"Milli Şuradakı qarşıdurma ən yüksək həddə çatdı!"
Millət vəkili Aydın Mirzəzadə Milli Şuranın mitinqini şərh edib
19 Avqust 2013 09:45 Siyasət"Milli Şuranın vahid təşkilat olmadığı, seçkiyə qədər böhran yaşayacağı əvvəlcədən məlum idi. Bir-birinə zidd olan, böyük iddialarla çıxış edən insanların bir namizəddən, o ki qaldı siyasətdən kənar bir insanla seçkiyə getməsi inandırıcı görünmürdü. Proqnozlar özünü doğrultdu, Milli Şuradakı qarşıdurma ən yüksək həddə çatdı".Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib. O, Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak etmək istəmədiyini açıq-aşkar ortaya qoyduğunu xatırladıb. Bu yaxınlarda ona zəng edən jurnalistə "mənə zəng etməyin, montajla məşğulam" kimi qəribə cavab verməyini yada salaraq deyib ki, radikal müxalifət nəyə çalışırdısa, ona da nail oldu."Seçki çox ciddi hazırlıq, cəmiyyətlə işləmək, şüarları dəqiqləşdirmək, ölkənin qarşısında duran problemlər üzrə proqramların hazırlanmasını tələb edir. Milli Şura bunların heç birini edə bilmir. Təqribən 50 gündən sonra seçki olacaq, ancaq Milli Şura nə namizədini, nə proqramını, nə də ki təşkilatın strukturunu müəyyən edə bilib", - o əlavə edib.Mirzəzadənin sözlərinə görə, Milli Şuranın cəmiyyətə təqdim etdiyi mövzular R.İbrahimbəyovun Rusiya vətəndaşlığından nə zaman çıxacağı və nə zaman Azərbaycana gələcəyi məsələsidir. Hansı ki, bu məsələlər Azərbaycan vətəndaşını qətiyyən maraqlandırmır."Hal-hazırda isə adını ehtiyat namizəd qoysalar da, hər bir təşkilat özünün namizədini Milli Şura adından qabağa verməyə çalışır. Yaxın günlərdə bu oyunda da bütün kartlar açılacaq. Hər bir qüvvə özünün namizədi ilə seçkiyə getməyə çalışacaq. Ancaq vaxt itirilib. Seçkidə iştirak etmək istəyən qüvvələr artıq çoxdan qeydiyyatdan keçiblər, real işlər görürlər. Milli Şuranın hazırlıqsızlığı, özünün məsələyə qeyri-ciddi münasibəti isə özünə zərbə olacaq. Bu gün cəmiyyəti Milli Şuranın seçkilərə kimlə gedəcəyi ilə bağlı məsələlər narahat etmir", - millət vəkili vurğulayıb.