizlik, yoxsa hiyləgərlik?

Erməni siyasi dairələri və bir sıra ekspertlər şikayətlənirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin inamlı danışığı qarşısında N.Paşinyan ya "deyinir", ya da donquldanırdı. Bu, normal haldır. Təəccüblü olanı ermənilərin iki şeyi hələ də anlamamasıdır. Birincisi, həqiqəti inkar etmək elə deyinmək deməkdir. İkincisi, N.Paşinyan başqa hansı qabiliyyətin sahibidir ki? O, hər yerdə ancaq deyinir: Praqada, Brüsseldə, Vaşinqtonda, Moskvada, Soçidə və s. Nikol deyinməkdən başqa bir keyfiyyət nümayiş etdirə bilməyib. İndi ermənilər Nikolun Moskva deyingənliyinə təəccüblənməməlidirlər!

Real olaraq Moskvada Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirakı çox vacib hadisədir. İlk dəfədir ki, Azərbaycan nümayəndə heyəti bu təşkilatın işində qonaq kimi iştirak edirdi. Və bu, 44 günlük Vətən müharibəsindən iki il keçəndən sonra Ermənistanla münasibətlərin normallaşmasının mühüm bir mərhələsində baş verir. Deməli, Bakı düşünülmüş şəkildə bu formatdan da uğurla yararlanmaq taktikasını seçib və buna tam nail olub. Müqayisə edək.

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri MDB çərçivəsində müzakirələr aparıblar. İndi isə Azərbaycan Prezidenti Moskvanın çox ümid etdiyi Ali Avrasiya İqtisadi Şurası formatında öz sözünü demək imkanı qazanıb. Ekspertlər belə qənaət əldə edirlər ki, "Moskva diplomatik raundu Azərbaycanın qələbəsi ilə başa çatıb"! Tamamilə haqlıdırlar. Orada ifadə edilən fikirlərə qısa nəzər salaq.

Azərbaycan Prezidenti bütün diplomatik qaydaları yüksək səviyyədə gözləyərək tədbirdə iştirakının mahiyyətindən bəhs edib. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrlə ayrı-ayrılıqda əlaqələrinin inkişaf etdiyini faktlarla göstərib, eyni zamanda, məharətlə Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətinin bir sıra aspektlərini açıb. Yəni, Azərbaycan digər regional və qlobal təşkilatlarla olduğu kimi, AİB-lə də qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.

İlham Əliyevin Şərq-Qərb, Şimal-Cənub dəhlizlərindən bəhs etməsi də məhz bu kontekstdədir. Və çox əhəmiyyətlidir ki, Azərbaycan Prezidenti məhz həmin kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizindən söz açıb. Azərbaycanın dövlət başçısı deyib: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük".

Əyalət səviyyəli siyasətçi olan N.Paşinyan isə bu cür yüksək və geniş miqyasda düşünə bilmədiyini özünün primitiv iradları ilə göstərib. O, "dəhliz" ifadəsinin Ermənistanın ərazi bütövlüyünə ziyan vurduğunu uydurub, 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatda isə ancaq Laçın dəhlizindən bəhs edildiyini vurğulayıb. Çox açıq məntiqi ziddiyyətdir. Nikol deyir ki, əgər Azərbaycan tərəfi "dəhliz" terminini işlədirsə, bu, Ermənistanın ərazi bütövlüyünə təcavüzdür. Əgər erməni tərəfi həmin termini işlədirsə, bu, humanitarlıqdır, ermənilərin hüquqlarının müdafiəsidir və s.

Bu absurd iddianı çox dəqiqliklə və dərhal tutan İlham Əliyev olduqca gözəl diplomatik etiketlə Paşinyana anladıb ki: "Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim "dəhliz" sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq "Şimal-Cənub" dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə "Şərq-Qərb" dəhlizinə münasibətdə də istifadə olunur. "Dəhliz" sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər".

İlham Əliyevin ədaləti diplomatik məharəti: sülh və əməkdaşlığın real formulu

Rusiya Prezidentinin müdaxilə etməsi N.Paşinyanı bir dəfə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində tamam darmadağın olmaqdan qurtardığı kimi, indi də diplomatik darmadağından xilas etdi. Bu debat üzərində bir qədər geniş dayanmaqda məqsədimiz sülh sazişi ilə bağlı Moskva görüşünün faydasını aşağı salan tərəfin məhz Ermənistan olduğunu faktlarla sübut etməkdən ibarətdir.

Doğrudan da, V.Putin N.Paşinyanı başa sala bilmədi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı bəyanat verməklə rəsmi İrəvan addımlarında müəyyən məsuliyyət daşıdığını da ifadə etmiş olur. Yəni, sözdə "Qarabağ Azərbaycandır" demək kifayət etmir. Bunu deyəndən sonra Laçın-Xankəndi yolu deməlisən və Zəngəzur dəhlizi ifadəsini işlətməlisən. "Azərbaycan Laçında qanunsuz sərhəd postu qoyub" kimi beynəlxalq hüquq baxımından absurd sayıqlamalar etməməlisən.

