Putinin Azərbaycana səfəri Ermənistani niyə narahat edib? - GÜNDƏM

Bu səfər onu göstərdi ki, rəsmi Moskva İlham Əliyevi dəstəkləyir

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirilməklə yanaşı beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olub. Xüsusən, Azərbaycanla qonşu ölkələr sözügedən səfərin siyasi əhəmiyyəti və gələcək prespektivləri barədə maraqlı fikirlər səsləndiriblər. Bəs, gerçəklikdə necə, Rusiya prezidentinin Azərbaycana səfəri iki dövlət arasında əlaqələrin daha da genişlənməsi istiqamətində hansı prespektivləri açır? Əvvala onu qeyd edək ki, istər siyasi analitiklər, istərsə də dövlət xadimləri bu səfəri iki dövlət arasında əlaqələrin genişlənməsi baxımından yüksək qiymətləndirirlər. Dünyanın nüfuzlu dövlətlərindən hesab edilən Rusiya kimi ölkənin prezidentinin Azərbaycana səfəri, səfər çərçivəsində siyasi, iqtisadi, mədəni, humanitar və ən nəhayət hərbi sahədə danışıqların aparılması təsadüfi hal kimi qəbul edilə bilməz. Ən azı səfər zamanı çoxşaxəli müzakirələrin aparılması Rusiyanın müstəqil Azərbaycanı nüfuzlu dövlət kimi qəbul etməsinin bariz nümunəsi hesab edilməlidir. Elə bu səbəbdən Rusiya Azərbaycanla bərabərsəviyyəli danışıqlara üstünlük verir. Azərbaycana gələn Rusiya nümayəndə heyətinin tərkibi, müzakirəsi aparılan məsələlərin qloballığı ölkəmizə verilən dəyərin bariz göstəricisi kimi qəbul edilməlidir. Rusiya prezidentinin ölkəmizə səfəri zamanı "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Neftyanaya kompaniya "Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı","Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş", "Rusiya-Azərbaycan dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Saziş", "2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı" kimi mühüm sənədlərin imzalanması bu ölkənin Azərbaycana göstərdiyi münasibətin nəticəsidir. Qeyd edək ki, Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlıq da arzuolunan səviyyədədir. Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollar təşkil edir. O, bu əməkdaşlığın aktiv şəkildə davam edəcəyinə əminliyini ifadə edib: "Azərbaycan artıq dünyada haqlı olaraq ən yaxşılardan sayılan Rusiya texnikasının alıcısı olan aparıcı ölkələr sırasındadır". Onu da bildirək ki, Rusiya kimi dünyanın aparıcı dövlətinin Azərbaycanı bu səviyyədə qəbul etməsi təsadüfi məsələ deyil. Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin təntənəsidir ki, ölkəmiz dünya dövlətləri tərəfindən qəbul edilməkdədir. Rusiya kimi hegemon dövlətin başçısının prezident seçkiləri öncəsi Azərbaycana səfər etməsi, səfər çərçivəsində qlobal mahiyyətli sənədlərin imzalanması Azərbaycanın dünyada artan nüfuzunu təsdiqləyir. Məhz Rusiya prezidentinin Azərbaycana təmtəraqlı səfəri, imzalanan sənədlərin hər iki dövlət üçün əhəmiyyətli olması bir sıra xarici dövlətlərin, o cümlədən Ermənistanın qıcığına səbəb olub. Xüsusilə, dövlət başçıları arasında Dağlıq Qarabağ problemininin həlli yolları barədə aparılan danışıqlar Ermənistanı əndişələndirib. Mənfur qonşumuzun "kürkünə birə düşüb" ki, niyə Rusiya onları deyil, məhz Azərbaycanı dəyərləndirir? Əslində Ermənistanın bu səfərdən əndişələnməsi üçüm kifayət qədər əsası var. Nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanın strateji müttəfiqi olmasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi hərbi qurumda birgə təmsil olunmasına baxmayaraq Putun Ermənistana deyil, məhz Azərbaycana səfər edir. Bu isə onu göstərir ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq Rusiya Azərbaycanı özünə daha yaxın müttəfiq hesab edir. Bunun nəticəsi olaraq Rusiya Ermənistana göstərdiyi siyasi-hərbi dəstəyi azalda bilər. Digər təfrəfdən, Putinin bu addımı göstərdi ki, rəsmi Moskva İlham Əliyevi, onun həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. Onu da qeyd edək ki, Rusiya Azərbaycanla təkcə hərbi-siyasi, sosial-iqtisadi deyil, hətta humanitar sahədə əməkdaşlıqda maraqlıdır. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçıları Bakıda keçiriləcək 3-cü Beynəlxalq Humanitar Foruma hazırlıq məsələlərini də müzakirə ediblər. Bu isə o deməkdir ki, ki ölkə arasında bütün sahələrdə əlaqələr mövcuddur və həmin əlaqələr getdikcə inkişaf edir. Maraqlı maqam ondan ibarətdir ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə hər iki tərəf səy göstərir. Çünki Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf etməsi bütövlükdə hər iki dövlətin və hər iki xalqın mənafeyinə uyğundur. Aparılan danışıqlar, imzalanan sənədlər, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi isə gələcəkdə iki dövlət arasında iqtisadi, siyasi və digər sahədə münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün etibarlı hüquqi baza yardır. Səfərin sonunda hər iki dövlət başçılarının bəyənatlarında məhz bu tendensiya özünü açıq-aşkar büruzə verdi.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00