“Qarşıdakı günlərdə Rusiya tərəfinin Azərbaycanda keçiriləcək seçkilərlə bağlı mövqeyinə aydınlıq gələcək”

"Yeni Müsavat" qəzeti yazır ki, Rusiya Azərbaycanı qarışdırmaga gizli heyət göndərib.

Politoloq Elşən Manafov məsələyə aydınlıq gətirdi:

"Vladimir Putinin Azərbaycana etdiyi səfər Rusiya və Azərbaycan arasında münasibətlərin qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdiyini sübut etdi: 

- Səfər çərçivəsində hərbi, iqtisadi, enerji, sərhəddə körpülərin tikilməsi və nəqliyyat sahəsində müqavilələrə imza atıldı. Məlum oldu ki, İtaliyadan sonra Rusiya Azərbaycanla ticarət döviyyəsində ikinci yeri tutur. Nəzərə alsaq ki, Azərbaycan İtaliya ilə geniş enerji əlaqələrinə malikdir, bu baxımdan Rusiyanın Azərbaycan iqtisadiyyatındakı rolu bir daha qabarıq şəkildə özünü büruzə verir. Digər tərəfdən hərbi sahədəki əməkdaşlıq da dövriyyədə 9.1 milyard dollara çatır. Tərəflər arasında əldə edilmiş razılığa görə, Rusiya bundan sonra Azərbaycanın hərbi sənayesinin inkişafında və ordunun təchizatı ilə bağlı məsələlərdə üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Bunun müqabilində Rusiya Azərbaycan kimi silahlarının satılması üçün böyük bir bazar əldə edəcək. Qəbələ RLS ilə bağlı məlum hadisələrdən sonra Rusiya-Azərbaycan əlaqələrindəki gərgin proseslərin yüksələn xətt üzrə arta biləcəyi ilə bağlı proqnozlar özünü doğrultmadı. Nəzərə alsaq ki, Putinin səfəri prezident seçkiləri ərəfəsində həyata keçirilib, bunu Rusiyanın Prezident İlham Əliyevə dəstəyi kimi də başa düşmək olar:

"Rusiyanın Xəzər dənizindəki Hərbi Donanmasının birləşmələri Putini Bakıyadək müşayiət elədi: 

- Prezident isə son məqamda gəmilə yox, təyyarə ilə Azərbaycana gəlmək qərarını verdi. Bunu Rusiyanın hərbi demarşı ilə yanaşı kananerkalar diplomatiyası kimi də başa düşmək olar. Hesab edirəm ki, Rusiyanın bu hərəkəti Azərbaycandan daha çox Qərbin Xəzər hövzəsindəki maraqlarına qarşı sərgilənən mövqe idi. Azərbaycan da başa düşür ki, qonşu Rusiya ilə soyuq münasibətlər dövlət maraqlarına ciddi zərər verə bilər. Rusiya Azərbaycana çox ciddi təsir imkanlarına malik olan tərəfdir. Təkcə Dağlıq Qarabağ faktoruna diqqət etsək kifayət edər. Putinin səfərində də məlum oldu ki, Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyində dəyişiklik yoxdur. Putin qəti şəkildə bildirdi ki, münaqişə yalnız siyasi yolla həll edilə bilər. Bunu Azərbaycana verilən bir mesaj kimi də qəbul etmək mümkündür. Çünki Azərbaycan tərəfi son bir neçə ildə ordunun gücləndirilməsi və modern silahlarla təmin edilməsi istiqamətində ciddi iş ortaya qoyub. Təbii ki, bu amil Ermənistanın müttəfiqi olan Rusiyanı narahat edir:

"Məsələləri aydınlaşdırmaq üçün Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılıb-çıxarılmayacağı ilə bağlı məsələnin həll edilməsini gözləmək lazım gələcək: 

- Rusiya qanunvericiliyinə görə kiminsə ölkə vətəndaşlığından çıxarılması üçün 1 il gözləmək lazım deyil. Məsələn, Jerar Depardyenin vətəndaşlıq problemi 3 gün ərzində həll edilmişdi. Qarşıdakı bir neçə gün ərzində Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxarılarsa, bu o deməkdir ki, Kreml Azərbaycanla əlaqələrə ikili standartlardan yanaşır. 2003-cü ildə mərhum prezident Heydər Əliyevin dəfni zamanı Putin İlham Əliyevə demişdi: "Mən Heydər Əliyevi öz atam qədər istəyirəm". Bu isə onu göstərir ki, Rusiya və Azərbaycanın prezidentlər səviyyəsində də əlaqələri yaxşı inkişaf edib. Putin İlham Əliyevdən başqa ikinci adamın Azərbaycanda hakimiyyətə gəlməsində maraqlı deyil. Lakin Rusiyanın Azərbaycanla bağlı münasibətlərində məmnun etməyən məqam var. Azərbaycan hələ də Rusiyanın Avrasiya İttifaqı və Gömrük Birliyilə bağlı layihələrinə müsbət cavab verməyib. Həmin məsələlərdə qaranlıq qalan məqamlar da var. Bu barədə prezidentlər səviyyəsində gizli razılaşmaların olması da inandırıcı deyil. Hər halda məsələlərə qısa müddətdən sonra aydınlıq gətirmək mümkün olacaq:

"Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından azad olunmasından sonra belə Azərbaycan müxalifəti bəyan edəcək ki:

- "Rusiya və Azərbaycan arasında hər hansı gizli razılaşma əldə edildi ki, Putin Azərbaycanda demokratik proseslərə kifayət qədər təsir göstərə bilir. Moskva bununla da müxalifətin Azərbaycanda hakimiyyətə gəlməsinin qarşısını almış olacaq". Müxalifət Rüstəm İbrahimbəyov faktorundan qarşıdan gələn seçkilərdəki məğlubiyyətini sığortalamaq üçün istifadə edəcək. Qarşıdakı günlərdə Rusiya tərəfinin Azərbaycanda keçiriləcək seçkilərlə bağlı mövqeyinə aydınlıq gələcək. Hesab etmirəm ki, Putinin özünün razılığı olmadan Prezident Aparatında İcra Aparatının sədr müavini Volodin Milyaderlər İttifaqı ilə bağlı layihəyə imza atsın, təşkilata tanınmış azərbaycanlı işadamlarını cəlb eləsin. Tez bir zamanda Rusiya Azərbaycanla ikili standartlara cavab verən siyasətindən əl keçməyə məcbur olacaq. Lakin bütün hallarda Rusiyanın ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri kimi Dağlıq Qarabağla bağlı mövqeyində ikili standartlardan kənara çıxmır".

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00