Bütün bunları Azərbaycan Prezidenti geniş və əsaslı olaraq səbirlə bir daha N.Paşinyana izah edib, sonra da V.Putin əlacsız qalıb qısa danışıb. Ancaq erməni baş nazir yenə baş-ayaq danışmağa davam edib. Niyə?

Çünki həqiqətdə sülh sazişinin imzalanmasını istəmir. Avropada və Amerikada bir söz verir, Kremldə başqa bir şey "deyinir". Əliyev-Putin-Paşinyan görüşündən sonra bəyan edildi ki, iki məsələdə razılıq əldə olunub: kommunikasiyaların açılması və ərazi bütövlüyünün tanınması. Bunlarla bağlı iki sənəd də imzalanacaq. Lakin sonda aydın oldu ki, heç bir sənəd imzalanmır. N.Paşinyanın qərəzli, dolaşıq, qeyri-sabit mövqeyi fonunda hansı sənəd imzalana bilər ki?

İndi ekspertlər Moskva görüşünü əsasən səmərəsiz adlandırırlar. Bəlkə də yekun qərar baxımından belədir. Ancaq həmin görüşə diplomatik fəaliyyət prosesi kimi baxsaq, Azərbaycanın böyük uğur əldə etdiyini söyləyə bilərik. Həm AİB çərçivəsində, həm də sülh sazişinin müzakirəsi aspektində. Çünki hər iki istiqamətdə Azərbaycan Prezidenti eyni müstəqil, məntiqli və ədalətli mövqe nümayiş etdirib və Ermənistanı sülhə səsləyib, barış mövqeyindən çıxış edib. Ayrıca, AİB-də İlham Əliyevin nüfuzunun miqyası aydın görünüb. Yəni, bu platformada da Ermənistan fiasko ilə üzləşib. N.Paşinyan şikayət və yalvarışdan başqa heç bir şey deyə bilməyib!

Eyni vəziyyət sülh sazişi ətrafındakı müzakirələrdə də müşahidə edilib. Ekspertlər Əliyev-Putin-Paşinyan görüşünün cəmi iyirmi dəqiqə sürməsini məhz bu kontekstdə izah edirlər. Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından mümkün imkanlardan tam istifadə olunmayıb.

Başqa tərəfdən, N.Paşinyanın haqsız və qeyri-konstruktiv mövqeyi digər bir məqamı aktuallaşdırıb. Biz, ekspertlərin gözünü Kişineudakı görüşə dikməsini nəzərdə tuturuq. Onlar iddia edirlər ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətləri real olaraq normallaşdıra bilmir. Əsas məsələ Avropada həll olunacaq. Yəni, Kişineuda tərəflərin sülh sazişini imzalayacaqlarını gözləyirlər. Ancaq burada bir ciddi hüquqi-siyasi məqamı nəzərə almaq gərəkdir.

Məsələ ondan ibarətdir ki, hələlik Rusiyanın təşkilatçılığı ilə imzalanmış məlum üçtərəfli Bəyanat mövcuddur. Əgər Rusiya bu işin təşkilatçısı kimi həmin sənəd çərçivəsində tərəfləri barışdıra bilmirsə, avropalılar hansı əsaslarla bunu edə biləcəklər? Tərəflər hər hansı sazişi Avropada imzalasalar, Rusiya bunu əngəlləməyəcəkmi? Və o zaman meydana yeni ziddiyyətlər çıxmayacaqmı? Böyük geosiyasi güclərin Cənubi Qafqazda toqquşması yeni səviyyəyə yüksəlməyəcəkmi?

Bütün bunlar onu göstərir ki, hər bir variantda N.Paşinyanın addımları mövcud vəziyyəti daha da dolaşdırır. Əslində, rəsmi İrəvan nə Qərbi, nə də Rusiyanı düşünür. Onlar arasında ora-bura vurnuxmaqla hər hansı yolla öz mənfur niyyətini reallaşdırmaq istəyir. Həmin niyyət isə Qarabağda ermənilərə müəyyən status qoparmaqdan ibarətdir. Sonrakı mərhələdə muxtariyyət, daha sonra isə müstəqillik kimi tələblər qoymağın siyasi-hüquqi bazasını yaratmağa cəhdlər edilir. Buna Avropada da, Rusiyada da dəstək verirlər.

Buna görədir ki, Qərb və Rusiya Ermənistanın Qarabağdan qanunsuz silahlı dəstələri çıxarmasını tələb etmirlər. Hətta bu barədə son vaxtlar danışmırlar. Belə çıxır ki, Moskva görüşü də tutarlı nəticə verməyib. Görəsən, Kişineu görüşündən sonra nə deyəcəklər?

Kamal Adıgözəlov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31