Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərib - ÖZƏL
8 May 2023 11:04 Siyasət"Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ümummilli Lider dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir".

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir: "Onun düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı, erməni yalanları əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı hazırlanan oroqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Ulu Öndər daim onların məskunlaşdığı ərazilərə baş çəkir, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin dövlət başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Bütün bu addımların əsasında Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, problemin həlli üçün möhkəm hüquqi bazanın yaradılması dayanırdı".