İlham Əliyev: "Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun tezliklə yaradılması çox önəmli hadisə olacaq"
16 Avqust 2013 13:11 SiyasətTürk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun tezliklə yaradılması çox önəmli hadisə olacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, XXI əsr əsr türk dünyasının əsri olmalıdır: "Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı var. Biz bütün müsbət meylləri gücləndirməliyik. Hesab edirəm ki, bugünki Zirvə görüşü bu amallara xidmət edir və Zirvə görüşünün uğurlu nəticələri olacaq. İndi isə təklif edirəm ki, gündəliyi qəbul edək".
Dövlət başçısı bildirib ki, bu gün quruma üzv olan ölkələr uğurla və inamla inkişaf edir: "Bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən, əfsuslar olsun ki, İslam dünyasında proseslər müxtəlif istiqamətdə gedir. Qarşıdurmalar, vətəndaş müharibələri, digər xoşagəlməz hallar baş verir. Bizim diyarlarımızda, türk diyarında isə sabitilik, inkişaf hökm sürür. Bu, böyük nailiyyətdir, böyük sərvətdir. Xüsusilə nəzərə alsaq ki, dünyada hələ də maliyyə və iqtisadi böhran davam edir. Bizim ölkələrin ümumi inkişafı ölkələrdə mövcud olan sabitlik və tərəqqi hesab edirəm ki, xalqlarımızın böyük nailiyyətidir, dövlətlərimizin böyük sərvətidir. Biz bu sərvəti qorumalıyıq, inkişaf etdirməliyik".
İlham Əliyev qeyd edib ki, türdilli ölkələrin mədəniyyəti də bir-birinə çox bağlıdır: "Bizim köklərimiz də eynidir, bayramlarımız da eynidir, dillərimiz də bir-birinə oxşayır. Yəni humanitar sahə bizim əməkdaşlığımız üçün əsasdır. Yəni əgər bu, olmasaydı, yəqin ki, əməkdaşlıq bu dərəcədə inkişaf etməzdi. Ona görə də əlbəttə ki, humanitar sahədə aparılan işlərə çox böyük diqqət göstərilməlidir. TÜRKSOY-un fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. TÜRKSOY türkdilli ölkələrdə fəal iş aparır və beləliklə, türk dünyasının birləşməsinə xidmət göstərir".