Ulu Öndər yarımçıq qalan bütün ideyaları reallığa çevirirdi - ÖZƏL
3 May 2023 10:44 Siyasət"Ulu Öndər, vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı başlanan və yarımçıq qalan ideyaları bir-birinin ardıca reallığa çevirirdi. Tarixi varislik prinsiplərini əsas götürməklə, bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandırdı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "Nümunələr saysızdır. Ordu quruculuğu, Azərbaycan dili, iqtisadiyyatda, diplomatiyada, insan hüquq və azadlıqlarının qorunmasında, dövlət atributlarının təbliğ olunmasında biz bu varisliyi görə bilərik. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu. Bu yolda heç bir çətinlikdən qorxub çəkinmədi. Bunu kim edə bilər: Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan lider! O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimidir. O deyirdi ki, "Mənim əsas silahım Sözdür". Bu silah sayəsində Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Heydər Əliyevin sülh məramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır".