Azərbaycan dövlətinin ideoloji və təməl prinsiplərinin əsasını qoyan şəxsiyyət- HEYDƏR ƏLİYEV-100

Müasir Azərbaycanın hazırki səviyyəyə yüksəlməsində, eləcə də dünya ölkələri arasında layiqli yer tutmasında Ulu öndər Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünya miqyaslı dövlət xadimi və dahi siyasət korifeyi Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması nəticəsində ölkəmiz tərəqqi yoluna qədəm qoydu, suverenliyimiz əbədi və sarsılmaz xarakter aldı, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı, xalqın milli-mənəvi ruhu yüksəldi, Azərbaycanda ümumbəşəri dəyərlərə əsaslanan demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideya əsasları və strateji inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin liderlik keyfiyyətləri, fədakar və yorulmaz fəaliyyəti sayəsində ölkəmiz müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirdi. Müstəqil Azərbaycanın qurucusu kimi gördüyü misilsiz işlər Heydər Əliyevə çağdaş tariximizdə xalqımızın xilaskarı və müasir dövlətçiliyimizin banisi kimi əbədiyaşarlıq qazandırdı. Millət vəkili, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə qeyd edib ki, hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi ilk növbədə milli ideologiya ilə sıx şəkildə bağlıdır. Yəni milli ideologiya qlobal səciyyə daşımaqla hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir və cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə yanaşı, hərtərəfli tərəqqinin vacib amilidir: "Digər tərəfdən, hər bir insan üçün "Vətən" anlayışı onun daxili "mən"i ilə tamamlanan, düşüncə və hislərini, dünyagörüşünü, ictimai münasibətlər sistemində fərdi davranışını istiqamətləndirən başlıca amil kimi qiymətləndirilir. Bu reallıq getdikcə daha aydın dərk edilir ki, milli kimliyini dərk etməyən, milli özünüdərk hissindən uzaq düşən şəxs heç vaxt kamil insan və vətəndaş kimi formalaşa bilməz. Bütün bu gerçəkliklərin fonunda əminliklə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacib amildir". Millət vəkilinin sözlərinə görə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin ən üstün keyfiyyətlərindən biri zaman parametrləri ilə ölçülə bilməyən mükəmməl struktura malik olmasındadır: "Bu, keçid dövrü üçün hesablanmış, qarşısına məhdud vəzifələr qoymuş siyasi baxışlar sistemi deyil. Azərbaycançılıq bütöv bir millətin tarixi təcrübəsini, dəyərlər sistemini, müasir dünyanın reallıqlarına uyğunlaşdıran mükəmməl dövlətçilik konsepsiyasıdır. Ulu Öndər Heydər Əliyevin böyüklüyü də məhz belə bir ideoloji sistemi yarada bilməsindədir. Ulu Öndər məhz qeyri-müəyyənliklərlə zəngin keçid dövründə ən çətin situasiyalarda belə dayanıqlı özünüqoruma sisteminə malik milli dövlətin ideoloji dəyərlər sistemini yaratmağa müvəffəq olan nadir tarixi şəxsiyyətlərdəndir. Yüzillər bundan sonra belə yaşamağa qadir olan bu ideoloji sistem Azərbaycan xalqının əsrləri əhatə edən arzularının ifadəçisinə çevrilə bilib. Ötən əsrin əvvəllərində qısa müddət yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasının əsaslandığı ideyalar sistemi əslində daha dərin tarixi köklərə, daha böyük hədəflərə sahibdir. Heç şübhəsiz ki, azərbaycançılıq ideologiyasının cəlbediciliyini şərtləndirən əsas amillərdən biri tarixlə müasirliyin vəhdətini ifadə edən məfkurə kimi qavranılmasıdır. Bu mənada azərbaycançılıq müstəqil Azərbaycanda yeni nəslin üzərinə böyük vəzifələr qoyur. Əlbəttə ki, müstəqil bir dövlətin vətəndaşı kimi doğulmağın insana nə qədər əlavə üstünlüklər qazandırdığına dair onlarla arqument sadalamaq olar. Bu, müstəqil düşünməyi bacarmaq, öz milli dəyərləri, tarixi, ədəbiyyatı haqqında daha geniş məlumata, dünyada mənsub olduğu xalqın yeri, qlobal proseslərdə vətəndaşı olduğu dövlətin rolu barədə ətraflı təsəvvürlərə malik olmaq deməkdir. Bu, həm də milli qürur məsələsidir, çünki tarix çox az xalqa öz dövlətini qurmaq şansı tanıyıb. Lakin qeyd etdiyimiz kimi, bu, eyni zamanda, daha böyük hədəflər uğrunda yaşamaq məsuliyyəti doğurur. Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, çoxəsrlik tarixə malik adət-ənənələrinin, dünyanın ən qədim xalqları ilə müqayisə olunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi, ölkənin tairixi və müsir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm ideoloji hədəflərin reallaşdırılmasında gənclərin də rolu önəmlidir. Çünki onlar daha müstəqil və daha qlobal düşüncə tərzinə malik yeni nəslin təmsilçiləridirlər. Bu baxımdan, azərbaycançılıq ideologiyasının indi daha çox milli dövlətçilik konsepsiyasının təməl məfkurə sistemi kimi qiymətləndirilməsi daha doğrudur. Azərbaycan dövləti indi tamamilə fərqli bir inkişaf mərhələsindədir. Güclü orduya, dayanıqlı iqtisadiyyata, beynəlxalq münasibətlər sistemində layiq olduğu yerə sahib olan Azərbaycan Respublikasının gələcək inkişafının əsas məsuliyyəti müstəqil Azərbaycan vətəndaşları kimi gənclərin üzərinə daha çox düşür. Məhz onlar əldə olunmuş tarixi nailiyyətləri inkişaf etdirərək ölkənin yeni bir mərhələyə çıxarılmasında iştirakçı olmaq imkanı əldə edəcəklər. Ulu Öndərimizin dediyi "Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır" fikir hər bir azərbaycanlının həyat amalı olmalıdır. Çünki ilk növbədə milli mənəvi dəyərləri, azərbaycançılıq məfkurəsini öndə tutmaqla gələcək uğurlarımızı əldə edə bilərik".

Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri üzvü Hicran Hüseynova bildirib ki, Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət olması üçün real fundamentlər qoyulurdu: "Sovetlər dönəmində  Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olmuşdu. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl ölkəyə  çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. Xüsusilə o dövrdə "sovet ideologiyası" nın əsas  olduğu bir zamanda, Heydər Əliyev "milli ideologiyanın", "azərbaycançılığın" formalaşması istiqamətində iş aparırdı.  Bu isə  müstəqil dövlət qurmaq üçün mühüm amil idi. O, həmişə bir prinsipi əsas götürürdü: "Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın". Hələ sovet dövründə Azərbaycan tarixi, mədəni irsinin yaşadılması üçün tanınmış alimlərin, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, bəstəkar və incəsənət xadimlərinin ev muzeyləri yaradılır, abidələr qoyulur, məqbərələr tikilirdi". Onun bildirdiyinə görə, xalq haqlı olaraq Ümummilli lideri xilaskar adlandırmışdır: "1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan  xilas oldu. Ulu Öndər deyirdi: "Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin". Strateji məqsədlərə çatmaq üçün ölkəyə Ulu Öndərin uzaqgörənliyi lazım idi. Qısa bir zamanda, lakin çox mürəkkəb danışıqlar və görüşlər nəticəsində Azərbaycanın iqtisadi inkişafına və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı.  İqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Ulu Öndər dəfələrlə demişdi ki, "sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır". Ordu quruculuğu işləri daha da möhkəmləndirildi. Bu siyasəti daha da gücləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev elə bir Ordu yaratdı ki, 30 illik erməni işğalına  44 gündə  son qoydu".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31