Ermənistan yenə öz ampluasındadır - ÖZƏL
4 May 2023 12:52 Siyasət"Ermənistan yenə də öz ampluasındadır. Bu ölkə öz ənənəsinə sadiq qalaraq hər vəchlə müxtəlif bəhanələr gətirməklə Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınır. Ən son Vaşinqton görüşü də bunu deməyə əsas verir". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Ermənistanın xarici işlər naziri Azərbaycanla münasibətlərin normallaşmasına dair razılıq sənədinə fəaliyyətinə xitam verilmiş ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsinin də imza atması, eləcə də Qarabağ erməniləri və Azərbaycan hakimiyyəti arasında hüquq və təhlükəsizliklə bağlı danışıqlar kimi bəndlərin salınmasına israr etməsi Vaşinqton danışıqlarının da nəticəsiz başa çatacağına dair fikir formalaşdırıb:
"Göründüyü kimi, Ermənistan bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına əngəllər yaradır. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan sözdə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqları görüntüsü yaradır və müntəzəm olaraq bu kimi açıqlamalar verir, ancaq əməli addımlar atmağa gələndə prosesə mane olmağa başlayırlar".
Arzuman Muradlı deyib ki, Ermənistan Qarabağı işğal altında saxladığı 30 ilə yaxın müddətdə də sülh danışıqlarına bu cür mane olub və problemin diplomatik yolla həllini əngəlləyib:
"Təəssüflər olsun ki, nə onda, nə də indi beynəlxalq birlik, dünya dövlətləri Ermənistanın sülhə mane olmaq cəhdlərinə qarşı ciddi addım atmayıb onu sülhə məcbur etmir".