Heydər Əliyevin vaxtilə işləyib hazırladığı və tutduğu düzgün siyasi kursun bəhrəsini görürük
2 May 2023 12:53 SiyasətMay ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov deyir ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Onun sözlərinə görə, XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni və çoxşaxəli fəaliyyət dövrü başlandı:
"1969-cu ildə Ulu Öndər Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla Azərbaycanın tarixində böyük dönüş yarandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin tarixi əhəmiyyəti ondan ibarət idi ki, həmin dövrdə xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Ötən əsrin 70-ci illərindən etibarən görülən işlər Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni yüksəliş mərhələsinə daxil olması demək idi. Həmin vaxtdan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Bunun nəticəsi idi ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunanda, Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi".
Hakim partiya rəsmisi deyib ki, 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndərin sayəsində Azərbaycan qurtuluş mərhələsinə qədəm qoydu: "Çünki nə qədər ağır problemləri olsa da, Azərbaycan xalqının başında qüdrətli bir siyasətçi dururdu. Ümummilli Liderin xalqımız, tariximiz qarşısında ən böyük xidməti məkrli düşmənin torpaqlarımıza yiyələnmək istədiyi, ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu şəraitdə Ulu Öndərin Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi parçalanma təhlükəsindən qurtarması idi. Bununla yanaşı, Azərbaycan dövlətçiliyi Prezident Heydər Əliyevin qətiyyəti ilə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı".
Zamir Hüseynov deyib ki, mummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mühüm tarixi xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması idi6 "1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edilməsi və Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsindən sonrakı proseslər göstərdi ki, YAP-ın yaranması tarixi zərurət idi. Yeni Azərbaycan Partiyası həmin dövrdə Azərbaycanı düçar olduğu xaos və anarxiyadan xilas etmək, ölkədə sabitlik və inkişafın yaradılmasını təmin etmək üçün xalqımızı milli maraqlar ətrafında birləşdirməyi bacardı. Partiya xilaskar bir missiya üçün yarandı və sonrakı dövrdə Azərbaycanı inkişaf yoluna çıxararaq parlaq gələcəyə apardı. YAP-ın yaradılması, eyni zamanda müstəqil Azərbaycanın siyasi sisteminin əsasının qoyulması demək idi".
Hakim partiya rəsmisi deyir ki, hazırda Ulu Öndərin vaxtilə işləyib hazırladığı və tutduğu düzgün siyasi kursun bəhrəsini görürük: "Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi nüfuz qazanıb. Ölkədə mövcud olan sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir".
Süleyman