“Artıq ABŞ-ı məsxərəyə qoyub gülürlər” - AÇIQLAMA
Vəfa Quluzadə: “Amerikanın uğursuzluqlarının arxasında prezident Barak Obama dayanır”
14 Avqust 2013 16:08 Siyasət"ABŞ və Rusiya arasında dərin ziddiyyətlər hökm sürür. Vaxtilə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) xidmət etmiş Eduard Snoudenin Rusiyaya sığınması Vaşinqtonun Kremllə əlaqələrə zərbə vurmasına bəhanə oldu. Putin də ABŞ-dakı demokratik institutları, daxildəki Amerika tərəfindən maliyyələşdirilən təşkilatları sıxışdırdı. RF başçısı hakimiyyətini gücləndirmək üçün ölkədə repressiyalara əl atdı. Gizli qalan digər məsələlər var ki, onlar mediada işıqlandırılmır". Politoloq Vəfa Quluzadə "OLAYLAR"a açıqlamasında belə deyib. V.Quluzadə hesab edir ki, Putin ABŞ-la nüvə silahlarının ixtisarı sahəsində əməkdaşlığa getmir. Bütün bu məsələlərin hamısı ABŞ-Rusiya əlaqələrinin qırılma nöqtəsinə gətirdi. Rusiya ABŞ-la müqayisədə geosiyasi oyunlarda məğlub olmuş tərəfdir. Amma bu uduzmuş ölkə hələ ki, müqavimət göstərməyə qadirdi: "Barak Obama hesab etməsin ki, Putin ABŞ-a maraqlı olan sahələrdə müqavimət etməyəcək. Rusiya gücü çatan qədər Amerikaya qarşı gəlməyə çalışacaq. Amma Obamanın da xarici siyasəti də o qədər uğurlu olmayıb. Məsələn, Suriya problemi hələ də açıq qalır, ölkədə qanlı müharibə davam edir. Rusiya Bəşər Əsədi dəstəkləyir və köməklik göstərir. NATO və ABŞ artıq Suriya məsələsinə qarışmır. Vaxtilə keçmiş Yuqoslaviyada ABŞ və NATO istədiyini elədi. Liviya da istədiyi nəticəni əldə etdi. Obama isə bir Suriya məsələsini həll edə bilmir, Bəşər Əsəd tamamilə özbaşına buraxılıb. Suriya nümunəsində olduğu kimi Misirdə də Ağ Evin yürütdüyü siyasət tamamilə iflasa uğrayıb. Misirdə demokratik yolla hakimiyyətə gələn Müsəlman Qardaşlarının lideri Məhəmməd Mursini Amerikayönlü qüvvələr hakimiyyətədən uzaqlaşdırdılar. Misir artıq vətəndaş müharibəsinin astanasında dayanıb. Ölkədə stabillik pozulub və anarxiya hökm sürür. Müsəlman Qardaşları hələ də Mursinin azad olunması üçün müvəqqəti hökumətə müqavimət göstərir. Misirdə Amerikanı məsxərəyə qoyurlar. ABŞ-ın nüfuzu Misir və bütün Ərədb dünyasında sıfıra düşdü. Türkiyədəki "Taksim əməliyyatları" ABŞ-ın uğursuz manevrlərindən biri idi. Buna görə ABŞ dünya birliyi tərəfindən sərt şəkildə ifşa olundu. Amerikanın uğursuzluqlarının arxasında prezident Barak Obama dayanır". ("OLAYLAR" İA)