ATXƏM sədri Moldova Ombudsmanını əməkdaşlığa dəvət etdi
16 Avqust 2013 17:14 SiyasətAzərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Moldova Ombudsmanı xanım Aureliya Qriqoriuya məktub ünvanlayıb. Məktubda bildirilir ki, Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Xocalı soyqırımını ermənilərin törətməsi barədə çıxışınız Sizin insan hüquqlarına nə qədər hörmətlə yanaşdığınızı və Ombudsman İnstitutunun əsas prinsiplərinin siyasi maraqlardan üstün tutduğunuzu təsdiqləmiş oldu: "Sizin Azərbaycanın işğal altında olan torpaqları və Xocalı soyqırımı ilə bağlı səsləndirdyiniz açıq fikirləriniz dünyada xiristian amilindən yararlanmağa cəhd edən Ermənistan və erməni lobbisinə qarşı olan loyal münasibəti və "toxunulmazlıq" statusunu zəiflətmiş oldu. İnanırıq ki, Sizin hüququn aliliyini əsas götürərək insanlığın xilasına hesablanmış cəsarətli çıxışınız digər insan hüquqları müvəkkillərinə də örnək olacaqdır". Məktubda ATXƏM sədri Moldova Ombudsmanını əməkdaşlığa çağırıb: "Biz keçmiş postsovet məkanında olan münaqişə bölgələrinə nəzər salsaq görərik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Gürcüstanın Abxaziya və Osetiya bölgəsi, eləcə də Moldovanın Dnestryanı bölgəsi eyni münaqişə mərkəzlərindən yaradılan və idarə olunan konflikt bölgələridir. Hesab edirəm ki, biz ölkələrimizin ərazi bütövlüyünün təmin olunmasına və insan haqlarının tam şəkildə bərqərar olunması, demokratik mühütün yaradılması üçün sağlam bir şəkildə əməkdaşlığımızı genişləndirməliyik. Biz Sizin timsalınızda xalqımızın çox böyük dostu olduğuna inanaraq, Sizinlə əməkdaşlıq etməkdən məmnunluq duyardıq".