Heydər Əliyevin xidmətləri olmasaydı, Azərbaycan yəqin ki, qeyri-sabitlik zolağında davam edəcəkdi - ÖZƏL
4 May 2023 16:37 Siyasət"Heydər Əliyevin istər birinci hakimiyyəti dövrünün, istərsə də ikinci hakimiyyəti dövrünün müasiri olaraq deyirəm ki, əlbəttə ki, sovet dövründə Heydər Əliyevin rəhbərliyi məlum rejimin qayda-qanunları çərçivəsində idi. Amma buna baxmayaraq, Heydər Əliyev faktiki olaraq SSRİ daxilində, yəni, o sərt nəzarət çərçivəsində belə Azərbaycanın milli maraqlarını hər şeydən üstün tuturdu və bunu yetərincə yüksək səviyyədə təmin edə bilirdi. Bunun səbəbi də olaraq, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası qəbul edilərkən, Sovet dönəmində ilk dəfə o konstitusiyada Azərbaycan dilinin dövlət dili olması müddəası yer aldı".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Təbiidir ki, bununla iş bitmədi. Heydər Əliyev ümumiyyətlə milli dirçəliş məsələlərinə çox ciddi diqqət yetirirdi. Eyni zamanda, xüsusi olaraq bu günümüzlə səsləşən bir məqamı vurğulamalıyıq ki, yenə də Heydər Əliyev Moskvadan icazə alaraq, güney mühacirlərin ali təhsili üçün şərait yaratmışdır. Yəni, bunu sovet dövründə etmək asan məsələ deyildi. Müstəqillik dönəmində isə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra pərən-pərən düşmüş Azərbaycan xalqını vahid bir ideologiya - Azərbaycançılıq ətrafında birləşdirməyi bacardı, ölkəni qısa bir müddət ərzində sabitlik zolağına daşımağı bacardı, xalqlar arasında nifaq toxumu səpənləri zərərsizləşdirdi və ümumilikdə Azərbaycanı sabitləşdirərək inkişaf yoluna çıxartdı. Faktiki olaraq, Heydər Əliyevin o xidmətləri olmasaydı, Azərbaycan yəqin ki, qeyri-sabitlik zolağında davam edəcəkdi və biz çox ciddi problemlər yaşayacaqdıq. Nəticədə isə, nə baş verdi? Heydər Əliyevin ardından onun layiqli davamçısı olan Prezident İlham Əliyev o əsaslar, təməllər üzərində inkişaf edən bir Azərbaycan qurdu. Yəni, Heydər Əliyev o təməlləri atdı, əlbəttə, ömür vəfa etsəydi, yəqin ki, özü davam etdirəcəkdi. Amma ömür vəfa etmədi, buna baxmayaraq, onun oğlu, layiqli siyasi varisi İlham Əliyev atılmış təməllər üzərində uğurlu bir Azərbaycan dövləti qurdu. O həddə qədər ki, torpaqlarımızı belə düşmən işğalından öz gücümüzlə azad edəcək qədər qüdrətləndik. Bu gün Azərbaycanın bayrağı Şuşada dalğalanır, artıq Laçın yolunda sərhəd nəzarət məntəqəsi qurmuşuq. Yəni, bütün dünya Azərbaycanla hesablaşıb. Bütün bunlar əlbəttə ki, Heydər Əliyevin istər birinci hakimiyyəti dövründə, istərsə də ikinci hakimiyyəti dönəmində atdığı təməllər hesabına və əlbəttə ki, bu təməllər üzərində uğurlu bir dövlət qurmağı bacarmış onun varisinin hesabına mümkün oldu".