“Misirin müvəqqəti hökumətinə Qərb və ABŞ-ın güclü dəstəyi var” - AÇIQLAMA
Razi Nurullayev: “Ordu bundan sonra da davamlı olaraq müqavimət göstərib sabitlik yaratmağı bacarmazsa, hakimiyyəti ələ keçirən “Müsəlman Qardaşları”nın ciddi diktaturası yaradılacaq”
16 Avqust 2013 13:04 Siyasət"Misirdə çox ciddi proseslər baş verir. Suriyadan fərqli olaraq Misirdə situasiyanın müxtəlif istiqamətdə inkişaf etmək imkanları var. Birincisi, hökumətin çox güclü ordusu mövcuddur və ordunun ölkədə stabillik yaratması üçün güclü səlahiyyəti var. Bunun müqabilində hökumətə xüsusilə Qərb və ABŞ-ın güclü dəstəyi var. Bəşər Əsədin isə belə bir imkanları yoxdur". AXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev "Suriya ssenarisinin Misirdə təkrarlanması mümkündürmü?" sualına cavab verərkən belə deyib. Razi Nurullayevin sözlərinə görə "Müsəlman Qardaşları" Hərəkatı hal-hazırda ciddi qarşıdurmalar yaradır və devrilmiş prezident Məhəmməd Mursinin hakimiyyətə qaytarılmasını tələb edir. Ortada olan fakt ondan ibarətdir ki, "Müsəlman Qardaşları"nın iki yerdə təşkil etdiyi etiraz nümayişləri dağıdılıb. Rəsmi statistikaya görə 578 nəfər öldürülüb, 2 mindən çox insan yaralanıb. Görünən budur ki, əgər "Müsəlman Qardaşları" hakimiyyəti ələ keçirməyi bacararsa, həm müvəqqəti hökumətin başçısı Ədli Mansur, eyni zamanda müdafiə naziri, general əl-Sisi də həbs edilib edam oluna bilərlər. AXCP rəsmisi hesab edir ki, ordu bundan sonra da davamlı olaraq müqavimət göstərib sabitlik yaratmağı bacarmazsa, hakimiyyəti ələ keçirən "Müsəlman Qardaşları"nın ciddi diktaturası yaradılacaq: "Bunun müqabilində minlərlə insan güllələnəcək və həbs olunacaq. Ordu və Qərb bunu çox gözəl başa düşür. Vəziyyətin bu istiqamətdə inkişaf etməməsi üçün komandanlıq ordunun səlahiyyətlərini artıraraq Misirdə stabilliyi yaratmağı bacaracaq. Buna görə də Suriya ssenarisinin Misirdə təkrarlanması mümkün deyil. Hesab edirəm ki, ordu "Müsəlman Qardaşları"na göstərdiyi müqaviməti daha da sərtləşdirəcək". ("OLAYLAR" İA)