Amerikanın Cənubi Qafqaz regionunda sülh yaranması prosesində maraqlıdır - ÖZƏL
2 May 2023 11:55 Siyasət"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü Amerikanın Cənubi Qafqaz regionunda sülh yaranması prosesində maraqlı olduğunu göstərir. Görüşün keçirilməsi müddətinin bir neçə gün olacağı barədə verilən açıqlamalardan belə nəticəyə gəlmək olar ki, Amerika və hər iki tərəf ciddi nəticə alınana kimi tərəflərin mövqelərində olan uyğunsuzluqlar barədə yaranan sualları həll etmək fikrindədirlər".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, məntiq onu deyir ki, tərəflər bir neçə günlük müzakirələrdən sonra sülh müqaviləsinin şərtləri barədə ciddi ortaq nəticə ilə çıxış edəcək, hətta niyyət protokolu belə imzalana bilər: "Amma nəticəyə gəlmək mümkün olmayacağı durum isə regionda hələ uzun müddət sülh olmayacağı anlamına gələcək. Hesab edirəm ki, Amerika bu görüşdən nəticə almaq fürsətini əldən verməyəcək. Bu, Rusiyanın daha da aktiv şəkildə regionda güclənməsinə səbəb olacaq. Bu baxımdan, dövlət başçılarının yaxın müddətdə sülh müqaviləsi imzalanması yolunda Amerika görüşlərinin həlledici olacağı şübhəsizdir. Bu görüş proseslərin sonrakı gedişatını müəyyən edəcək".