Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini və irsini hələ uzun illər araşdıracağıq - ÖZƏL

"Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasətini təkcə müstəqil Azərbaycan dövründə deyil, eyni zamanda, SSRİ dövründə də uzun illər idarə etmişdir. Həmin illərdə təqribən 13-14 illik fəaliyyəti olmuşdur. Daha sonra isə müstəqil Azərbaycanın formalaşmasında Ümumilli Lider Heydər Əliyevin danılmaz və müstəsna xidmətləri olmuşdur".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Nəzərə almaq lazımdır ki, SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti daha da güclənməyə başladı və Ermənistan silahlı qüvvələri və terrorçu dəstələri ard-arda Azərbaycan şəhərlərini işğal etməyə başladılar. Xocalıda qətliam törətdilər, Azərbaycanın əhalisini öz doğma yurd-yuvalarından didərgin etdilər. Belə bir halda ölkə daxilində də vəziyyət elə də ürəkaçan deyildi. Qeyri-stabil vəziyyət idi və hakimiyyət daxilində demək olar ki, siyasi vəziyyət idarəolunmaz bir hala gəlmişdi. Bu vəziyyətdə əlbəttə ki, öıkənin idarə olunması və yaranmış xaotik vəziyyətdən ölkənin çıxarılması üçün savadlı, işi bacaran və təcrübəli bir şəxsiyyətə ehtiyac var idi ki, bu da əlbəttə ki, Heydər Əliyev idi. Onun dayanmadan yorulmaz fəaliyyəti və ağıllı diplomatiyası sayəsində Azərbaycan həm Ermənistanla 1994-cü ilin may ayında müvəqqəti atəşkəs müqaviləsi imzaladı, həm də elə 1994-cü ilin sentyabr ayında "Əsrin Müqaviləsi"-ni imzaladı və bununla da artıq Azərbaycan nefti və qazının dünya bazarlarına çıxarılması hədəfləndi və həyata keçirildi. Ondan sonra artıq Azərbaycanda dövlət quruculuğu sahəsində addımlar atıldı. Ordu quruculuğuna xüsusi diqqət ayrıldı, iqtisadi inkişaf formalaşdırılmağa, iqtisadiyyat yenidən qurulmağa başladı. Azərbaycan beynəlxalq aləmdə əlaqələrini genişləndirməyə, diplomatik münasibətlər formalaşdırmağa başladı. Bunlar hamısı Ümummilli Lider Heydər Əliyevin Azərbaycana və Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biridir. Bütün bunlar hər biri xüsusilə qeyd edilməlidir. Çünki Azərbaycanın elə bir zamanında hakimiyyətə gəldi ki, həmin zamanda ölkədə çox ağır bir durum var idi. Bu baxımdan mən hesab edirəm ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini və irsini hələ uzun illər araşdıracağıq. Çünki onun Azərbaycan xalqı üçün etdikləri bundan sonra da araşdırılmalı, tədqiq edilməli, öyrənilməli və tarix kitablarına salınmalıdır. Çünki bu fəaliyyət XX əsrin sonu, XXI əsrdə Azərbaycanın inkişafı üçün xüsusi dəstək oldu.
Bir də onu qeyd etmək lazımdır ki, bugünkü Azərbaycanın və Azərbaycan prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin təməl prinsiplərindən biri də Heydər Əliyevin bizə miras qoyub getdiyi Azərbaycan və müstəqil Azərbaycanın xarici siyasətidir ki, bu da bu gün təbii ki, dünyada özünə xüsusi yer tutmuşdur. Mən hesab edirəm ki, ölkə başçısı cənab İlham Əliyevin də Ümummilli Lider Heydər Əliyevin siyasi davamçısı olması həm də Azərbaycanın bir uğuru kimi dəyərləndirilə bilər. Amma artıq ölkə başçısı dünya liderləri arasında ən təcrübəli, bacarıqlı siyasətçilərdən biri kimi tanınır və düşünürəm ki, bu həm də Azərbaycanın ən böyük uğurlarından biridir".
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31