İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün seçici imzalarının toplanması başa çatıb

Yeni Azərbaycan Partiyası oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində cənab İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını uğurla və yüksək fəallıq şəraitində başa çatdırıb. Bu barədə Trend-ə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 40 mindən yuxarı seçici imzası toplanaraq partiyanın Seçki Qərərgahına təqdim edilib.
Hazırda toplanmış imzaların Mərkəzi Seçki Komissiyasına təqdim olunması üçün müavafiq hazırlıq işləri həyata keçirilir. İmza vərəqələri müvafiq hazırlıq işləri başa çatdıqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. (Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə görə, namizədlərin müdafiəsi üçün toplanmış seçici imzaları ən tezi səsverməyə 50 gün galmış - avqust ayının 20-dən tez olmamaq şərti ilə MSK-ya təqdim edilməlidir).
Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi möhtəşəm imzatoplama kampaniyasında 1000 nəfərə yaxın partiya fəalı iştirak edib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin seçkilərində cənab İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün seçicilər məmnuniyyətlə imza vermək istədiklərini bildirmiş və öz imzaları ilə bunu təsdiq etmişlər. Ümumiyyətlə, imzatoplama kampaniyası vətəndaşların yüksək fəallığı şəraitində keçirilmişdir.

İmzatoplama kampaniyasının gedişi Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı cənab İlham Əliyevin və onun siyasətinin seçicilər tərəfindən birmənalı müdafiə olunduğunu bir daha təsdiq etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00