Zəngəzur və Şimal-Cənub dəhlizləri: həlledici geosiyasi seçim məqamı yetişir
25 May 2023 18:10 SiyasətAzərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən növbəti üçtərəfli görüşündən sonra Nikol Paşinyan çoxlarını təəccübləndirən bəyanatlarla çıxış edib. O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, anklavların Azərbaycana qaytarılacağını və Zəngəzur dəhlizinin açılmasının mümkünlüyünü ifadə edib. Ancaq ekspertlər vurğulayırlar ki, Zəngəzur məsələsi Qərblə Rusiyanı region miqyasında toqquşdurmaqdadır. Hər iki geosiyasi güc məsələnin öz xeyrinə həllinə çalışır. Bunun fonunda Ermənistan rəhbərliyinin fikri nə dərəcədə önəmlidir? Bu sual kontekstində vurğuladığımız məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.
Həqiqət, yoxsa yalançı humanizm: rəsmi İrəvanın növbəti blefi
Brüsseldə üçtərəfli formatda keçirilən görüşlərin Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına və münasibətlərin normallaşadırılmasına faydası ilə bağlı müzakirələr daha geniş geosiyasi proseslərlə əlaqədə təhlil edilir. Bu zaman ekspertlər diqqəti daha çox iki regional faktora yönəldirlər. Onlardan biri Zəngəzur dəhlizinin həyata keçməsi, digəri isə Şimal-Cənub nəqliyyat dəhlizinin inşasıdır.
İlk öncə, Ermənistan rəhbərliyinin son Brüssel görüşündən sonra Zəngəzur dəhlizi ilə bağlı ifadə etdiyi fikirlərə nəzər salaq. N.Paşinyan prinsipcə bu layihənin reallaşması əleyhinə olmadığını söyləyib. Ancaq şərtlərindən də qalmayıb. Yayılan informasiyaya görə, o, Brüsseldə xahiş edib ki, "dəhliz" termini işlədilməsin. Guya bu halda daxildə ona qarşı sərt addımlar ola bilər. Varçapet əslində haqlıdır. Çünki Ermənistan cəmiyyəti hələ də baş verənləri adekvat dərk edə bilmir. Burada elə hesab edirlər ki, Azərbaycan həm bir dövlət kimi Ermənistana, həm də Qarabağa yığışmış mənfur separatçılara güzəşt etməlidir. Ən qəribəsi odur ki, bunu onlar ədalət kimi qəbul edirlər. Azərbaycanın hər hansı haqlı tələbi gərəksiz radikal müqavimətlə qarşılanır, lakin özlərinin absurd istəklərini haqq olaraq təqdim etməyə çalışırlar.
Zəngəzur məsələsində də eyni vəziyyətdir. Hətta Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı N.Paşinyanın bəyanatına ağılsız və sərsəm separatçılar kəskin etiraz edirlər. Onların sırasında "Arsax heç zaman Azərbaycanın olmayıb" deyənlər də vardır.
Bütün bunlara görə də, N.Paşinyan siyasi karyerasından qorxa bilər. Ancaq bir geosiyasi, tarixi, siyasi və iqtisadi reallıq da mövcuddur. Və bu reallığı müxtəlif ölkələrin ekspertləri aydın ifadə edirlər. Reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizi qlobal iqtisadi layihələrin etibarlı və dinamik işləməsi üçün strateji əhəmiyyət kəsb edir. Bu, Qərb üçün də, Rusiya üçün də, Çin üçün də lazımlı məsələdir. Deməli, qlobal miqyasda Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyənin məsələsi deyildir. Burada böyük geosiyasi güclərin maraqları vardır. Lakin məsələnin çətin tərəfi ondan ibarətdir ki, həmin maraqlar Zəngəzurda da toqquşur!
Bu prizmadan baxdıqda, N.Paşinyanın məcburən Zəngəzur layihəsinə razılaşdığı aydın olur. Eyni zamanda, bunun Brüsseldə baş verməsinin rəmzi xarakter daşıdığı qənaətinə gəlirik. Konkret olaraq, Qərb nümayiş etdirir ki, Cənubi Qafqaza sülh, barış və əməkdaşlığı o gətirə bilər. Bununla Qərb həm Rusiya, həm də Çinə mesaj verir.
