Qərbi azərbaycanlıların da Ermənistanda hüquq və təhlükəsizliyi təmin edilməlidir - ÖZƏL

Vaşinqton danışıqlarının necə bitəcəyi haqda orada nə baş verdiyindən  hər kəsdən daha çox xəbərdar olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin artıq ilkin açıqlaması var. Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilən dünənki beynəlxalq konfransda  səsləndirlən həmən açıqlama elə də nikbin deyil. Səbəbinə də dövlət başçımız  yenə özü aydınlıq gətirdi.  O bildirdi ki,  qarşı tərəf Azərbaycanın terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizə haqda  təklifinə cavabında "separatizm" sözünün üstündən xətt çəkib. Bu, nə deməkdir? O deməkdir ki,  Ermənistan Azərbaycana qarşı torpaq iddialarına son qoymaq niyyətində deyil. Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Vaşinqton danışıqlarının arzulanan şəkildə bitəcəyi haqda bir halda əminlikə danışmaq olardı ki, onun təşkilatçısı ədalətli demirəm, çünki dünyada hegemonluq edən, yaxud da buna can atan hər hansı bir gücdən ədalət gözləmək sadəlövlükdür,  beynəlxalq hüquq və normaların prinsipial tərəfdarı kimi çıxış etsin. ABŞ-ın hərəkətlərində isə biz bunu görmürük.

Sözü gedən ölkənin  bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təşviq edilməsi vurgulandığı halda bizimkinə yanaşmada eyni mövqe sərgilənmir. Orada  sadəcə  Ermənistanla Azərbaycan arasında sülhün təşviqindən söhbət gedir. Soruşuram, nəyə əsaslanan sülhün? Ermənistanın Azərbaycan qarşı torpaq iddiasına dayanan sülhümü ABŞ nəzərdə tutur? Belə deyilsə, nədən öz səfirini Şuşaya göndərmir və Qarabağın Azərbaycan torpağı olmasını açıq şəkildə dilə gətirimir?

Cənab İlham Əliyevin də Şuşada vurğuladığı kimi çox təəssüf ki,  Ermənistan özü indi bizim ərazi bütövlüyümüzü tanımağa "Qərbdəki bəzi dostlarından" daha meylli görünür və ötən ilin oktyabrındakı Praqa, Soçi  Bəyannamələri də təsdiqəyir ki, "A" deyən rəsmi İrəvan "B" də deyə bilər. Əlbəttə, əgər Praqa görüşündə Paşinyana yandaşlıq edən Makronun ölkəsi Fransa, yaxud da Soci görüşünü təşkil edən Rusiya və digərləri maneçilik törətməsələr. Amma törədirlər. Fransanın Erməinstandakı revanşizm tərəfdarlarından daha çox revanşist hərəkətləri, Kremlin sözçüsü Peskovun Vaşinqton görüşü haqda son açıqlaması məhz bunu deməyə əsas verir.

O üzdən də  Azərbaycan Prezidenti çoxtərəfli yox, Ermənistanla ikitərəfli danışıqlar aparmağın daha önəmli və belədə real nəticələrin əldə edilməsi perspektivinin daha yükəsk olduğunu bildirir.

Dövlət Departamentinin təmsilçisi Vedant Patelin dedikləri də göstərir ki, effektlilik baxımından onlar da birbaşa dialoqa üstünlük veirirlər. Yeri gəlmişkən, Vaşinqton danışqları zamanı eşitdiyim ən önəmli açıqlama Antoni Blinkenin milli azlıqlar probleminin sonrakı mərhələdə həlli ilə bağlı sözləridir. Mən belə başa düşürəm ki, ABŞ  artıq Qarabağdakı hayların orada qalıb təhlükəsiz yaşamaları üçün Qərbi azərbaycanlıların da öz yurd yerlərinə qayıtmalarının önəmliliyini anlayır. Və onu da anlayır ki, onların da Ermənistanda hüquq və təhlükəsizlikləri təmin edilməlidir.

Orasını da deyim ki, bəzi dövlətlər sülh anlaşması olmadan Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və əməkdaşlığa başlanması haqda da düşünürlər. Ancaq Azərbaycan Prezidentinin dünən Şuşada dediklərindən də aydın görünür ki,  buna getməyəcəyik. Niyə də getməliyik?  Bizə qarşı düşmənçilik siyasəti yeridənlərin güclənib yenidən torpaqlarımızı işğal etmək fikrinə düşmələri üçünmü? Ona görə də dövlət başçımızın da bildirdiyi kimi Ermənistan sülh anlaşmasını imzalamayacağı təqdirdə, torpaqlarımız işğal altında olarkən həmən ölkəyə qarşı hansı siyasət yeridilmişdisə eynisi yeridiləcək. Yəni o, yenə də təcrid vəziyyətində saxlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31