Ermənistan Vaşinqton razılaşmasına əməl edəcək? - ÖZƏL

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə bir araya gəlməsi müsbət haldır və tərəflər arasında sülh müqaviləsinin imzalanmasına olan ümidləri artırır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, ancaq Ermənistanın Vaşinqton görüşündə əldə edilən ümumi razılaşmalara əməl edəcəyi, prosesə maneə yaratmayacağı şübhə doğurur: "Çünki Ermənistan hər zaman bu və ya digər formatda keçirilən görüşlərdən dərhal sonra təxribatlar törədərək prosesi yenidən sıfır vəziyyətinə aparıb. Ermənistanın bu pozuculuq əməlləri istər Qarabağın 30 ilə yaxın işğalda qaldığı illərdə, istərsə də İkinci Qarabağ müharibəsinin başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanatın imzalanmasından sonrakı 3 ilə yaxın müddət ərzində baş tutan görüşlərdən sonra təkrar olunub. Ona görə də Ermənistan tərəfinin indiyə qədər üzərinə götürdüyü heç bir öhdəliyə əməl etmədiyi kimi, Vaşinqton görüşündə əldə olunan ümumi razılaşmalara da sadiq qalmayacaq".

Arzuman Muradlı hesab edir ki, ən azı kənar təsirlər, regionda marağı olan Rusiya, Fransa və İran Ermənistanı yenidən pozuculuq əməlləri və təxribatlara sürükləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31