“Rüstəm İbrahimbəyovdan prezidentliyə namizəd çıxmaz” - FİKİR

Əli Əhmədov: “Dövlət başçısı isə ölkə vətəndaşları tərəfindən dəstəklənir”

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin  başa çatmasına baxmayaraq hələ də siyasi analitiklər səfərin təfərrüatlarını analiz etməkdə davam edirlər. Məsələ orasındadır ki, səfərin siyasi, iqtisadi əsasları, ölkələr və xalqlar arasındakı münasibətlərin inkişafına təsiri, dövlətlərarası əməkdaşlığın genişlənməsi  və ən nəhayət regional əhəmiyyəti kimi məsələlər qalıb kənarda,  yalnız səfərin guya Azərbaycanda keçiriləcək prezident seçkilərinə hesablanması ilə bağlı müxtəlif mülahizələr irəli sürülməkdədir. Xüsusən bəzi müxalifət qəzetlərində Putinin Azərbaycana səfərinin guya prezident seçkilərində İlham Əliyevə dəstək kimi təqdim olunmasına daha çox önəm verilir.  Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası sədrinin müavini, millət vəkili Əli Əhmədov deyib ki, Azərbaycan Prezidentini qarşıdan gələn seçkilərdə dəstəkləyən yeganə qüvvə Azərbaycan xalqıdır,  Azərbaycan seçiciləridir. Onun sözlərinə görə, ölkədə keçirilən müşahidələr, sorğular deməyə əsas verir ki, Azərbaycanda keçirilən prezident seçkilərində əhalinin mütləq əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir: "İlham Əliyev dəstəyi müxalifətdən fərqli olaraq, Azərbaycandan kənarda deyil, Azərbaycanın içərisində əldə edib, dövlət başçısı ölkə vətəndaşları tərəfindən dəstəklənir. Bu dəstək qarşıdan gələn Prezident seçkilərində onun uğur qazanması üçün kifayət edir. Başqa dəstək Azərbaycana lazım deyil". Putinin Azərbaycana səfərinin konturlarına gəldikdə, Ə.Əhmədov bildirib ki,  Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. İki ölkə arasında münasibətlər normaldır və bunun inkişaf etdirilməsinə hər iki tərəf səylərini göstərir. İki ölkə arasında münasibətlərin inkişaf etməsi hər iki dövlətin mənafeyinə uyğundur.

Sədr müavini qeyd edib ki, müxalifətin seçkilərə start verdiyi bir dövrdə namizəd axtarışına çıxması ondan xəbər verir ki, müxalifət seçkilərə hazır deyil, özünə inamını tamamilə itirib, Azərbaycan vətəndaşları müxalifət təmsilçilərini dəstəkləmirlər. O, əlavə edib ki, müxalifətin vahid namizəd kimi təqdim etdiyi Rüstəm İbrahimbəyovdan prezidentliyə namizəd çıxmaz: "Onun nə yaşı, nə siyasi təcrübəsi, nə ümumiyyətlə, məsuliyyətsizliyi ciddi seçki kampaniyasında iştirak etməyə imkan verir. Bu qədər hüquqi cəhətdən problemləri olan bir insanın seçki kampaniyasına qoşulmaq haqqında fikirləri ortaya qoymaq elə onun məsuliyyətsizliyindən xəbər verir". Ə.Əhmədovun fikrincə, müxalifət seçkiyə qatılmaq üçün öz arasında namizəd tapa bilmir. Çünki bilirlər ki, Azərbaycan vətəndaşları onlardan olan bir namizədi dəstəkləməyəcək: "Düşünürdülər ki, bəlkə Rüstəm İbrahimbəyovu kinorejissor olduğuna görə dəstəkləsinlər. Amma ölkə prezidenti seçilmək üçün kinorejissor olmaq kifayət deyil. Ölkə pezidenti seçilmək istəyən şəxs insanların etibarını qazanmalıdır, siyasi səriştəsi olmalıdır, insanlar onun gələcəkdə ölkəyə rəhbərlik etmək bacarığına malik olduğunu görməlidirlər. Bütün bu parametrlərdən məhrum olan bir insanın seçki kampaniyasına qoşulmaq iddiası insanları aldatmaqdan başqa bir şey deyil".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00