Moskvaya çatdırılır ki, 10 noyabr bəyanatında əks olunmasına baxmayaraq, Zəngəzur dəhlizi də daxil olmaqla Cənubi Qafqaz üçün aktual olan əməkdaşlıq, təhlükəsizlik və sabitlik məsələlərini real olaraq Qərb həll edə bilər. Pekinin alacağı mesaj isə ondan ibarətdir ki, qlobal layihənin müəllifi Çin olsa da, yalnız Qərblə əməkdaşlıq onun reallaşmasına imkan yarada bilər.
Ekspertlər Çin üçün bu mesajın əhəmiyyətini izah etməyə çalışırlar. Məlumdur ki, Çindən başlayan Yeni İpək yolunun Qərbə tərəf iki istiqamətdə reallaşması nəzərdə tutulur. Onlardan biri Mərkəzi Asiyadan Rusiyaya keçərək, sonradan Cənubi Qafqaza yönəlməli olan marşrutdur. Şimal-Cənub dəhlizi məhz bu baxımdan önəmlidir.
Onu deyək ki, Hindistandan başlayıb İrandan və Ermənistandan keçməsi nəzərdə tutulan marşrut dəstək görmədi. Bu layihəni maliyyələşdirən yoxdur. Bundan başqa, Hindistan üçün perspektivsiz İran-Ermənistan marşrutu strateji baxımdan sərfəli deyildir. Ona görə də Çin kimi, Hindistan da Azərbaycandan keçən marşrutlara üstünlük verməyə məcburdur. Burada Rusiya faktorunu da nəzərə almaq lazımdır. Çünki Moskva İran və Ermənistandan deyil, öz ərazisindən keçməli olan marşruta üstünlük verməlidir. Buna görədir ki, Rusiya Prezidenti Vladimir Putin Şimal-Cənub dəhlizində mühüm yer tutan Rəşt-Astara və Astara-Rəşt dəmir yolu xətlərinin çəkilməsində çox maraqlıdır. Rusiya və İran prezidentlərinin iştirakı ilə iki ölkə arasında Rəşt-Astara dəmir yolunun İrandan keçən hissəsinin inşası barədə saziş imzalanıb. Rəşt-Astara dəmir yolu bu baxımdan Kremlin marağındadır. Onun tikintisi üçün Rusiya İrana 1,3 milyard avro kredit ayırıb. Ondan sonra Astara-Rəşt yolunun inşası gözlənilir.
İki dəhlizin kəsişməsi: əməkdaşlığın qovuşduğu Azərbaycan
Deməli, Rusiya, faktiki olaraq, Cənubi Qafqazda Zəngəzur dəhlizi üçün də əhəmiyyəti olan addımlar atmağa başlayıb. Buradan Zəngəzur uğrunda Qərb-Rusiya geosiyasi mübarizəsinin ümumi mənzərəsini ala bilərik.
Belə görünür ki, Qərb və Rusiya Orta dəhlizə daxil olan Zəngəzur dəhlizinin reallaşmasına yaşıl işıq yandırıb. Lakin onların hər biri bu dəhlizin öz maraqlarına uyğun işləməsinə nail olmağa çalışır. Rusiya çoxdan bəyan edib ki, Zəngəzur dəhlizi onun nəzarəti altında işləyəcək. İrəvan da məcburən bununla razılaşmışdı.
Ancaq indi aydın olur ki, rəsmi İrəvan Qərbə tərəf meyllənməyə çalışır və bunun üçün Rusiyanı satır. N.Paşinyanın ehtiyatlı olmasının səbəblərindən biri də bundan ibarətdir. O çalışır ki, nə Rusiya əzsin, nə də Qərb onu qərarsızlıqda günahlandırsın. Rusiya və Qərbin də Zəngəzur məsələsində məhz Ermənistanı sıxışdırması təsadüfi deyildir.
Məsələ ondan ibarətdir ki, Azərbaycan bu proseslərdə tam müstəqil, konstruktiv yaradıcı və əməkdaşlığa istiqamətlənmiş mövqe nümayiş etdirir. Hətta Prezident İlham Əliyev bu istiqamətdə dəfələrlə çox səmərəli təşəbbüslərlə çıxış edib. Türkiyə də Azərbaycanı bu məsələdə dəstəkləyir. Yalnız İran gərəksiz və əsassız etirazlar edir ki, onlar da rəsmi Bakını tutduğu yoldan çəkindirə bilməz. Deməli, Azərbaycan, faktiki olaraq, Orta dəhliz kontekstində Zəngəzur dəhlizinin reallaşması üçün mümkün olan hər şeyi edir.
