İlham Əliyevin Şuşadan verdiyi 3 mühüm mesaj
5 May 2023 09:46 Siyasətİkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təkcə regionda deyil, eyni zamanda beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizə olan maraq kontekstində özünü açıq şəkildə büruzə verir. İndi Avropadan tutmuş Asiyaya qədər bütöv bir coğrafiyada yerləşən ölkələr, eyni zamanda Amerika qitəsinin ayrı-ayrı dövlətləri Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Bunu isə şərtləndirən başlıca amil Azərbaycanın etubarlı tərəfdaş olması, verdiyi vədə, üzərinə götürdüyü öhdəliklərə qeyd-şərtsiz əməl etməsidir. Bir şərtlə ki, qarşı tərəf də öz mövqeyində, Azərbaycana qarşı münasibətində səmimi ola. Elə mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı və iştirakçıların suallarını cavablandıran zamanı dövlət başçısı İlham Əliyev də dolayı yolla bu nüanslara toxundu.
Azərbaycanın dövlət başçısının hər zamankı kimi bu dəfəki çıxışı da sülh və təhlükəsizlik, problemlərin diplomatik yolla həllinin vacibliyi üzərində qurulmuşdu. Dövlət başçısı birmənalı olaraq Azərbaycanın sülhdən yana olduğunu beynəlxalq konfrans vasitəsilə bir daha dünya ictimaiyyəti, eyni zamanda Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı:
"Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər.
Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Bəli, işğal dövründə Minsk qrupu Azərbaycanda çox populyar deyildi. İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar. Onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Onlar düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər. Düşünürdülər ki, biz öz ərazi bütövlüyümüzlə bağlı bir kompromisə gedəcəyik. Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər".
İlham Əliyev Ermənistanın hazırda da sülhə əngəl olduğunu vurğulayıb və İrəvanın sülh müqaviləsindən yayındığını söyləyib:
"Beləliklə, indi nə baş verə bilər. Eyni hadisə baş verə bilər. Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur".
Dövlət başçısının Şuşadan verdiyi ikinci mühüm mesaj Azərbaycan-Türkiyə dostluq, qardaşlığı, bu münasibətlərin hər ötən gün daha da dərinləşməsi ilə bağlı oldu. Azərbaycan Prezidenti açıq şəkildə dünyaya bəyan etdi ki, rəsmi Bakı bütün situasiyalarda Ankaranın yanında yer alacaq. Necə ki, eyni addımı da Ankara Bakıya qarşı atır: "mən tamamilə əminəm ki, hər iki ölkə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və s. sahələr olsun. Mən çox nikbinəm və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək".
Nəhayət, Azərbaycan liderinin Şuşadan verdiyi üçüncü mühüm mesaj regionda gərginlik yaratmaq, Ermənistana himayədarlıq etməklə yeni bir hərbi qarşıdurmaya yol açmaq istəyən tərəflərə, xüsusilə də İrana idi. Dövlət başçısı haqlı olaraq Tehranın siyasətini tənqid edərək bu ölkənin uzun illər, eləcə də İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrdə Ermənistana dəstək verdiyini, Azərbaycana qarşı təhdidlər, hədə-qorxular səsləndirdiyini, hətta ölkəmizə qarşı terrora əl atdığını diqqətə çatdırıb. Bütün bunlar azmış kimi Tehrandakı səfirliyimizə qarşı terror aktı həyata keçirilib, Bakıda Azərbaycan parlamentinin üzvünə qarşı atəş açılıb, onu öldürməyə cəhd ediblər. Prezident həmçinin onu da qeyd edib ki, İran Azərbaycan tərəfindən irəli sürülən tələblərə əməl etməlidir. Əks halda, bu ölkə ilə münasibətlərin normallaşmasından söhbət gedə bilməz:
"Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir. Proqnozlaşdırma çox mürəkkəbdir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik. İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik".
Beləliklə, göründüyü kimi Azərbaycan liderinin Şuşadan verdiyi mesajlar çox açıq və netdir. Ya bu mesajlardan nəticə çıxarılıb Azərbaycanın tələbləri yerinə yetirilməli, ya da qeyri-müəyyən vəziyyət davam etməlidir ki, bundan da ən çox ziyan çəkən məhz Tehran və İrəvan olacaq.
Süleyman