İstənilən dövlət quruculuğu modelində vətəndaş cəmiyyətinin rolu böyükdür

İstiqamət:   Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Müstəqillik illərindən sonra Azərbaycanda diqqət yetirilən sahələrdən biri də vətəndaş cəmiyyətinin inkişafı oldu. Düzdür, müstəqilliyin ilk illərində bu sahəyə o qədər də diqqət yox idi. Lakin ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş cəmiyyəti ciddi şəkildə inkişaf etməyə başladı.

Dövlət-Vətəndaş cəmiyyəti münasibətləri üzrə Qlazqo Universitetinin məzunu Vüqar Əhmədov deyir ki, istənilən dövlət quruculuğu modelində və dövlət idarəetməsində vətəndaş cəmiyyətinin rolu böyükdür. Onun sözlərinə görə, güclü vətəndaş cəmiyyəti olmadan güclü dövlətə nail olmaq mümkün deyildir: "Bu amildən çıxış edərək Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə vətəndaş cəmiyyətinə geniş şərait yaratmış və onların rahat və effektiv fəaliyyəti üçün müvafiq qanunvericilik bazasının formalaşmasına dair fərman və sərəncamlar vermişdir. O zaman dövlətimizin iqtisadi baxımdan hələ yeni dirçəldiyini nəzərə alan Ümummilli Lider Qərbin və dünyanın aparıcı beynəlxalq təşkilatlarını ölkəmizə dəvət etmiş və onların fəaliyyət göstərməsi üçün münbit şərait yaratmışdır. Sözsüz ki, müstəqilliyimizin ilk illərində bu amillər vətəndaş cəmiyyəti quruculuğunda və onun inkişafında misilsiz xidmətləri olmuşdur. Böyük sayda vətəndaş cəmiyyəti təsisatları və QHT-lər dövlət qeydiyyatına alınmış və onların hərtərəfli fəaliyyəti üçün lazım olan bütün şərait yaradılmışdır. Bu onu göstərir ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında hər zaman maraqlı olmuşdur".

Vüqar Əhmədov deyib ki, sonrakı mərhələdə, artıq Azərbaycanın bir dövlət kimi gücləndiyi bir zamanda Azərbaycan nadir bir ölkələrdən oldu ki, ölkədə geniş sayda milli donor institutu yaradıldı və formalaşdı: "Milli donor institutu Azərbaycanın vətəndaş cəmiyyəti üçün təkcə maliyyə mənbələri olmamış, eyni zamanda vətəndaş cəmiyyəti təsisatlarının konsultasiya, peşəkarlıq və bacarıqlarının artırılması üçün yeni imkanlar yaratmışdır. Bütün bunlar dünyada baş verən iqtisadi böhranlara baxmayaraq vətəndaş cəmiyyətinin dayanaqlılığını təmin etmiş və onun yeni mərhələyə keçidini təmin etmişdir. Bu mərhələ artıq ölkədə oturuşmuş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən və söz sahibi olan, dövlətin də hesablaşdığı, güclü beynəlxalq əlaqələrə və təcrübəyə malik vətəndaş cəmiyyəti təsisatlarının olduğu bir dövrdür".  

Onun sözlərinə görə, artıq post-münaqişə dövrünün yeni reallıqlarından irəli gələrək Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları fəaliyyətlərini bu reallıqlara əsasən formalaşdırır: "Bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da vətəndaş cəmiyyəti təşkilatları dövlətin vacib sütunlarından sayılır və ölkənin ictimai həyatında fəal rol alır. Bu gün Dövlət-vətəndaş cəmiyyəti münasibətləri keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub və bir-birinin fəaliyyətini sinxronlu şəkildə tamamlayır. Xankəndi-Laçın yolunda başladılmış aksiyanın əsas təşəbbüskarı rolunda çıxış edən vətəndaş cəmiyyəti sektoru dövlətin başlatmış olduğu milli maraqlarımızın qorunması işini sivil mübarizə ilə davam etdirmişdir. Azərbaycanın vətəndaş cəmiyyəti ölkəmizdə aparılan bütün sahələrdə islahatlara hər zaman dəstək vermiş,  milli maraqlarımızın və haqq səsimizin dünyaya çatdırılması üçün səylərini davam etdirmişdir. İkinci Qarabağ savaşında arxa cəbhədə və informasiya müharibəsində vətəndaş cəmiyyəti təşkilatları öz fəaliyyətləri ilə mübarizəyə dəstək olmağa çalışmışlar. 