Bu zaman Azərbaycan hər hansı geosiyasi gücün - Qərb və ya Rusiyanın tərəfini tutmur. Bunu xarici ekspertlər açıq etiraf edirlər. Onlar Azərbaycan rəhbərliyinin ölkənin maraqları çərçivəsində Zəngəzur dəhlizinin reallaşması üçün çalışdığını vurğulayırlar. Burada Bakının yeganə şərti bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdan ibarətdir.
Ermənistan rəhbərliyi isə adəti üzrə tərəddüdlü və sürüşkən mövqe nümayiş etdirir. Təsəvvür edin, Zəngəzur məsələsində rəsmi İrəvan bir-biri ilə ziddiyyət təşkil edən üç geosiyasi gücün hər biri ilə guya həmrəy olduğunu göstərməyə çalışır. Rəsmi İrəvan İranın rəsmi dairələrinin Zəngəzurla bağlı verdiyi bəyanatları alqışlayır. Eyni zamanda, Rusiyanın şərtləri əsasında dəhlizin açılmasına etiraz etmir (və ya edə bilmir). N.Paşinyan şikayətlənir ki, Ermənistanın dəmir yol şəbəkəsi Rusiyanın nəzarətindədir və Kreml nə istəsə, edə bilər. Azərbaycan Prezidenti İlham Əliyev də bu səbəbdən bir neçə dəfə bəyan edib ki, Zəngəzur dəhlizi məsələsində Rusiya ilə danışmaq lazımdır, çünki Ermənistanın nəqliyyat infrastrukturuna nəzarət Moskvanın əlindədir. Həmin səbəbdən Rusiya Dəmir Yolları ilə danışıqlar daha praktiki nəticələr verə bilər.
Bunların fonunda Qərbin məsələyə qarışması mənzərəni xeyli mürəkkəbləşdirməkdədir. Qərb bu məsələni bütövlükdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin tərkib hissəsi kimi təqdim edir. N.Paşinyan da Brüssel görüşü kontekstində Zəngəzurdan bəhs edib. Bununla da, faktiki olaraq, rəsmi İrəvan mövcud vəziyyəti geosiyasi aspektdə dolaşdırır.
N.Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı verdiyi son bəyanatlarda bu məqamı unutmaq olmaz. O, bir sıra anklavların Azərbaycana verilməsi ilə Zəngəzur məsələsini bağlamaqla erməni cəmiyyətinə və siyasi dairələrinə mesaj ötürür. Bununla Zəngəzur layihəsinə qarşı həm cəmiyyətdəki nadanların, həm də siyasi radikalların etirazını alovlandırır. N.Paşinyan bilir ki, anklavların Azərbaycana qaytarılması məsələsinə erməni cəmiyyəti razı olmayacaq və kütləvi etirazlara yol açacaq. Qərb bunun qarşısında mütləq "kövrəlib, yaxşı, siz deyən olsun" deyəcək. Rusiya da bu cür riskli bir vəziyyətdə Zəngəzur dəhlizinin reallaşmasına bütün gücü ilə çalışmayacaq.
Bununla da Zəngəzur dəhlizi qeyri-müəyyən vaxta təxirə salınacaq və Ermənistan özünə uyğun vaxtı gözləyəcək. Burada hər şey İranı da qane edir. Tehran bu dəhlizin açılmasını qətiyyən arzulamır.
Buradan hansı nəticəni çıxarmaq olar? Qərb və Rusiyanın Cənubi Qafqazda geosiyasi rəqabəti daha da kəskinləşə bilər. Bunun fonunda Ermənistan rəhbərliyinin prosesi uzatmaq istiqamətində addımlar atacağı gözlənilir. Yalnız Azərbaycan və Türkiyə real olaraq kommunikasiyaların açılmasına çalışacaq. Bu isə regionda geosiyasi mübarizənin yeni səviyyəyə yüksəlmə ehtimalının yüksək olduğuna dəlalət edir. Lakin bütün hallarda qələbə haqq, ədalət və səmimi siyasi oyunçularındır. Azərbaycan-Türkiyə müttəfiqliyi qalib gələcək!
Kamal Adıgözəlov