Ən böyük tarixi xidmətə atılan imza- HEYDƏR ƏLİYEV-100

Sirr deyil ki, milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Millət vəkili Kamilə Əliyeva qeyd edib ki,  ana dilimiz olan Azərbaycan dilinin bu günə gədər saf, təmiz şəkildə gəlib çıxmasında da ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan dilini sevən, ona böyük hörmətlə yanaşan ümummilli lider hər zaman ana dilinə münasibəti ilə hər kəsə örnək oldu: "Heydər Əliyev bütün həyatını öz xalqının rifahına, azad yaşamasına həsr etmişdir. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin edilənə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün sahələrdə axırıncı yerlərdə idi. 1970-1980-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin apardığı iqtisadi və siyasi islahatlar nəticəsində Azərbaycan bütün iqtisadi göstəricilərə və insanların yaşayış səviyyəsinə görə ön sıralara qalxdı. O zamandan Heydər Əliyev  Azərbaycan xalqının böyük sevgisini və rəğbətini qazanmışdır. Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik edən ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə layiqli dəyəri göstərdi. Keçən əsrin 70-ci illərin ortalarından başlayaraq SSRİ rəhbərliyi Respublikalarda milli dillərin sıxışdırılması üçün bütün təzyiq vasitələrindən istifadə edirdi. Belə bir şəraitdə Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və ən əsası milli ideologiya səviyyəsinə çatdırmaq böyük cəsarət tələb edirdi. Ulu Öndər 1978-ci ildə Azərbaycan xalqının qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı. "Azərbaycan SSR-nin dövlət dili- Azərbaycan dilidir" Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində gəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Ulu öndər  Heydər Əliyev ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün onları səfərbər olmağa çağırırdı. Ulu öndər Heydər Əliyev dilçi alimlərimizə böyük qayğı göstərər, ədiblərimizə ana dilində yazılan kitabların saylarının çoxaldırılmasını tövsiyə edirdi. Bütün bunlar Azərbaycan dilinin inkişafına və qorunub saxlanılmasına xidmət edirdi. Rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən Ulu Öndər Heydər Əliyev praktik olaraq ana dilinin mövqeyinin yüksəlməsinə təsir göstərib və başqalarına nümünə olub. Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti, dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub".

Onun sözlərinə görə, müstəqilliyə gedən yolda ana dilimizin nüfuzunun güclənməsi ulu öndər Heydər Əliyevin vaxtı ilə yürütdüyü siyasətin nəticəsi idi:"90-cı illərin əvvəllərində Azərbaycan xalqının ağır günlərində ulu öndər Heydər Əliyev yenidən öz xalqının xilaskarına çevrildi.Uca yaradan Azərbaycan dövlətini yıxılmaqdan, Azərbaycan xalqını məhv olmaqdan qorumaq üçün xalqımıza Heydər Əliyev kimi dahi bir şəxsiyyəti bəxş etmişdir. Ulu öndər Heydər Əliyev mənsub olduğu xalqa xidmət etmək missiyasına ömrünün sonuna kimi sadiq qaldı. Bu müqəddəs yolda Heydər Əliyev çox əziyyət çəkdi, hətta ölümlə üz-üzə qaldı, lakin heç vaxt öz amalından dönmədi. Çünki Heydər Əliyev öz xalqını çox sevirdi, hər bir azərbaycanlının xoşbəxt, firavan yaşamasını arzulayırdı. Ulu öndər Heydər Əliyev öz xalqının tarixini, mədəniyyətini, adət ənənələrini gözəl bilirdi və hər zaman bu kökdən gələn mirası qoruyub saxlamışdır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün  hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyə gəlməzdir. Heydər Əliyev bu gün ən yüksək bir zirvədə, əlçatmaz bir yüksəklikdə dayanmışdır. Millətimiz, xalqımız, doğma Azərbaycanımız nə qədər yaşayırsa, Heydər Əliyev də qəlbimizdə, ürəyimizdə yaşayacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31