Azərbaycanı təbrik edirlər: ümidverici vədlər və reallıq
1 İyun 2023 19:26 SiyasətAzərbaycan Cənubi Qafqazın lider dövləti kimi həqiqi mənada dünya miqyasında nüfuzunu artırır. Bu fikir Cozef Bayden və Vladimir Putinin Prezident İlham Əliyevə ünvanladıqları məktubların məzmunundan da aydın görünür. Eyni zamanda, "Böyük Yeddilər"in (G7) Yaponiyadakı zirvə toplantısında dünya əhəmiyyətli qərarlar qəbul olunub. Bu o deməkdir ki, "Yeddilər qrupu"na daxil olan ölkələr dünya miqyasında geosiyasi dinamikaya təsir etmək niyyətindədir. Bizim üçün daha maraqlı olan Azərbaycanın regional güc olduğunu ifadə edən fikirlərin fonunda G7 ölkələrinin qərarlarının oynayacağı rol ilə bağlıdır. Bu kontekstdə mövcud vəziyyətə və proseslərin mümkün inkişaf tendensiyalarına geniş nəzər salmağa ehtiyac duyduq.
İki təbrik məktubu: ABŞ və Rusiyadan Azərbaycana yüksək qiymət
ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın dövlət başçısı İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubun geosiyasi konteksti olduğuna ekspertlər inanırlar. Məktubda Amerikanın dövlət başçısının tərəflər arasında əməkdaşlığın əhəmiyyətini qeyd etməsi adi hadisə deyildir. C.Bayden məktubda vurğulayır: "Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq".
Bu fikirlər ABŞ-ın Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa geniş aspektdə önəm verdiyini ifadə edir. Ayrıca, terror, narkotiklərin qanunsuz dövriyyəsi və kütləvi qırğın silahlarının yayılması ilə mübarizədə Bakını mühüm tərəfdaş kimi qəbul edən Vaşinqton bunlara xüsusi olaraq iki məqamı da əlavə edir: enerji təhlükəsizliyi və Ermənistanla münasibətlərin normallaşması. Bununla bağlı ABŞ Prezidenti vurğulayır: "Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir".
Avropanın enerji təhlükəsizliyi məsələsini Rusiya-Ukrayna müharibəsi kontekstində vurğulayıb, onu Cənubi Qafqazın gələcək təhlükəsizliyi ilə əlaqələndirməklə ABŞ rəhbəri Azərbaycanı, faktiki olaraq, qlobal oyunçu kimi qəbul etdiyini ifadə edir. Amerika hətta Azərbaycanı dünyanın ən kəskin münaqişəsində müsbət rol oynayan və bununla da əslində, qlobal təhlükəsizlik sisteminin formalaşmasında payı olan güclü dövlət olaraq gördüyünü qeyd edir.
Əlbəttə, burada Ermənistan faktorunu da C.Bayden vurğulamalı idi. Çünki rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi üzündən Cənubi Qafqazda hələ də dayanıqlı təhlükəsizlik sistemi mövcud deyildir. Bu səbəbdən Azərbaycanın rolu daha da aktuallaşmış olur.
Bunlar onu göstərir ki, Vaşinqton Azərbaycanı regional və qlobal geosiyasi mənzərənin formalaşmasında rol oynayan müstəqil dövlət kimi qəbul edir. Bunun bir tərəfdən, müsbət cəhəti vardır, digər tərəfdən isə, Azərbaycanı daha həssas geosiyasi situasiyaya daxil edir. Müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda dünyanın ən güclülərinin belə onu real güc, proseslərə ciddi təsir göstərən dövlət olaraq qəbul etdikləri yeganə dövlətdir. C.Baydenlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin də məktubunda Azərbaycan haqqında oxşar fikirləri ifadə edib. V.Putin yazır: "Ölkəniz sosial və iqtisadi sahələrdə böyük uğurlar əldə edib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır".
Deməli, həm Qərb, həm də Rusiya Azərbaycanın qlobal miqyasda oynadığı geosiyasi rolu yüksək qiymətləndirirlər. Bu, təbii ki, müstəqil dövlətçiliyin böyük uğurudur. Eyni zamanda, bu cür baxış ölkəmizi geosiyasi proseslərin bir sıra aspektlərində daha həssas bir məqama gətirir. Onu biz "Böyük Yeddilik" ölkələrinin liderlərinin Xirosimadakı sammitinin qərarların prizmasından aydın görə bilərik.
G7-nin qərarları və Azərbaycan: geosiyasi proqnozlar fonunda
May ayının 19-21-də Yaponiyanın Xirosima şəhərində keçirilən sammiti Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvaya qarşı yeni müharibə elan edilməsi kimi xarakterizə edib. Sammitdə qəbul olunan qərarlarda Rusiyaya qarşı çox sərt mövqe tutmaq, Ukraynaya yardımları artırmaq və Rusiyaya yardım edən dövlətləri cəzalandırmaq kimi məqamlar yer alıb.
Eyni dərəcədə Çinə qarşı da sərt mövqe nümayiş etdirilib. G7 Çinin "qeyri-bazar iqtisadiyyatının yaratdığı problemlərlə məşğul olmaq niyyətini bəyan edib. Pekinin yeni texnologiyaları G7 ölkələrindən oğurladığı vurğulanır. Bu isə "dünya iqtisadiyyatını korlayır".
