Biz öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin etmənin sonuncu mərhələsindəyik - ÖZƏL
31 May 2023 11:30 Siyasət"Müstəqilliyimizin 105-ci ildönümünü günü baş verənlər Azərbaycanın, Prezidentimizin yeritdiyi siyasətin təkcə regionda deyil, dünyada da güc balansına necə təsir etdiyini görmək baxımından çox önəmli idi ki, o haqda danışmaq istəyirəm. Mən bu sözləri deyəndə ilk növbədə Türkiyədə keçirilən seçkidə cənab Ərdoğanla partiyasının qələbə çalmasını nəzərdə tuturam. Heç kimə sirr deyil ki, Qərbdəki bəlli çevrələrin son 20 ildə ölkəsinin təkcə böyük 20-lər içərisində yerini möhkəmlətməmiş, həm də "dünya beşdən böyükdür" demiş və bunu əməldə göstərməyi bacarmış bir liderin özlərinə əl verənlə əvəzlənməsinə çalışırdılar". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, başda Prezidentimiz olmaqla Azərbaycana bağlı soydaşlarımızın mövqe və arzusu isə bütün çılpaqlığıyla ortada idi: "Biz istəyən oldu. Ona görə biz istəyən oldu ki, Çanakqalada ən ağır şərtlər çərçivəsində zəfər çalmağı bacaranların xələfləri ancaq öz millətinin maraqlarından çıxış edən, heç bir gücə boyun əyməyən bir lideri qoyub da qərbdəkilərin nə üçün dəstək verildiyini yaxşı bildiklərinin arxasınca getməyəcəkdilər. Burada nəzərə alınmayan bir reallıq da vardı ki, o da Türkiyədə sayı bir neçə milyonu keçən azərbaycanlılardı. O azərbaycanlılar ki, cənab Ərdoğanın əleyhinə səs verənlərin bəlli bir hissəsinə tapşırığın ikinci Qarabağ savaşında öz terrorçularını işğalçı Ermənistana dəstək üçün göndərənlərdən gəldiyindən yaxşı xəbərdardılar.
Beləliklə, cənab Ərdoğanın qələbəsinin Prezidentimizin təbirincə desək, Azərbaycanla Türkiyənin formalaşdırdıqları güc mərkəzini daha da möhkəmlədəcəyi heç kimdə şübhə doğurmur. O da şübhə doğurmur ki, bu, türk dünyasının daha sıx inteqrasiyasına və bizim regiondakı proseslərə də təsirsiz ötüşməyəcək.
Müzəffər Ali Baş Komandanımızın Laçındakı xəbərdarlığından da göründüyü kimi biz öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin etmənin sonuncu mərhələsindəyik. Qarabağdakı separatçı ünsürlər Azərbaycan dövlətinə boyun əyməli, uydurma vəzifələrini tərk etməli, saxta parlamentlərini buraxmalıdırlar. Qan tökmək istəmədiyimizdən düşünmək üçün xankəndindəkilərə vaxt verilib, amma onun da bitməsinə fikirmcə, sadəcə sayılı həftələr qalır.
Azərbaycan Müdafiə Nazirliyinin bugünkü açıqlamasından da göründüyü kimi yenidən şərti sərhəddə və Qarabağda vəziyyəti gərginləşdirməyə cəhd edən Ermənistan rəhbərliyi cənab İlham Əliyevin ədalətli delimitasiya, Laçından görünən kəndlər haqda dediklərini unutmamalıdırlar. Onu da unutmamalıdırlar ki, 105 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisi 86,6 min yox, 113,4 min kvadrat kilometr idi".