Məktub yetişmədi

Rüstəm İbrahimbəyovun müraciəti Kremlə çatmayıb

Nə Eldar Namazov, nə də ki, Əli Kərimli prezident olmaq üçün mübarizə aparmırlar

AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində yazır: "Milli Şuranın növbəti sessiyasına təkliflərimi dəqiqləşdirdim: Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyova sona qədər dəstək verilsin. Rüstəm bəyin Rusiya vətəndaşlığı ilə bağlı probleminin həllinin gecikməsi ehtimalını və onun özünün Milli Şuraya məktub göndərib, digər iddialıların da prezidentliyə namizəd olmalarına etiraz etmədiyini nəzərə alaraq, Milli Şura daha bir vahid namizəd müəyyənləşdirməlidir". Çox güman ki, Əli Kərimli ehtiyat namizəd deyəndə əzəli rəqibi, Müsavat başqanı İsa Qəmbəri nəzərdə tutmur. AXCP sədri ehtiyat namizədin seçilməsinin mümkünlüyünü istəyirdisə, İsa Qəmbər hələ namizədliyini bir neçə ay bundan qabaq irəli sürmüşdü. Kərimliyə həqiqətən də ehtiyat namizəd lazım olsaydı, Milli Şuranın Təşəbbüs Qrupunun keçirilən sessiyasında başqanın namizədliyini dəstəkləyərdi. Əli Kərimlinin iki ehtiyat namizədi var, biri özü, digəri isə "EL" Hərəkatının sədri Eldar Namazovdur. Çox güman ki, ALP, KXCP və Müsavat kimi partiyalar Əli Kərimlinin namizədliyinə dəstək verməyəcəklər. İş Eldar Namazovun üzərinə gəlincə, Müsavat xaricində Milli Şuranı təşkil edən digər siyasi qurumların politoloqa üstünlük verəcəyi daha inandırıcıdır. Digər tərəfdən Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması mümkünsüzdür. Demək ki, Milli Şura bundan sonra ehtiyat namizəd yox, məhz seçkilərə kiminlə gedəcəyi barəsində fikirləşəcək. O şəxsi isə İsa Qəmbər yox, Eldar Namazov olacaq. Namazovun namizəd kimi seçkilərdə iştirak etməsindən sonra Milli Şuraya kənardan daxil olan qüvvələrin planları tamamilə həyata keçəcək. Həmin qüvvələrə də rəhbərliyi məhz E.Namazovun özü edir. Bu isə o deməkdir ki, bu dəfə "İbrahimbəyov kartı" müxalifətin payızda keçiriləcək seçkilərdə uğursuzluğunun əsas səbəbi olacaq.   

***

Milli Şuranın növbəti brifinqində ACP, ALP və "EL" Hərəkatı və AXCP Müsavata qarşı çıxdılar, Milli Şura mitinq təyin etməklə vəziyyətdən çıxmağa cəhd etdi. Təxminən 5 saat davam edən qapalı iclasdan sonra Milli Şurasının vahid namizədlə bağlı qərarı dəyişməz olaraq qaldı. Qurum sona qədər Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyəcəyini bir daha təsdiqlədi. Bu isə o deməkdir ki, Milli Şura yenə də ehtiyat namizəd məsələsini həll edə bilmədi. MŞ üzvlərinin bir daha vahid namizəd kimi Rüstəm İbrahimbəyovun üzərində qalması bir sıra məsələlərə aydınlıq gətirdi. R.İbrahimbəyov isə Tbilisidə İsa Qəmbərlə keçirdiyi təkbətək görüşündə Müsavat başqanını ehtiyat namizəd kimi dəstəkləyəcəyinə söz vermişdi. Bir müddət əvvəl də rejissor Şura üzvlərinə ehtiyat namizəd barəsində düşünməyi təklif etmişdi. MŞ sədrinin təklifləri isə ələlxüsus da Əli Kərimli və Eldar Namazov tərəfindən nəzərə alınmır. Demək ki, ortada olan əsas məqsəd R.İbrahimbəyovun namizədliyinin MSK tərəfindən qeydə alınması yox, məhz İsa Qəmbərin namizədliyinə əngəl olmaqdır. Nə Eldar Namazov, nə də ki, Əli Kərimli prezident olmaq üçün mübarizə aparmırlar. İsa Qəmbərə isə mane olurlar. Görəsən AXCP sədri və politoloq bununla nə demək istəyirlər?!

***

Brifinqdə iştirak edən Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov Rüstəm İbrahimbəyovun vətəndaşlığı ilə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət edilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Onun sözlərinə görə, şuranın Tbilisi görüşündə belə bir müraciətin olunması ilə bağlı qərar qəbul olunub: "Amma hansı yollasa bu, sosial şəbəkələrdə yayıldı və biz bundan imtina etdik. Hazırda belə bir məsələ müzakirə mövzusu deyil və bu müraciət layihəsi də heç müzakirə predmeti olmadı". Müxalifətin rahatlıqla məsələdə Rusiya Prezidenti Vladimir Putinin adını hallandırması gülməli lətifəyə oxşayır. Çünki Rusiya kimi hegemon dövlət başçısı Azərbaycan müxalifətinin cılız məsələlərinə baş yormayacaq. Çox güman ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsi barədə Putinə ünvanladığı müraciət hələ də Kremlə çatmayıb. Çatıbsa da şikayət məktublarının ən alt qatında qalıb və prezidentin onu oxumağa hələlik vaxtı yoxdur. Hamı bilir ki, 200 illik imperiya tarixi olan Rusiya daha ciddi məsələlərin arxasındadır.                                      

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00