Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycan Respublikasının TARİXİ SƏLƏFİDİR

Azərbaycanın çoxminillik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna yeri var

Azərbaycanın çoxminillik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri bir ayrıcalıq və özünəməxsusluq təşkil edir. Min illərlə ölçülən Azərbaycan dövlətçilik tarixində Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası və başqa dövlətlərin ölkəmizin dövlətçilik ənənələrinin yaranmasında mühüm xidmətləri var. Azərbaycan Atabəyləri hakimiyyəti və Səfəvilər dövrünün isə bu dövlətçilik tarixində yeri iftixarla anılır. Azərbaycan Atabəylərinin hakimiyyəti dönəmləri təkcə Azərbaycanın deyil, vahid idarəçilik və ərazi bütövlüyü çərçivəsində indiki Şərq aləmi və türk dünyasında böyük mədəni intibahın yaşandığı illər kimi iftixarla bəhs olunur. Səfəvilər dönəmi də Azərbaycanın mərkəz olmaqla böyük bir ərazini bir dövlət halında birləşdirərək böyük inkişaf və dirçəliş yaşandığı, ana dilimizin dövlətçilik dilinə çevrildiyi və böyük şah əsərlərin yarandığı zamanlardır. Səfəvilər dövlətinin dağıldığı Azərbaycanın xanlıqlara parçalanaraq idarə olunduğu zamanlar da milli dövlətçilik tariximizdə yer tutur. Bu dövrdə ayrı-ayrı xanlıqların Azərbaycanı birləşdirmək cəhdləri də ölkənin birliyinə, həmrəyliyinə göstərilən cəhdlərin müsbət hadisələridir. Bu baxımdan Səfəvilər hakimiyyətinin süqut edib ölkənin xanlıqlara parçalandığı və Azərbaycanın Rusiya tərəfindən işğal edilib idarə edildiyi bir neçə onilliklər ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, yaşaması və müasir dövlətçilik ənənələri formalaşdırması xüsusi əhəmiyyət kəsb edən mərhələdir.

Azərbaycan Xalq Cümhuriyyəti zəminində müstəqillik idealları dayanan  xalq hərəkatı və ziyalı fəaliyyətinin birləşdiyi ümumxalq mübarizəsinin nəticəsidir

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın çoxminillik dövlətçilik ənənələri üzərində yaranıb müstəqillik tarixindəki boşluğu dolduran və Azərbaycan xalqının dövlətçilik əzmini müvəffəqiyyətlə nümayiş etdirən bir faktdır. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin yaranması on illərlə davam edən milli oyanış və maarifçilik hərəkatının müsbət nəticələri üzərində yaranan, xalq hərəkatı, üsyanları və mübarizələrlə dolu bir ictimai-siyasi tarixi şəraitin doğurduğu məntiqi nəticə kimi Azərbaycan xalqının dövlətçilik əzmini nümayiş etdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də haqlı olaraq Xalq Cümhuriyyətinin yaranmasını Azərbaycanda A.Bakıxanov, Q.Zakir, M.Vazeh, S.Ə.Şirvani, M.F.Axundzadə, H.Zərdabi, N.Vəzirov, C.Məmmədquluzadə, H.Cavid və başqalarının simasında görkəmli şəxsiyyətlərin fəaliyyət əzmləri ilə onilliklər boyu ənənə şəklini alan, bir hərəkata çevrilən maarifçiliyin doğurduğu uğurlu məntiqi nəticə kimi qiymətləndirirdi. Bu görkəmli ziyalıların ictimai və publisistik fəaliyyəti sayəsində təbliğ edilən müstəqillik, milli suverenlik, azadlıq ideyaları geniş səviyyədə xalq arasında yayılaraq XX əsrin əvvəllərindən etibarən kütləvi xalq hərəkatının başlamasına stimul verir. 1918-ci ildə də məhz bütün Şərqdə ilk demokratik, respublika tipli dövlətin yaranmasına cəhd də Azərbaycan xalqının taleyinə düşən bir mübarizənin nəticəsidir. Təsadüfi deyildi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən 16 may 2017-ci il tarixli sərəncamda da məhz bu ictimai zəmin öz təsdiqini tapmışdır. Sərəncamda deyilir: "Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi  və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. ...Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər". Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin yaranması zəminində müstəqillik idealları dayanan xalqın əzmkar mübarizə hərəkatı ilə milli ziyalıların birgə həyata keçirdikləri müstəqillik uğrunda ümumxalq mübarizəsinin nəticəsidir.  

Azərbaycan Xalq Cümhuriyyəti xalq hakimiyyətinə əsaslanan, parlament tipli, respublika quruluşlu, demokratik dövlət olaraq bütün Şərq aləmi və türk dünyasında ilk dəfə Azərbaycan xalqının bəşəri dəyərlərə sədaqətlə həyata keçirdiyi dövlətçilik nailiyyətidir

XX əsrin əvvəllərində Rusiyada inqilab dalğası çarizmin hakimiyyət sütunlarını qırdıqdan, habelə I Dünya müharibəsi və Rus-Türk müharibələri Rusiyanı zəif saldıqdan sonra Qafqaza nəzarət itmiş, hökmü əsaslı surətdə sınmışdı. Belə bir vəziyyətdə Qafqaz xalqları vəziyyətdən istifadə edərək müstəqilliklərini elan etmə qərarını aldılar. Müvəqqəti olaraq yaradılmış Zaqafqaziya Seymi buraxıldıqdan dərhal sonra 1918-ci il may ayının 28-də Azərbaycan da öz müstəqilliyini elan etdi və bütün dünya ölkələrinə istiqlal aktını göndərdi. Beləliklə, Şərqdə və türk dünyasında ilk dəfə ilk konstitusiyalı dövlət quruluşu məhz Azərbaycanda elan olundu. Elan olunan İstiqlal bəyannaməsində müstəqil Azərbaycan Respublikasının yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olduğu ərazilərin hüdudları müəyyən edilmiş, dövlətin əsas fəaliyyət prinsipləri və mövcudluq forması əksini tapmışdı. Həmçinin istiqlal aktında demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər bir vətəndaşın milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi elan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Bu mənada Azərbaycan xalqı bu hadisədə kulturnation - millət-mədəniyyət statusundan tamamilə başqa bir siyasi-hüquqi və mənəvi-psixoloji statusa - Statenation - millət-dövlət statusuna malik olduğunu göstərdi.

İstiqlal bəyannaməsi elan olunan vaxtdan yaranmış Azərbaycan dövləti ən çətin, mürəkkəb, ictimai-siyasi və psixoloji vəziyyətdə fəaliyyət göstərdi. Azərbaycanda müxtəlif maraqları olan və Azərbaycanın müstəqilliyinə qarşı duran qüvvələrin əks fəaliyyətləri şəraitində Azərbaycan dövləti varlığını qorumaq uğrunda mücadilə apardı, tələb olunan siyasi fəaliyyəti nümayiş etdirdi və bir sıra uğurlara da nail oldu. Azərbaycanın tarixi müstəqilliyi elan olunandan sonra dövlətin paytaxtının müvəqqəti olaraq Tiflisdə yerləşməsi də çətin, mürəkkəb vəziyyətin nəticəsi idi. Yalnız Milli hökumətin iyun ayının 4-də qardaş Türkiyə  dövləti ilə bağladığı dostluq müqaviləsi əsasında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişindən sonra Azərbaycanın paytaxtı 18 günlük fəaliyyətdən sonra Gəncəyə köçürüldü. Hər cür maneə və çətinliklərin mövcud olmasına baxmayaraq, Milli hökumət öz dövlətçilik missiyasını həyata keçirməyə cəhd göstərdi və beləliklə, nə qədər çətin və mürəkkəb olmasına baxmayaraq öz dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsini şərəflə yerinə yetirdi. Hər şeydən əvvəl Bolşevik-Daşnaq qırğınlarının qarşısını almaq və işğal olunmuş əraziləri azad etmək mübarizəsi həyata keçirildi ki, bunun uğurlu nəticəsində sentyabrın 18-də Bakı şəhəri azad edildi.

Milli hökumət öz fəaliyyəti dönəmində bir sıra taleyüklü tədbirlər həyata keçirməyə nail oldu. Birinci növbədə dövlətin möhkəmləndirilməsi, tanıdılması və fəaliyyətinin qurulması istiqamətində görülən işlər milli dövlətçilik ənənələrimizin bərpası və zənginləşməyinə misilsiz xidmətlər qatdı. Hər şeydən əvvəl elan olunan və yaranan bu dövlət özünün xalq hakimiyyətinə əsaslanan, parlament tipli, respublika quruluşlu, demokratik dövlət olaraq bütün Şərq aləmi və türk dünyasında ilk dəfə Azərbaycan xalqının bəşəri dəyərlərə sədaqətlə həyata keçirdiyi mübarizə əzmini və dövlətçilik qüdrətini nümayiş etdirdi. Qısa müddət ərzində dövlət atributları istiqamətində görülən işlər - Dövlət bayrağının təsisi, Dövlət himninin təsdiq edilməsi, dövlət sərhədlərinin müəyyənləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər, ana dilinin dövlət dili elan olunması və sair işlər gələcək, müasir, müstəqil Azərbaycan Respublikasına ötürülən ən böyük miras idi.  Bütün dünyada qadına seçib-seçilmək kimi hüquqların verilməsi də ilk dəfə Azərbaycan dövlətinin həyata keçirdiyi ciddi nailiyyətlərdən idi. Azərbaycanın ərazi bütövlüyü uğrunda başladılan mübarizə də dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edirdi. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi əvəzsiz hərbi sərkərdələrin rəhbərliyi atlında başladılan milli ordu quruculuğu bütövlükdə Azərbaycan hərb sənətinin və döyüş əzminin yaşadılmasına böyük imkanlar açdı. Hərbi kadrların yetişdirilməsinə işinə Gəncədə fəaliyyət göstərən kiçik podproporşik məktəbinin Hərbiyyə məktəbinə çevrilməsi ilə davam edildi. Erməni-bolşevik hərbi birləşmələrinə qarşı aparılan mübarizə qüdrəti Azərbaycan milli ordusunun döyüş əzmini təzahür etdirirdi.

Hökumət milli kadr hazırlığı istiqamətində də mütəşəkkil işlər həyata keçirdi. Milli təhsil sisteminin hazırlanmasına nail olunmaqla bərabər 1919-cu ildə Bakı Dövlət Universitetinin də yaranması böyük nailiyyət idi. Dövlət üçün xüsusi əhəmiyyət kəsb edən yeni maliyyə sisteminin formalaşdırılmasına cəhd göstərildi. Xarici siyasət sahəsində də başda Azərbaycana ciddi təhlükə yaradan Rusiya olmaqla digər ölkələrlə danışıqlar aparılmasına, sülh və dəstək alınmasına səy göstərildi. Bütün bunların nəticəsində isə Ə.Topçubaşıov, F.Xoyski və digər görkəmli şəxsiyyətlərin mahir diplomatik fəaliyyəti, siyasi manevraları ilə çoxminillik Azərbaycan diplomatiyası ənənələri inkişaf etdirildi. Hakimiyyətin xalqa enməsi və təbliği istiqamətində "Azərbaycan" qəzeti fəaliyyətə başladı. Əhməd Cavad, demək olar, bütün yaradıcılığını Azərbaycan Xalq Cümhuriyyətinin tərənnümünə həsr edən qüvvətli sənətkar kimi yeni milli poeziya məktəbinin inkişafına vüsət verdi. 1919-cu ildə yaradılan "İstiqlal" muzeyi də Azərbaycanda muzey ənənəsinin yaradılması baxımından da xüsusi bir yeri tuturdu. Beləliklə, Milli hökumət tərəfindən həyata keçirilən çoxsaylı dövlətçilik tədbirləri Azərbaycanın dövlətçilik ənənəsi və müstəqillik əzminin yaşamasına böyük töhfələr verdi və habelə əvəzsiz miras ortaya qoydu. Dövlət sənədində də deyildiyi kimi: "Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. ...Dünya birliyi tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı". Beləliklə, işğalçı rus qoşunlarının Azərbaycana gəlişi ilə 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, yəni Azərbaycan xalqının müstəqilliyi və azadlığına son qoyulsa da, bu ideyalar yaşadıldı, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əzmi sayəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasına nail olundu.

Naxçıvanda yaradılan Araz-Türk Respublikası Azərbaycanın ərazi bütövlüyü daxilində Naxçıvanın qorunması istiqamətində qəhrəman naxçıvanlıların təşkil etdiyi bir məqsəd idi

Bu da xüsusilə qeyd edilməlidir ki, Naxçıvanın Azərbaycanını əsas hissəsindən ayrı salınması planı ermənilər və onların himayədarları tərəfindən bu illərdə əsası qoyuldu. Naxçıvanı ələ keçirmək istiqamətində erməni daşnaqı Andronikin, Dronun və Nijdenin başçılıq etdikləri hərbi birləşmələrin törətdikləri kütləvi qırğın və soyqırımı aktları qəhrəman naxçıvanlıların mübarizə əzmini qırmadı. Naxçıvanlılar öz vətənləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda kütləvi olaraq qətiyyətli mübarizəyə keçdilər. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində səsləndirildiyi və ayrı-ayrı sənədlərdə də əks etdirildiyi kimi, Naxçıvanın qorunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində hökm sürən məsələləri "qəhrəman naxçıvanlılar və igid şərurlular özləri həll etdilər". Naxçıvanda yaradılan və qısa müddət ərazində fəaliyyət göstərən Araz-Türk Respublikası da Naxçıvanın qorunması və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin aparılması üçün qəhrəman naxçıvanlıların təşkil etdiyi bir məqsəd idi. Zəngəzurun ermənilər tərəfindən alınması Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsinə gətirib çıxardı ki, bu da Naxçıvanın Azərbaycana aidliyini təmin etmək məqsədilə muxtariyyət hüququnun əldə edilməsini vacib problem olaraq ortaya qoydu və sonrakı dövrlər məharətli diplomatlarımızın uğurlu fəaliyyəti sayəsində həll edildi.

"Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir"

"Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" deyən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixini daha öncələrə müəyyənləşdirməklə bərabər, həm də Şərq aləmində, o cümlədən türk dünyasında Azərbaycan dövlətçiliyinin oynadığı rolu bir az da artıq aydınlığa çıxardı. "Müstəqilliyimizin əbədi və dönməzliyi üçün" bütün varlığı ilə çarpışan ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə xüsusi önəm verirdi. Belə demək mümkünsə, AXC-nin müstəqilliyimizin və dövlətçiliyimizin əldə olunmasında göstərdiyi tarixi nailiyyətləri ulu öndər Heydər Əliyev özünün böyük zəkası, nadir siyasi uzaqgörənliyi və mahir diplomatiyası, siyasi fəaliyyəti ilə tarixi-təcrübi isbata - varisliyə çevirdi və Azərbaycanın müstəqilliyini yenidən tarixi reallığa çevirməklə "Müstəqilliyimiz əbədi və dönməzdir" qətiyyəti kimi təsdiqlətdi. Bundan başqa Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisliyinə əhəmiyyətlə yanaşan ümummilli lider Heydər Əliyev həm də təcrübədə bunu əsaslandırmaqla və həyata keçirməklə Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri kimi qiymətləndirdiyi bir sıra tarixi nailiyyətləri müstəqil Azərbaycan Respublikasında müəyyən tarixi günlər olaraq təsbit etdirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanının dövlətçilik tarixində mühüm xidmətlər göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinə böyük qiymət verirdi, həm dövlətə, həm də onun yaranmasına böyük əmək sərf etmiş adamlara yüksək həssaslıqla layiqincə qiymət verir, "Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövrdə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsasən dövlət, hökumət yaratmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin əsasını qoymuşlar, həm də Azərbaycanda demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsasını qoymuşlar. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümilvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər" deyirdi. Buna görə də müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü olaraq 26 iyun müəyyənləşdirildi. Habelə Milli Təhlükəsizlik və başqa dövlət əhəmiyyətli sahələrin tarixi günlərini məhz AXC dövründə yaranma tarixini qəbul etdirdi. Ulu öndər siyasətini varisliklə davam etdirən və Azərbaycanın inkişafında yeni mərhələ yaradan uzaqgörən dövlət başçısı Prezident İlham Əliyev də bu ənənəni inkişaf etdirərək Azərbaycan Xalq Cümhuriyyətinin yubileylərinin təntənəli surətdə keçirilməsi ilə bağlı sərəncamlar imzalamış, AXC dövründə üçrəngli ay-ulduzlu bayrağımızın qaldırıldığı 9 noyabr tarixini müstəqil respublikamızın Bayraq Günü elan olunmasını təmin etmiş, həmçinin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması ilə əlaqədar sərəncam imzalayaraq ölkəmizdə və ölkəmizdən kənarda da silsilə tədbirlərin həyata keçirilməsinə şərait yaratmış, bu şanlı tarixin şərəfinə ölkəmizdə və qardaş Türkiyə Cümhuriyyətində pul nişanları da dövriyyəyə buraxılmışdır. Bundan başqa milli oyanış və dirçəlişdə mühüm xidmətləri ilə xatırlanan görkəmli ziyalı Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında, habelə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin görkəmli simalarından olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin, türk dünyası qardaşlığına öz yaradıclığı ilə ədəbi körpü rolunu oynamış İstiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyinin keçirilməsi  və s. haqqında verilən sərəncamlar da  tarixi keçmişə və mühüm xidmətləri olan görkəmli simalara göstərilən dövlət qayğısı və ümumxalq ehtiramının bariz ifadəsi kimi razılıq doğurur. "Azərbaycan Xalq Cümhuriyyəti" Ensiklopediyasının nəşri də milli dövlətçilik tarixinə böyük ehtiramın və sədaqətin nümunəsidir. Beləliklə, müstəqilliyin bərpa edildiyi və ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra siyasi varislik tam mənası ilə özünü davam və inkişaf etdirmişdir.   

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxmasını Azərbaycan xalqının milli azadlıq və  mübarizə fəaliyyətinin məntiqi nəticəsi, böyük tarixi nailiyyəti hesab edirdi. "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır", - deyə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını Azərbaycan xalqının mübarizə əzmi və milli azadlıq mücadiləsinin nəticəsi kimi qiymətləndirirdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin həm də hüquqi məzmunu və siyasi əhəmiyyətinə ən yüksək qiyməti ifadə edirdi: "Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir".

"Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır" deyən ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin siyasi talesizliyi və uğursuzluğunu da elmi-təcrübi olaraq izah edərək siyasətin ən böyük və əsas məsələsi kimi şərh edir və bildirirdi ki, "İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bu fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik". Bu mənada ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi, tarixi xidmətləri, mahir siyasəti və dönməz milli mücadiləsi nəticəsində əldə olunan müstəqil Azərbaycan dövləti öz siyasi fəaliyyət proqramı ilə Azərbaycan Xalq Cümhuriyyəti ilə siyasi varisliyini ifadə etdiyi kimi, onun tarixi təcrübəsinə bir sira yeniliklər qatmaqla həyata keçirə bilmədiklərini böyük əzm və siyasi qüdrətlə həyata keçirdi, dövlətçilik tariximizin natamam qalmış səhifələrini və dövlətçilik nəzəriyyəsini yenidən yazdı. Belə ki, ulu öndərin ləyaqətli varisi olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik əzmi ilə tariximizə şanlı zəfər tarixini yazdı. İşğal altındakı torpaqların böyük qələbə ilə işğaldan azad edilməsi ilə Azərbaycan torpaqlarının bütövlüyü məsələsi öz həllinə qovuşdu. Bu gün Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə Azərbaycan xalqının dogma torpaqları olan Qərbi Azərbaycana böyük Qayıdış missiyası da uğurla həyata keçirilir. Zəngəzur yolunun açılmasında Azərbaycanın göstərdiyi konstruktiv mövqe beynəlxalq sülhə, əmin-amanlığa və iqtisadi tərəfdaşlığa xidmət edir.  Biz əminik ki, xalqımız Müzəffər Liderimizin uzaqgörən, müdrik qərarları sayəsində arzularına çatacaq, tarixi torpaqlarımızda yaşamaq haqqına tezliklə qovuşacağıq!

Ramiz QASIMOV

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31