Milli Şura və Müsavat arasında hərarət qalxır

Müsavatçılar başqanın adından şuraya qarı hücuma başlayıblar

Müsavat Partiyasının üzvü Adil Qeybulla mətbuata Müsavatın Milli Şuradan çıxmalı olduğunu bildirib. A.Qeybulla məsələnin geniş müzakirəsi üçün başqan İsa Qəmbərlə görüşəcəyini deyib: "İsa Qəmbər kimi bir siyasətçinin Milli Şura kimi avantürüst qurumda olması qəbuledilməzdir. Milli Şurada olanların bəzilərinin cilovu müxtəlif əcnəbi əllərdədir. MŞ üzvlərinin Rüstəm İbrahimbəyovun namizədliyinin üzərində təkid etməsi və alternativ namizədin irəli sürülməməsi şübhəlidir. Bunu Müsavatın seçkilərdən kənarda saxlanılması kimi də qəbul etmək olar. Müsavat Milli Şurada qala bilməz. Partiya öz mövqeyini bildirib, seçkilərdə tək iştirak etməlidir". Aqil Qeybullanın iddiaları Milli Şuranın KXCP-ın Qərargahında keçirdiyi brifinqdə açıq şəkildə özünü göstərdi. ALP, AXCP, ACP və "EL" Hərəkatı Müsavatın seçkilərdə öz namizəd ilə iştirak etməsinə qarşı çıxdılar. Bu isə o deməkdir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə Milli Şuranı təşkil edən həmin qurumlar İsa Qəmbərin namizədliyini dəstəkləməyəcəklər. Müsavat başqanı İsa Qəmbər isə Milli Şuranın dəstəyini qazanmaq üçün Tbilisidə Rüstəm İbrahimbəyovun razılığını aldı. Lakin həmin görüşdən sonra tamamilə məlum oldu ki, əslində Rüstəm İbrahimbəyov Milli Şurada o qədər də əhəmiyyətli fiqur deyil. Bütün idarəçilik isə Eldar Namazovun əlində cəmləşib. Qurumun İcra Aparatının sədri İsa Qəmbərin namizədliyinin qarşısında "yaşıl işıq" yandırsa, Müsavat başqanı Milli Şuranın vahid namizədi kimi seçkilərdə iştirak edəcək. Lakin bu ehtimalın doğrulması sıfıra bərabərdir. Çünki E.Namazovun əsas məqsədi məhz İsa Qəmbərin namizədliyinin qarşısını almaqdır. Bu işdə politoloqun əsas ortağı Əli Kərimli olduğundan AXCP sədrinin də şuranın vahid namizədi olacağı inandırıcı deyil. İsa Qəmbərin namizədliyi AXCP-"EL" Hərəkatı tandeminə ayaq uydurmağa çalışan ACP və ALP-nin də ideoloji-siyasi xəttinə uyğun gəlmir. Çox güman ki, bütün bunları nəzərə alan Müsavat başqanı Adil Qeybullanın təklifinə müsbət rəy verərək Milli Şuranı tərk edəcək.   

***

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli Milli Şuraya təklif irəli sürərək bildirib ki, əgər Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi və namizədliyinin qeydə alınması mümkün olmursa, İsa Qəmbərin namizədliyi irəli sürülməlidir: "Amma İsa bəyin özü belə təklifi bu formada irəli sürmədi. Ona görə ki, bizim müttəfiqlərimizin şəxsi ambisiyalardan geri çəkilməyəcəyinə əmindir. İsa Qəmbər yenə də şəxsi maraqları yox, ümumi maraqları ortaya qoydu və Milli Şuranın bitərəf namizədi irəli sürülməlidir konsepsiyasına uyğun olaraq təklif irəli sürdü". Hacıbəylinin açıq şəkildə deyə bilmədiyi şəxsi ambisiyalardan geri çəkilməyən şəxslər ACP sədri Sülhəddin Əkbər, lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət, sədri Əvəz Temirxan və AXCP sədri Əli Kərimlidir. "EL" Hərəkatının sədri Eldar Namazov isə müəyyən qrupun ambisiyalarına xidmət edir. Milli Şuranın keçirdiyi brifinqdə məhz həmin qurumlar İsa Qəmbərin namizədliyinə qarşı çıxaraq, məsələni avqustun 18-də keçirilməsi planlaşdırılan mitinqlə ört-basdır etməyə çalışdı. Lakin ALP, ACP, AXCP və "EL"in İsa Qəmbərə qarşı üstü örtülü qərəzli fikirləri Müsavat funksionerlərinin nəzərindən yayınmadı. Təbii olaraq media vasitəsilə müsavatçılar başqanın adından Milli Şuraya qarşı hücuma başladılar. Mustafa Hacıbəylinin Müsavatı şuranı tərk etməsi təklifini də eyni məntiqə əsaslanır. 

***

Milli Şura Rüstəm İbrahimbəyovun namizədliklə bağlı sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməyə hazırlaşır. Bu barədə mətbuata açıqlamasında "El" hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib. O bildirib ki, hazırda R.İbrahimbəyovun MSK-ya təqdim olunacaq sənədlərinin toplanması yekunlaşdırılmaq üzrədir: "MSK-nın tələbnaməsinə uyğun olaraq sənədlər hazırlanır. Sənədləri MSK-ya Milli Şuranın hüquqşünası aparacaq". Şura üzvləri isə son zamanlarda mətbuata açıqlamalarında Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı yox, federasiyanın "Fəxri vətəndaşı" olduğunu iddia edirlər. Milli Şura bununla qanunvericilikdən başı çıxmayan 5, ya da 10 nəfər savadsız insanı aldada bilər. MSK kimi böyük bir dövlət qurumu qarşısında belə bir iddia ilə çıxış etmək gülüş doğurur. Əslində "Fəxri vətəndaş" iddiası bir daha Milli Şuranın ciddi iş arxasında olmadığını sübut etdi. Tutaq ki, Rüstəm İbrahimbəyova Kreml başçısının xüsusi sərəncamı ilə Rusiyanın "Fəxri vətəndaş" statusu verilib. Bəs həmin R.İbrahimbəyovun Rusiya və ABŞ dövlətləri qarşısında vergi öhtəliyi, son 10 ilini Azərbaycanda yaşamaması və sədri olduğu Kinomateqrafiya İttifaqına qarşı hüququ mühafizə orqanları tərəfindən vergi qaçaqçılığı ilə bağlı açılan cinayət işi yoxdur? Həmin problemlər olmasa belə R.İbrahimbəyov tanınanlar arasında populyar olsa da sadə kütlə tərəfindən populyarlığı azdır. Tanıyanlar da 74 yaşlı rejissoru siyasətçi kimi yox, mədəniyyət xadimi kimi bilirlər. Buna görə də R.İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün lazım olan imzaları toplaması da inandırıcı deyil. İsa Qəmbərin sözü olmasın, Milli Şura seçkilərə Rüstəm İbrahimbəyovsuz gedəcək. Qurum isə rejissordan başqa namizəd seçmək niyyətində deyil. Bu isə o deməkdir ki, Eldar Namazovun təşkilatçılığı ilə Milli Şura seçkiləri boykot yoluna üz tutacaq. Müsavat Partiyası isə şuradan ayrılaraq seçkilərdə İsa Qəmbərin namizədliyilə iştirak edəck.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00