Azərbaycanın bu günkü inkişafı ulu öndərin təməlini qoyduğu siyasətin nəticəsidir- HEYDƏR ƏLİYEV-100

Anadan olmasının 100 illiyi ərəfəsində bir daha ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərə nəzər yetirir, Onun hansı çətinliklər, yorulmaz fəaliyyət və həyata keçirdiyi düşünülmüş, praqmatik siyasət nəticəsində müstəqil Azərbaycan dövlətini inkişaf etdirdiyini görürük. Bütün bunlara görə mübaliğəsiz qəti şəkildə deyirik ki, bu günkü Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, regionda və qlobal miqyasda artan nüfuzu, dünyada özünəməxus yer tutması Heydər Əliyevin təməlini qoyduğu, müəyyənləşdirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

Elə "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı da bu qənaətdədir. Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini əsasən bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ, sovet Azərbaycanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycanda SSR-nin birinci katibi olduğu illər, ikinci mərhələ ümummilli liderin Moskvada, SSRİ Nazirlər Sovetində çalışdığı illər, üçüncü mərhələ Naxçıvan dövrü və nəhayət müstəqil Azərbaycana rəhbərlik etdiyi illər. Arzuman Muradlı qeyd edib ki, Heydər Əliyevin həyatının bütün dövrləri Azərbaycana xalqı və dövlətinə qulluq etmək baxımından zəngin, diqqət çəkən olub. Ancaq xüsusilə müstəqillik illərindən sonrakı dövr daha çox tədqiq olunmalı, öyrənilməli, gələcək nəsillərə çatdırılmalıdır: "Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi".

İctimai Birlik sədri deyib ki, 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos, Azərbaycanın parçalanması təhlükəsi hamı kimi Heydər Əliyevi də ciddi narahat edirdi: "Düzdür, Heydər Əliyevin heç də hakimiyyətə gəlmək, dövlət idarəetməsində mühüm yer tutmaq kimi bir fikri, niyyəti yox idi. Ancaq eyni zamanda ölkənin parçalanmaq təhlükəsi ümummilli lideri rahat buraxmırdı. Beləliklə, xalqın təkidli tələbi və Bakıdan Naxçıvana edilən davamlı zənglər, göndərilən nümayndə heyətləri nəhayət ki, Heydər Əliyevi Bakıya qayıtmağa məcbur etdi və ölkədə qardaş qırğınının getdiyi bir ərəfədə Bakıya qayıdan ümummilli lider qısa bir müddətdə Azərbaycanda sabitliyi bərpa etməyə nail oldu.  Məhz bu xidmətlərinə görə, 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".

Arzuman Muradlı qeyd edib ki, 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi: "Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar olundu".

Arzuman Muradlı deyib ki, Heydər Əliyev ölkədə siyasi sabitliyi bərqərar etməklə yanaşı, Azərbaycanın iqtisadi sahədə də inkişaf etdirilməsi istiqamətində də çalışır, ən ümdə olan xarici sərmayədarların Azərbaycana cəlb edilməsinə cəhd göstərirdi.  Artıq siyasi cəhətdən sabit olan Azərbaycana xarici investorlar da maraq göstərirdi. Məhz 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması və xarici investorların bu müqavilədə yer alması ümummilli liderin gərgin əməyinin nəticəsi idi. İctimai Birlik sədrinin sözlərinə görə, iqtisadi müstəqillik və "Əsrin müqaviləsi". Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr oldu: "1994-cü ilin 20 sentyabr tarixində "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmış "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil oldu. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Müqavilənin gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür". Arzuman Muradlı deyir ki, Heydər Əliyev neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü: "Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi"

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31