İranın Azərbaycana qarşı qısqanclıq zəminində apardığı siyasət düşmənçiliyə yol açıb
5 May 2023 12:20 Siyasətİran ərköyün uşaqlar kimi gündə bir ağıl edir. Gah Azərbaycanla təhdid dili ilə danışır, bizə diş qıcayır, hətta terror aktına əl atır, gah da mehriban qonşuluq münasibətlərindən dəm vuraraq Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Sanki heç nə olmamış kimi. Cənub qonşumuz özünü elə aparır ki, guya 30 ildən çoxdur Ermənistana hər cür dəstək verən bu yox, bir başqa dövlətdir. Yaxud əmmaməli qonşularımız elə danışırlar ki, guya Tehran Bakını özünə dost-qardaş bilir, mehriban qonşuluq münasibətlərini davam etdirmək niyyətindədir.
Ancaq təəssüflər olsun ki, əmmaməli qonşıularımızın dedikləri ilə əməlləri bir-birini tutmur. Elə siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir. O bildirib ki, 44-günlük müharibənin nəticələri və Azərbaycanın Ermənistan üzərində qazandığı parlaq qələbə, İranın bizə qarşı münasibətini dəyişdi: "Bu siyasətin dəyişməsinə səbəb olan amillər çoxdur. Bunlardan biri ciddi sanksiyalara məruz qalan İran hökumətinin uzun illər ərzində işğal altında olan torpaqlarımızdan bir çox ticarət və başqa məqsədlər üçün istifadə etməsidir".
Çingiz Şahbazi bildirib ki, bölgədə təsirini və gücünü artıran Türkiyə faktoru və Türkiyə-Azərbaycan münasibətlərində baş verən sıx yaxınlaşmalar, hətta hərbi sahədə və digər iqtisadi sahələrdə birgə konfederativ layihələrin həyata keçirilməsi, İranı narahat edən amillərdən hesab edilir:
"İranın qısqanclıq zəminində apardığı siyasət düşmənçiliyə yol açdı və əsassız ittihamlar səsləndirərək ölkəmizə qarşı sərhəddə hərbi təlimlər və təhdidlərə start verildi. Terrorçu qruplaşmalarından istifadə olunaraq qanlı terror hadisələri həyata keçirdilər. Bütün bunlara cavab olaraq Azərbaycan lazımi addımları atdı. Qardaş Türkiyə ilə birgə Şuşa Bəyannaməsinin qəbul edilməsi və İsraildə səfirliyimizin açılması kimi böyük hadisələr İranın məkirli siyasətinə tutarlı cavab hesab olunur".
Çingiz Şahbazi deyib ki, son günlərdə İranın siyasətində ölkəmizə qarşı yumşalma görürük: "Azərbaycanla terror ritorikası ilə danışan İran, indi dostluq və əbədi qardaşlıq, normal qonşuluq əlaqələrini qabardaraq mesajlar verir. Bundan əlavə Azərbaycana qarşı təxribat xarakterli mesajlar yayan "Hüseyniyyun" terror qruplaşması üzvlərini həbs edir və onlar haqqında məlumatlar verir. Bütun bunların hamısını nəzərə alaraq onları demək olar ki, İranın bu addımları ölkəsinin daxilində baş verənlərə və son iki il ərzində, Rusiyanın təsiri altına düşmüş SEPAH -ın fəaliyyəti nəticəsində xarici siyasətdə baş verən qüsurların aradan qaldırılmasına kömək göstərilməsini təmin etmək məqsədi daşıyır".
Ekspertin qənaətincə, İranın siyasi mətbəxində artıq anlayırlar ki, terror dili ilə yürüdülən siyasətin sonunda, Rusiyanın aqibəti gözlənilir:
"Xüsusilə də Azərbaycanın İrana qarşı apardığı siyasətə nəzər salsaq, heç vaxt ölkəmiz İrana qarşı qəbul edilən anti İran siyasətinə və sanksiyalara qoşulmayıb. Bütün bunların Iranın Azərbaycana qarşı apardığı siyasətində qeyd edilərək nəzərə alınması lazımdır".
Füzuli