Ancaq G7 Çinlə əlaqələri inkişaf etdirməyi arzulayır. Bu zaman G7 "Çinin beynəlxalq aləmdəki rolu və Çin iqtisadiyyatının ölçüsünü nəzər alır".
Deməli, G7 açıq şəkildə Rusiya və Çinin dünyanın iqtisadi inkişafına, sabitliyə və təhlükəsizliyin təmininə əngəl törətdiyini və bu məqamlara qarşı ciddi mübarizə aparılacağını ifadə edir. Ekspertlər bu mövqeni yeni geosiyasi savaşın elanı kimi izah edirlər. Gözlənilir ki, üç böyük geosiyasi güc arasında kəskin mübarizə dünyanın bütün regionlarında özünü göstərəcək. O cümlədən ərazilərin zəbt edilməsi məsələsinə qarşı çıxmaq daha da sərtləşəcək. Lakin məhz bu məsələdə ikili standartın tətbiq edilməməsi mühüm şərt kimi qəbul edilməlidir ki, buna da inamımız azdır. Səbəbini izah etməyə çalışaq.
Təcrübə göstərdi ki, Qərb və Rusiya (Çin susur) Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğalda saxlamasını başqa dövlətin ərazisini güclə zəbt etmək kimi qiymətləndirmədilər. Çünki onlar nəinki rəsmi İrəvandan işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmağı tələb etmədilər, əksinə, dolayı yollarla Azərbaycana təzyiq edib, onu haqlı tələbindən çəkindirməyə çalışdılar, üstəlik, təcavüzkara hərbi dəstək verdilər. 30 il bunu Rusiya etmişdir, son 2 ildə isə ABŞ və Avropa edir. Təsadüfi deyildir ki, son aylar Pentaqonun və Avropa ölkələrinin hərbi-kəşfiyyat rəhbərliyinin Ermənistana səfərləri artıb. Onlar nə danışırlarsa, rəsmi İrəvan Azərbaycan ərazisindəki tör-töküntü quldur dəstələrini çıxarmır. Əksinə, rəsmi Bakı qarşısında yeni tələblər qoymağa çalışırlar.
Və bu zaman Avropanın Fransa kimi ölkəsi Ermənistanı hərbi cəhətdən dəstəkləyəcəyini açıq bəyan edir, ona yeni silahlar verir. Hindistan da onlardan geri qalmaq istəmir. İranla vəziyyət isə məlumdur.
Bütün bu təcrübə mövcuddur və G7-nin Xirosima qərarlarına Rusiya və Çinlə qarşıdurmanın kəskinləşməsi müstəvisində baxdıqda, ümumi mənzərəni heç də müsbət rəngdə görmürük. Heç şübhəsiz ki, G7 və Moskva Ermənistanı kimin daha çox müdafiə etdiyi ilə bağlı rəqabəti gücləndirəcəklər. Bunun fonunda real olaraq onların Azərbaycanın haqlı tələblərinə ədalətli yanaşa biləcəkləri xeyli şübhəli görünür. İndi müşahidə edilən proseslər də bu tezisin doğruluğuna dəlalət edir.
Çünki nə Qərb, nə Rusiya, nə də Çin Ermənistandan konkret olaraq Azərbaycan ərazisində qalmaqda olan silahlı dəstələrin çıxarılmasını tələb etmirlər. Bu barədə kəlmə belə kəsmirlər. Əvəzində Azərbaycandan güzəştlər tələb edirlər. Məsələn, Laçın yolunun bağlandığı haqda uydurma sözdən ermənilərin xeyrinə təbliğat aparılır. Azərbaycanın Qarabağ bölgəsində hələ də yaşayan ermənilər üçün heç bir əsas olmadan xüsusi imtiyaz verilməsini istəyirlər. Zəngəzurla bağlı isə sözün həqiqi mənasında "bir-birlərini qırırlar"!
Belə çıxır ki, 30 il bundan öncəki mövqelərində dəyişiklik yoxdur. Sadəcə indi Azərbaycan çox güclənib və onun Türkiyə kimi güclü müttəfiqi vardır. Bu səbəbdən taktikanı bir qədər dəyişməklə və "907-ci düzəliş" kimi gülünc sənədlər qəbul etmədən ermənilərin Azərbaycana qarşı aqressivliyini körükləyirlər. Azərbaycanın mədəni abidələrinə qarşı olan zorakılıq və vəhşi davranış haqqında hansı nüfuzlu beynəlxalq təşkilatda konkret və real tədbir görülüb? Bəs bu, özgəsinin ərazisini zorla işğal etmək anlamına gəlmirmi?
Bunları bir kənara qoyub, Azərbaycandan nələrsə tələb edirlər. Deməli, sözləri ilə əməlləri bir-birinə uyğun gəlmir. Belə olan halda "Böyük Yeddilər"in Xirosima sammitində qəbul edilən qərarlar, Cozef Baydenin və Vladimir Putinin məktublarında ifadə edilən əməkdaşlıq və təhlükəsizliyin təmini ilə bağlı fikirlərin səmimiliyi hələ təsdiq olunmalıdır.
Bunlara baxmayaraq, Azərbaycan öz müstəqil kursuna davam edir və Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin yeni zəfərlərə nail olacağı şübhə doğurmur!
Kamal Adıgözəlov