Çin Azərbaycana qarşı olan münasibətə yenidən baxılması üçün Irana təzyiq edib? - ÖZƏL
3 May 2023 11:54 Siyasət"İran dövləti siyasi baxımdan dini dövlət olsa da, onun dövlət strukturları monolit deyil. Müxtəlif dairələrə xidmət edirlər. Burda daxili qüvvələr olduğu kimi xarici ölkələrin də maraq dairələrinə xidmət edən qüvvələr də güclü mövqeyə malikdirlər".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycanla son iki ildə açıq şəkildə düşmənçilik müstəvisinə keçən münasibətlərin kökündə də həm ölkə daxili, həm də ölkə xarici dairələrin maraqları dayanır:
"İranda Azərbaycanı təhlükə gözündə görənlər də var, dost görənlər də. Hər halda İrandan verilən bəyanatlar bunu deməyə əsas verir".
Politoloq deyib ki, son aylar müşahidə olunan yumşalma və əlaqələrin yenidən bərpası istiqamətində verilən bəyanat və atılan addımlar onu deməyə əsas verir ki, İranda artıq dövlət səviyyəsində ətraf ölkələrə qarşı münasibət qəti formalaşıb və bu, müsbət istiqamətdə qonşularla yeni münasibətlər qurmaq istiqamətindədir:
"Bu, İran və Səudiyyə Ərəbistanı ilə münasibətlərin də normallaşmasında özünü göstərir. Bu münasibətlər isə Çinin vasitəçiliyi ilə baş tutub. Görünən odur ki, elə Çin də Azərbaycana qarşı olan münasibətə yenidən baxılması üçün Irana təzyiq edib. Çünki Çinin bütün Qərbə gedən yollarının əksəriyyəti Azərbaycandan keçir".