Xankəndi-Laçın yolunda 140 günə yaxın davam edən aksiya Azərbaycanda yumşaq gücün təntənəsi sayıla bilər. Bununla Vətəndaş cəmiyyəti beynəlxalq ictimaiyyətə və qonşularımıza sülhə nail olmaq üçün sivil mübarizəni nümayiş etdirdilər. Azərbaycanın vətəndaş cəmiyyəti hər zaman öz dövlətinin yanında olmuşdur və xüsusən indiki, dövlətimiz və xalqımız üçün həssas və önəmli bir dönəmdə bu mübarizəni daha geniş səviyyədə davam etdirirlər". 

Vüqar Əhmədov deyib ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları və ümumilikdə vətəndaş cəmiyyəti inkişaf baxımından elə bir mərhələyə gəlib çatmışdır ki, dövlətlə çiyin-çiyinə milli maraqlarımızın müdafiəsində dayanıb və bu vəhdətin nümunəsini həm vətən müharibəsində, eləcə də Xankəndi-Laçın yolundakı aksiya zamanı hər birimiz şahidi olduq. Bu o deməkdir ki, vətəndaş cəmiyyəti sektoru üçün ən ümdə və prioritet məsələ Azərbaycanın suverenliyi və ərazi bütövlüyüdür:

"Bəzən bizlər "vətəndaş cəmiyyəti sektoru nəyə lazımdır və nə işlər görür" kimi fikirlərlə rastlaşırdıq. Son dövrlər həyata keçirilən tədbirlər, bu sektorda gedən yenilənmə, yeni vətəndaş cəmiyyəti təsisatlarının sayının keyfiyyət baxımından daha da çoxalması, ölkənin müxtəlif sahələrini əhatə edən problemlərin həllində fəal iştirakı və bu sahədə beynəlxalq qurumlarla fəal əməkdaşlığı, bununla yanaşı milli maraqlarımızın müdafəsində lazımlı mesajları dünyaya çatdırmaq və hüquqi dövlət quruculuğunda peşəkar iştirakı bir daha sübut etdi ki, ölkəmizin və milli maraqlarımızın ən həlledici məqamında məhz Azərbaycanın vətəndaş cəmiyyəti öz sinələrini qabağa verərək fədakarlıq nümayiş etdirirlər.

Eyni zamanda qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti yeniləşən Azərbaycanda müxtəlif sahələrdə aparılan islahatlara uyğun olaraq öz fəaliyyətlərini qururlar, artıq beyin mərkəzi rolunda çıxış edirlər, bölgədə sülh quruculuğu və etimad mühitinin qurulmasında körpu rolunu oynayaraq mövcud potensiala malik olduğunu bir daha namayiş etdirirlər. Azərbaycanın vətəndaş cəmiyyəti torpaqlarımız işğaldan azad edildikdən sonra qayıdış proqramına uyğun olaraq icmalarla işin qurulması, dövlət və vətəndaş cəmiyyəti arasında ələqələrin inkişafı, doğma torpaqlarına qayıdacaq məcburi köçkunlər üçün hazırlıq və maarifləndirmə proqramlarının həyata keçirilməsi, onların sosial və iqtisadi ehtiyaclarının öyrənilməsi, aktual problem olan mina məsələsi ilə bağlı əhalinin maarifləndirilməsi işində böyük fəallıq nümayiş etdirirlər. 

Bütün bunlar onu deməyə əsas verir ki, illərdir dövlətin vətəndaş cəmiyyəti sektoruna əvəzsiz dəstəyi və bu sahədə aparılan davamlı islahatlar artıq öz bəhrəsini verir və hər kəsi bu dəyərlər ətrafında birləşdirməyi bacarmışdır".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31